Amnesty International: “Azərbaycan üçün mənfur yenilik”

Bazar ertəsi Tbilisidən yoxa çıxmış və sonradan Bakıda peyda olmuş azərbaycanlı jurnalist işgəncə riski ilə üz-üzədir, Amnesty International təşkilatı bəyan edib.

Mayın 29-da axşam çağı yoxa çıxması haqda xanımı polisə məlumat verən Əfqan Muxtarlı hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin Bakıdakı qərargahında saxlanılır. Muxtarlı və onun xanımı 2015-ci ildə Azərbacyan prezidenti İlham Əliyevin mümkün korrupsiya əməllərinə dair araşdırma apararkən təhlükəsizliklə yaranan qorxularla əlaqədar Gürcüstana getmişdilər.

Belə görünür ki, Gürcüstan rəsmilərinin də Əfqan Muxtarlının oğurlanmasında və Azərbaycana zorla qaytarılmasında əli olub.

“Bu, onsuz da jurnalistlərə və insan haqları müdafiəçilərinə basqılarına görə tanınan Azərbaycan üçün mənfur bir yenilikdir,” deyə Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə kampaniya koordinatoru Levan Asatiani bildirib. “Əfqan Muxtarlı dərhal azad edilməli və işgəncədən qorunmalıdır. O, sadəcə jurnalist fəaliyyətinə görə həbs olunmuş vicdan məhbusudur.”

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1(Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir. Muxtralı şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin binasında jurnalistlə görüşündən sonra vəkil Elçin Sadıqov jurnalistlərə bildirib.

“Muxtarlı ifadəsində bildirdi ki, dünən (mayın 29-da) saat 18 radələrində Tbilisi şəhərində yaşadığı evinin yaxınlığında zorla “Opel” markalı avtomobilə mindirilib. Mindirildikdən sonra əlləri arxadan bağlanılıb, onu döyüblər. Hazırda burnunda çapıq, sağ gözündə, alnının ortasında və sol gicgah nahiyəsində qançır izləri var. Düşünür ki, sol tərəfdən qabırğasını qırıblar. Tbilisidən çıxandan sonra başına torba keçiriblər. Bildirib ki, ürəyi ağrıyır, nəfəs ala bilmir. Maykasını başına dolayıb skoçlayıblar (yapışqanlı kağız-red). Onu avtomobillə iki saatdan çox vaxtda çöllüyə gətiriblər və sonra avtomobili dəyişiblər. Axrıncı avtomobili idarə edənlər Azərbaycan dilində danışıblar. Onu avtomobildən düşürüblər və o, gözünü açanda özünü Azərbaycanın sərhəd zastavasında görüb.

Cibinə 10 000 avro pul qoyulub. Əfqan Muxtarlı bildirib ki, o, pulu heç zaman görməyib. Bununla bağlı ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırdım. Tibbi ekspertiza və sərhəd zastavasının ətrafını çəkən video kameraların lent yazısını tələb etdim. Hazırda şübhəli şəxs qismində tutulub və həbs qətimkan tədbirinə sabah baxılacaq,” vəkil qeyd edib.

O, jurnalistlərin suallarına cavabında deyib ki, Əfqan Muxtarlı onu saxlayan şəxslərin daha çox dövlət orqanlarının işçilərinə bənzədiyini bildirib.

“Belə görünür ki, Gürcüstan rəsmilərinin Əfqan Muxtarlının oğurlanmasında və Azərbaycana zorla qaytarılmasında da əli olub. Onun ailəsi Amnesty Internationala bildirib ki, uzun müddət idi ki, Muxtarlı Tbilisi küçələrində tez-tez azərbaycanca danışan adamlar tərəfindən izlənilirdi. Gürcüstan hökuməti dərhal və qərəzsiz şəkildə baş verənləri araşdırmalı və bu dəhşətli əməliyyata cavabdeh olanları məsuliyyətə cəlb etməlidir,” deyə hazırda Tbilisidə qərargahlanan Asatiani bildirib.