İşğaldan azad edilmiş işğal zonası

Azərbaycan hökuməti Dağlıq Qarabağın ərazisini «işğaldan azad edilmiş ərazi » sayır və rəsmən də belə təqdim edir. O cümlədən beynəlxalq sayıla biləcək sənədlərdə də belə qeyd edir. Bu məsələ Xarici İşlər Nazirliyinin son bəyanatlarının birində belə də qeyd edilib : “Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib”. (Vitali Mironov Rusiyada hakim partiya olan Vahid Rusiya partiyasının üzvüdür).

Bəzi leksik yanlışları qeyd etmək istəyirəm :

– « müvafiq » sözü istər yazılışda, istərsə də deyilişdə çətinliklə təsvir və ifadə edilir. Bu sözü nəhayət, «uyğun » kəlməsi ilə əvəz etmək lazımdır, o cümlədən rəsmi mətnlərdə ;

– «qeyri- qanuni » sözünə də eyni cür yanaşmaq lazımdır. Bu sözün « qanunsuz » şəkli daha aydındır və daha bimənalıdır.

Birmənalı olmayan bəzi başqa məsələlər var, onlar Dağlıq Qarabağın durumu («status» demirəm, çünki bu, «müzəffərin » təbirinə caiz deyil. («Təbirinə caiz deyil » ifadəsini də mənə irad tutmaq imkanı yaratmaq üçün işlədirəm)), qərəz, Dağlıq Qarabağın durumu 9 gecəyarısı noyabr bəyanatı ilə dəqiqləşdirilib, ondan sonra inzibati- hərbi və ya inzibati- mülki xəritəni dəyişən nəsnələr olmayıb. Həmin bəyanatda bildirilir ki, (1) «Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra sonra 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayanırlar».

Dağlıq Qarabağın ərazi aidiyyəti üzrə başqa heç bir müddəa və ya eyham yoxdur.

Bu bəyanatı bizim mənbərlərdə « Birgə bəyanat » adlandırırlar, amma onun gerçək və rəsmi adı «Dağlıq Qarabağ atəşkəs bəyanatı”dır. İnternet resurslarında da “Azərbaycan Prezidenti İlham Əliyev,  Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli atəşkəs bəyanatı” kimi təqdim edilir.

Diqqəti çəkmək istədiyim “Atəşkəs bəyanatı” sözüdür. Yəni, bu, sülh müqaviləsi deyil. Atəşkəs bəyanatı yeni hərbi situasiya yaradır, amma yeni siyasi situasiya yaratmır. Yəni, hərbi mövqelər dəyişib, amma problemin siyasi mahiyyətini dəqiqləşdirən yeni detallar yoxdur. Bu baxımdan bizim Dağlıq Qarabağı “işğaldan azad edilmiş” ərazi saymağımız, ermənilərin bununla razılaşmaması, öz bildikləri kimi davranmaq imkanlarını və səlahiyyətlərini saxlaması məsələnin problemli, yəni mübahisəli olaraq qaldığını göstərir.

Biz hesab edirdik və əvvəldən də hesab edirdik ki, həmişə də hesab edəcəyik ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, amma əraziyə faktiki nəzarət edən erməni inzibati – hərbi hakimiyyəti hesab edir ki, bu belə deyil.

Demək situasiyanı dəyişmək lazımdır. “İşğaldan azad edilmiş” ərazidirsə, o zaman həmin ərazilərlə də işğaldan azad edilmiş ərazilər kimi davranmaq lazımdır. Məsələn, Kəlbəcərdə Azərcellin anten “buruq”larını qurub uçurduğumuz kimi, Füzuliyə, Qubadlıya və o biri rayonlara əslən o yerlərdən olanları rüşvət alıb buraxdığımız kimi, prezidentin rəsmi nümayəndəliklərini təyin etdiyimiz kimi,.. həmin ərazilərdə də eyni işləri görməliyik. Görə bilmiriksə, demək “xiyar hələ də əyri bitir”. Demək, atəşkəs bəyanatını sülh müqaviləsi ilə əvəz etmək lazımdır. Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa güdükçü qoyub aralıdan baxması və qiymətləndirməsi səlahiyyətsiz söhbətdir. Uzaqbaşı bu Nazirliyin tərtib etdiyi “arzuolunmaz adamlar” siyahısı böyüyəcək. Zatən, Dağlıq Qarabağa Ermənistan üzərindən gedən adamlar özləri üçün qəti qərar verirlər ki, bundan sonra Bakıya gəlməyəcəklər, ondan sonra oraya gedirlər.

Sülh müqaviləsi olmalıdır. Mən bilmirəm, amma bu o demək deyil ki, belə bir çalışma yoxdur – kimsə bilirmi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün hər hansı proses gedirmi? Belə danışıqlar varmı? Qoy, lap Rusiyanın vasitəçiliyi ilə olsun, ya da başqalarının…

Belə bir proses yoxdur yoxdur. Amma olmalıdır. Haqqında rəsmən xəbərlərin yayıldığı proses kommunikasiyaların açılmasıdır. Kommunikasiyaların açılması Ermənistan üçün həyati vacib məsələdir. Azərbaycan hökuməti Laçın koridorundan istifadə məsələləri ilə bağlı Ermənistan hökumətinə (həm də Rusiya hökumətinə) qarşı hansısa şərt irəli sürürmü bu kommunikasiyaların əvəzinə? Yəni, təxminən bu şəkildə “Azərbaycan Laçın koridorunu da öz ərazisi üzərindən keçən regional kommunikasiya xətlərindən biri sayır, buna görə də Ermənistanın həmin koridordan qanunsuz istifadəsi başqa kommunikasiya layihələri barədə danışıqları mənasızlaşdırır”.

Belə yanaşma da yoxdur. Bu azmış kimi artıq üçtərəfli hökumət komissiyası kommunikasiyalarla bağlı prosesin işçi qrafikini, texniki detallarını dəqiqləşdirirlər.

Azərbaycan Dağlıq Qarabağa gedən xarici ölkə rəsmilərinə, o cümlədən Ermənistan rəsmilərinə öz tərəfindən yol vermək təklifini irəli sürüb bunu həyata keçirə bilərmi?

XİN-in qolu qarpızlı və hər gün şişməkdə olan siyahısı problemə arxadan baxışdır, onu həll etmir, çəkindirici faktor deyil, həll edici faktor da deyil.

Başlıca sual budur: Azərbaycan Laçın koridorunu da öz ərazisi üzərindən keçən regional kommunikasiya xətlərindən biri sayırmı?

Qənimət Zahid