Xoşbəxtliyimiz 81-ci sırada yer alır

BMT-nin Davamlı İnkişaf şəbəkəsinin hazırladığı 2017-ci il Dünya Xoşbəxtlik Hesabatına görə norveçlilər dünyanın ən xoşbəxt insanlarıdır. Ondan sonrakı yerlərdə Danimarka(2), İslandiya(3), İsveçrə(4) və Finlandiya(5) gəlir.

Hesabatı hazırlayanlar, Norveçin ən böyük gəlir mənbəyi olan neftin qiymətinin düşməsinə baxmayaraq, xoşbəxtlik nisbətinin yüksəldiyinə diqqət çəkir. Norveç keçən ilki hesabatda 4-cü sırada idi. İlk sıralarda yer alan ölkələr hesabat hazırlanarkən nəzərə alınan səhiyyə, sosial təminat, gəlir, yaxşı idarəetmə, azadlıqlar və xeyriyyəçilik kimi ünsürlərdən yüksək bal alıb. Eyni zamanda, bu ölkələr güclü ictimai təhlükəsizlik sistemlərinə sahibdirlər.
Hesabat sosial dəstəyin xoşbəxtliyə təsirinin çox əhəmiyyətli olduğunu ortaya qoyub. Ən böyük bədbəxtlik səbəblərindən birinin də işsizlik olduğu göstərilib.

Hesabatda amerikalılar gəlirlərinin yüksəlməsinə baxmayaraq, daha az xoşbəxt olduqlarını söyləyib. ABŞ Xoşbəxtlik Hesabatında bir pillə geriləyərək 14-cü sıraya enib. Siyahıda qardaş Türkiyə 78-ci, Azərbaycan isə 81-ci sırada yer alır.
Hesabata görə dünyanın ən bədbəxt ölkələri də belə sıralanır: Ruanda, Suriya, Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası.

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən bugünədək hər il xalqların müxtəlif yaşam göstəriciləri nəzərə alınmaqla hazırlanır.