Qarabağ kimindir?

Fuad Ağayev
Ayyarımlıq müharibənin nəticələrini yekunlaşdıran birgə bəyanatın imzalanması prezident Vladimir Putinin şəxsində Rusiya Federasiyasının qələbəsidir, özü də təkcə diplomatik qələbə deyil. Sirr deyil ki, Cənubi Qafqaz son illərdə şimal qonşumuzun geosiyasi maraqlarının orbitindən tədricən kənarlaşırdı:
1) Çoxvektorlu xarici siyasət yürüdən və iqtisadi cəhətdən Rusiyadan müstəqil olan Azərbaycan uzaqlaşırdı.
2) Ermənistanda narıncı inqilab nəticəsində yeni parlament seçildi və hökumətə ilk növbədə Avropa Birliyi və NATO-nun timsalında Qərblə yaxınlaşma kursu götürən N.Paşinyan rəhbərlik etməyə başladı.
3) Gürcüstan, əlbəttə ki, guya gürcülərin Rusiya sülhməramlılarına atəş açaraq öldürməsi bəhanəsi ilə Rusiyanın birbaşa təcavüzü nəticəsində Abxaziya və Cənubi Osetiyanı itirməsi ilə Saakaşvilinin gedişindən sonra da barışmadı.
Indi isə vəziyyət kökündən dəyişib:
1) Azərbaycan, Rusiya hərbi kontingentinin ərazisinə gətirilməsinə razılıq verib, Gürcüstan ssenarisini təkrarlamaq üçün real şərait yaradıb, Dağlıq Qarabağda və ətrafında suverenliyini məhdudlaşdırmağa könüllü şəkildə barışıb. Azərbaycanı 28 il əvvəl tərk etmiş Rusiya Silahlı Qüvvələrinin, ordumuzun işğal altında olan məntəqələrin əhəmiyyətli hissəsini azad etməsi fonunda ölkəmizə qayıdacağını təsəvvür etmək belə çətin idi.
2)Ermənistan Rusiyanın hərbi əməliyyatlara müdaxilə etməsini dəfələrlə xahiş etsə də, buna nail olmadı, oyuncaq DQR-in Qərb tərəfindən tanınma səylərinin faydasızlığına əmin oldu, Azərbaycanda döyüşən minlərlə vətəndaşını itirdi, on minlərlə qaçqını qəbul etdi, defolt və dilənçilik həddinə çatdı. Məhz bu zaman son əsrlərdə olduğu kimi Rusiya Ermənistana kömək əlini uzatdı. Bu yardım o qədər vaxtında edildi ki, Paşinyan möcüzə sayəsində vəzifəsini bir müddət saxlasa da, heç vaxt əvvəlkitək qərbyönümlü siyasət apara bilməyəcək, əksinə, Putin xəttinin itaətkar icraçısına çevriləcək. Nə onun, nə də potensial xələflətinin Rusiya ilə qalmaqdan başqa alternativi yoxdur.
3) Gürcüstana gəlincə, Cənubi Qafqazın iki qonşu dövlətində mövqeyini möhkəmləndirən Rusiya işğal edilmiş Abxaziya və Cənubi Osetiya vasitəsilə əvvəlki təzyiq imkanlarını saxlayaraq, bu ölkədəki proseslərə təsir etmək üçün daha böyük bir fürsət əldə etdi.
Beləliklə, V.Putin, bəlkə də, birinci dəfə qurban vermədən və xüsusi xərc çəkmədən (müəyyən miqdarda silah və texnika verilməsi elə də əhəmiyyətli deyil) özü və Rusiya imperiyası üçün əla bir nəticə əldə etdi, həm də ki, bu zaman yalnız beynəlxalq hüquq normalarına uyğun bir qaydada. Həqiqətən, əla bir dembel akkordu alındı!
Gerçək qardaşımız və xilaskarımız (1918-ci ildən bəri) olan Türkiyə dövləti möhtəşəm beşinci nəsil silahının əla reklamı istisna olmaqla nələrə nail oldu? O yalnız regional rəqibini – Rusiyanı gücləndirdi. İndi birgə bəyanatı imzalamayan Türkiyə Azərbaycandakı mövqeyini Rusiyaya xeyli dərəcədə qismən güzəştə getməli olacaq.
  • Türkiyə dövləti möhtəşəm beşinci nəsil silahının əla reklamı istisna olmaqla nələrə nail oldu? O yalnız regional rəqibini – Rusiyanı gücləndirdi. İndi birgə bəyanatı imzalamayan Türkiyə Azərbaycandakı mövqeyini Rusiyaya xeyli dərəcədə qismən güzəştə getməli olacaq.

İndi birgə bəyanatın özünü Azərbaycan və Ermənistanın maraqları baxımından təhlil edək. Aydındır ki, tam atəşkəs və döyüş əməliyyatlarının dayandırılması birmənalı olaraq Ermənistan üçün faydalıdır, hətta Paşinyan və qondarma respublikanın rəhbəri etifaf etdilər ki, bu ölkə ehtiyatların çatışmaması, dağınıqlıq və ümumi çaxnaşma səbəbindən bir neçə gün ərzində tamamilə məğlubiyyətə məhkum idi.
Rusiya Federasiyasının sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilməsi Xocalının, o cümlədən hava limanının, Xankəndi, Ağdərə və bir çox digər nöqtələrin Ermənistanın nəzarəti altında qalması deməkdir. Üstəlik, ərazisi heç vaxt Dağlıq Qarabağa aid olmayan, 5 km enində Laçın dəhlizi olaraq təyin olunan Laçın bölgəsinin əhəmiyyətli bir hissəsi də separatçıların ixtiyarında qalacaq. Burada Azərbaycan tərəfi referendum olmadan (asas idarə olunan parlamentin rəsmi razılığını da almadan) əslində göstərilən əraziyə münasibətdə özünü suverenliyindən məhrum edir. Bu yanaşma heç bir şəkildə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun deyil.
Onu da deyək ki, 90-cı illərdə torpaqlarımızın ələ keçirilməsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin (söhbət təkcə bədnam 366-cı alay və Pskov hava-desant diviziyasından getmir) həlledici rolu məlumdur. Göründüyü kimi, başımıza gələnlərdən dərs almağı hələ də öyrənməmişik. Bundan əlavə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı necə itirdiyini də yaddan çıxardıq. Kimsə unutmuşsa, müntəzəm rus ordusunun Gürcüstan ərazisinə soxulmasının səbəblərindən biri rus sülhməramlılarının guya gürcülər tərəfindən öldürülməsi idi. Üstəgəl, Rusiya Federasiyasının silahlı qüvvələrinin sayəsində Moldovada qondarma Dnestryanı Respublikası yaradılması; Ukraynanın Krım bölgəsinin Rusiya ordusu və donanması tərəfindən işğal edilməsi və daha sonra ilhaq olunması. 1990-cı ilin yanvarını da xatırlayaq. Postsovet məkanında Rusiya ordusunun olmasının hansısa pozitiv nəticələrini tapmaq mümkün deyil.
“Rus sülhməramlıları”nın azı 5 il qalma müddətinə gəldikdə, bu, çoxdur və Rusiya süngüsünün ölkəmizə qayıtmasından başqa bir şey demək deyil, Azərbaycanı, bəlkə də, 1991-ci ildən bəri ən uğurlu diplomatik qələbədən – Rusiya Federasiyası Silahlı Qüvvələrinin bizim ərazidən çıxarılması nailiyyətinin üstündən xətt çəkilir! Belə çıxır ki, bir il sonra Putin vəzifəsindən getsə, onun yerinə başqası, deyək ki, Mişustin gələcək və kontingent hələ də qalacaq.
  • “Rus sülhməramlıları”nın azı 5 il qalma müddətinə gəldikdə, bu, çoxdur və Rusiya süngüsünün ölkəmizə qayıtmasından başqa bir şey demək deyil, Azərbaycanı, bəlkə də, 1991-ci ildən bəri ən uğurlu diplomatik qələbədən – Rusiya Federasiyası Silahlı Qüvvələrinin bizim ərazidən çıxarılması nailiyyətinin üstündən xətt çəkilir!
Bəyanatın beşinci bəndində deyilir ki, münaqişə tərəflərinin razılaşmaların həyata keçirməsinə nəzarətin səmərəliliyini artırmaq, atəşkəsə nəzarət etmək üçün sülhməramlılar mərkəzi yaradılır. Bu mərkəzdə Türkiyə Cümhuriyyətinin təmsilçilərinin olacağını söyləyirlər, bəyanatda Türkiyənin adı da çəkilmir, bunu nə Rusiya, nə də erməni tərəfi təsdiqləmir. Bir də ki, türk zabitləri bu mərkəzdə olsalar belə, mərkəzin səlahiyyətləri ümumiyyətlə göstərilmədiyi üçün bu nə nəticə verəcək?
Bəyanatda göstərilən tarixlərə (müvafiq olaraq 15 noyabr və 1 dekabr) qədər Ermənistanın Kəlbəcərdən və Laçın rayonlarının bir hissəsindən çıxmasına inamım çox azdır. Belə olduqda nə etmək lazımdır? Çətin ki, Rusiya kontingenti onları zorla oradan çıxarsın, yaxud bu işi bizim görməyimizə imkan versin.
Laçın dəhlizi boyunca yeni hərəkət marşrutuna gəlincə, təkcə onun razılaşdırılması üçün 3 il nəzərdə tutulub!!! Ermənistan razılaşmasa, nə olacaq? Marşrut əvvəlki kimi qalacaq. Bunu Azərbaycanın öz əraziləri üzərində suveren hüquqların həyata keçirilməsi adlandıra bilərikmi? Bəs dövlət sərhədindəki, gömrükdəki nəzarət necə olacaq? Bəs Dağlıq Qarabağda ermənilər silahsızlaşdırılacaqlarmı?
Aydındır ki, 7-ci bəndə əsasən, məcburi köçkünlərin (bunların böyük əksəriyyəti azərbaycanlılardır) və qaçqınların (bunlar ermənilərdir) Dağlıq Qarabağ ərazisinə və bitişik ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qayıtmalıdırlar. Ancaq “sülhməramlıların” qoruduğu əraziyə qaçqın adı altında daxil olan və adları hərbi cinayətlər törədilməsində təqsirləndirilənlər sırasında gedənlərlə bağlı nə ediləcəyi bəlli deyil. Ruslar bu şəxslərin məsuliyyətə cəlb edilməsinin qarşısını almaq istəyəcəklər, ya yox?
Tərəflərin hərbi əsirlərin və digər məhbusların mübadiləsinə dair bəyanatın 8-ci bəndini necə tətbiq edəcəyi də tam aydın deyil. Əslində, qarşı tərəflərin nizami qoşunlarına aid olan hərbi əsirlər dəyişdirilməli, yaraqlılar qanun qarşısında cavab verməlidir.
9-cu bənddə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması bildirilir; Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyatın hərəkətinə nəzarət Rusiya FTX-nin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Belə çıxır ki, biz onlara 5 km enində Laçın dəhlizini veririk və onlar bizə heç nə vermir, vətəndaşlarımız Ermənistan ərazisindən ümumi əsaslarla keçməlidirlər, ermənilər isə xüsusi zonadan istifadə edəcək və ərazimizdən Rusiya hərbçilərinin müdafiəsi altında keçirlər. Müharibədə qalib kimdir: Azərbaycan, yoxsa Ermənistan? Rusiya FTX-nin Sərhəd Xidmətinə gəldikdə, onlar dövlət sərhədində nəzarəti həyata keçirirlər və vətəndaşlarımız Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gedəndə və geri qayıdanda çətin ki, onları müşayiət etsinlər. Vəd edilmiş Meğri dəhlizi haradadır? Deyə bilərlər ki, tərəflərin (Azərbaycanın və Ermənistanın) razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəyək. Yəni adıçəkilən nəqliyyat kommunikasiyalarının inşası üçün Ermənistanın razılığı lazımdır. Düşünürəm ki, bu dövlətdən yaxın gələcəkdə belə razılığı gözləmək sadəlövhlük olar.