Mehriban Əliyeva Moskvaya “moda” göstərməyə getmişdi?

 

Əliyevanın siyasi karikaturası üçün medal kolleksiyası: Kremldən “moda ikonu”na dostluq medalı.

Ölkənin “birinci ledisi” Mehriban Əliyeva Rusiyadan “Dostluq” ordeni aldı. Gördüyünüz kimi, ordeni Moskvada ona şəxsən prezident Vladimir Putin təqdim etdi. Bu ordenin nə anlam daşıdığını başa düşmək çətin deyil. Onun Azərbaycan üçün ucuz başa gəlmədiyini də bilirik. Yaxşı bilirik ki, Rusiya kimsəyə boşuna bir şey verməz və bu da sıradan bir orden deyil. Təsəvvür edin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edir, onun ardınca Rusiya Duması komitə sədrinin müavini Zatulin “Azərbaycan Qarabağ, Kəlbəcər və Laçından əl çəkməlidir, Azərbaycana yalnız 5 rayon qaytarıla bilər” deyir. Bunun ardınca Mehriban Əliyeva gedib Kremldən orden alır. Bu gedişin sirri nə, yozumu nə? Yoxsa İlham Əliyev Kremllə danışıq aparmağa başqa etibarlı adam tapmadı da, “razborkaya” öz vitse-prezident xanımını göndərdi? Azərbaycanın düşdüyü duruma, sürükləndiyi yerə baxın! Ölkə içində yüz minlik geyim-kecimi ilə alçaq dağları yaratmış kimi burnu havalarda gəzən Əliyevanın Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun yanında necə müti, əzik, əmrə müntəzir şəkildə oturduğuna diqqət edin! Sizcə, əri prezident olandan sonra mətbəxdən çıxıb, burnunu siyasi mətbəxə soxan xanım Əliyevanın siyasətdə diletant və piyada biri olduğundan Rusiyadakılar xəbərsizdilərmi? Adi çıxışları belə əlinə yazılıb verilmiş mətnlərdən höccələyə-höccələyə oxuyan bu iddialı qadının siyasi savad dərəcəsinin sıfır olduğunu onlar da bilmirlərmi? Çox gözəl bilirlər. Amma maraqlar hər şeydən üstündür, söhbət Azərbaycan kimi yağlı tikəni əldə saxlamaqdan gedirsə, vitse-prezident postunda oturan bir mankenin sinəsinə orden taxmaq da olar. Rusiyada çıxan populyar “Allure” moda jurnalı 2013-cü ildə Mehriban Əliyevanı dünyanın ən yüksək zövqlə geyinən birinci xanımı seçmişdi. Dünyada bu qadının ölkənin xəzinəsindən oğurlanan pullarla qarderobuna milyonlar xərclədiyini hamı bilir. Mehriban Əliyeva prezident xanımı olaraq, dünyanın dörd tərəfində məhz ən bahalı brendlərə, son model geyimlərə, plastik əməliyyatlara düşkün biri kimi tanınır. Onun bu düşkünlüyü haqqında dünya mətbuatı dəfələrlə yazıb. Xatırlayırsınızsa, ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan məşhur “WikiLeaks” sənədlərində belə Əliyevanın brend geyimləri və estetik əməliyyatları haqqında yazılmışdı. Amerikan diplomatlarına aid yazışmalarda onun çox sayda estetik əməliyyat etdirdiyi, bu səbəbdən televiziyada, fotolarda və görüşlərdə üzündəki bütün cizgilərin, mimikaların itdiyi yazılırdı. Türkiyənin ən məşhur “onedio” saytı da dörd il əvvəl “dünyanın ən cazibədar 13 “birinci ledisi” ” siyahısında Mehriban Əliyevanı 2-ci sıraya qoymuşdu. Saytda “birinci ledi”lər belə kinayəli bir formada təqdim olunmuşdu: “”Birinci ledilik” statusu bir az ciddiyyət, bir az rəsmiyyət tələb etsə də, bəzi “birinci ledilər” bunu ikinci plana atıb, daha fərqli bir temperamentlə xatırlanmağı seçmişlər. Hətta bir çoxu öz ölkələrində moda ikonu olaraq tanınmışdır.”

Rüşvətlə alınan medal və titullar

Mehriban Əliyeva yaxşı bacardığı moda işinin arxasınca getsəydi, dünyada bu sahənin ikonu ola bilərdimi? Ola bilərdi, amma onun iddiaları daha böyükdür. O, ölkənin xəzinəsini təkcə öz bahalı qarderobuna və plastik əməliyyatlarına xərcləməklə kifayətlənmir, həm də israfçılıqla böyük siyasi ambisiyalarına xərcləyir. Siyasi karyerist Əliyeva həm də orden-medal və titul dəlisidir. Bu gedişlə, o, dünyanın ən bahalı orden-medal kolleksioneri də ola bilər. Aşağıdakı siyahıya diqqət edin: Polşanın ” Xidmətlərə görə Böyük Komandor Xaç Ordeni”- 2009, Fransanın “Şərəf Legionu Ordeni”- 2010, YUNESKO-nun “Qızıl Motsart” medalı, Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali Ordeni -2015, Serbiyanın yüksək dövlət mükafatı – “Sreten” Ordeni -2015, Avropa Olimpiya Komitələrinin Ali Ordeni- 2016, Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” Ordeni. Bu dövlətlər saydığımız ordenləri manken xanıma hansı xidmətləri sayəsində verib, sizcə? Sualın cavabını Heydər Əliyev Fondunun xarici ölkələrə səpdiyi milyardlarda, lobbiçilik adı altında xəzindən oğurlanan rüşvət pullarında, “kürü diplomatiyası” işində tapa bilərsiniz. Bu hələ üzə çıxanlardır, gizli sövdələşmələrə gedən milyardları bir Əliyevlər bilir, bir də sövdələşdikləri fırıldaqçılar. Əliyeva siyasi karyerası üçün xalqın iradəsini ayağının altına qoyan o qadındır ki, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri adlarını belə rüşvətlə alıb. “Kürü diplomatiyası” biabırçılığının içindən YUNESKO-nun rəhbəri İrina Bokovanın adı da çıxmadımı? Onun həyat yoldaşının gizli hesablarına oğurluq köçürmələr getdiyi sənədli-sübutlu ifşa olunmadımı?


“Xoşməramlı” xanımın “xeyirxahlığı satın almaq cəhdi”

İndiyə qədər H. Əliyev Fondunun xarici ölkələrdə xərclədiyi bu pullar rüşvət deyil, bəs nədir? Mətbuatda Fond tərəfindən Rusiyada, Çexiyada, Pakistanda, Cibutidə, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda, Haiti və digər ölkələrdə onlarla layihələr həyata keçirdildiyi yazılıb. Fond Strasburq Kafedral Kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını, Romanın Kapitolini muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirib, Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib, İkinci Dünya Müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” əsasında, Fond xristian aləmi üçün ən mühüm abidələrdən olan katakombaların bərpası işində yaxından iştirak edib. BBC radiosunun 2013-cü ilə olan məlumatına görə Fond təkcə “son 5 il ərzində Fransada mədəniyyət layihələri və bərpa işləri üçün 1.25 milyon avrodan çox pul ayırıb”: “Layihələrin son nümunəsi olaraq, Heydər Əliyev fondu Fransanın Normandiya regionunda yerləşən, orta əsrlərdən qalmış Saint Paterne kilsəsinin bərpasına (bəzi məlumatlara əsasən 60 min avro) pul ayırıb. Layihələr 2007-ci ildə Mehriban Əliyeva tərəfindən idarə olunan Heydər Əliyev fondunun Versal Sarayına “sənət əsərləri”nin bərpa olunması üçün açıqlanmayan məbləğdə ayırdığı pulla başlayıb. Sərf olunan 1.25 milyon avronun bir milyonu Louvre muzeyinə, 40 mini Strasburqun Notre Dame kilsəsinə, 150 min avro isə Saint Paterne kilsəsinin yerləşdiyi Orne departamentində müxtəlif layihələrə xərclənib. Bir çox müşahidəçi Azərbaycanın bu mədəniyyət və incəsənət layihəsini “xeyirxahlığı satın almaq cəhdi” kimi dəyərləndirir.”


Azərbaycan xalqının qanından-canından çıxan bu pullar hansı məqsədlə xərclənib, sizcə? Bəli, qadın hiyləgərliyi ilə “xeyirxahlığı satın alaraq” Əliyevlər hakimiyyətini uzatmaq üçün. Artıq Əliyevlərin bu hiyləgərlikləri dünyada ifşa olunub, bütün iplər qopub və xanım üz tutub son sığınacaqları Rusiyaya. Kreml də xalqına yad olan belə nökərləri tarixən işsiz və arxasız buraxmayıb. Hələ arada milyardlarla qazancları da olacaq. Bu gün ər-arvad Əliyevlərin Rusiya qarşısında itaətkar və alçaldıcı şəkildə davranışları Azərbaycan adına ən ağır həqarətdir. On illərdir Ermənistanı silahlandıran, Xocalı faciəsinin birbaşa iştirakçısı olan və son mesajında “Qarabağdan gözünüzü çəkin” ultimatumu verən Rusiyaya sığınmaq xainlik deyil də, nədir? Mehriban Əliyeva Rusiyanın himayəsinə girib, bütün alçaldıcı şərtlərlə və təfərrüatlarını bilmədiyimiz sövdələşmələrlə ərindən sonra hakimiyyəti ələ almağamı hazırlaşır? Qurulan plan belə görünür. Əliyeva məkrli qadın, moda dəlisi, özünə güvənsiz biri olan estetik əməliyyatlar düşkünüdür. Amma o hər nədirsə, siyasətçi deyil. O da polis gücünə sığınmış despot əri kimi vitse-prezident adına siyasi karikaturadır, siyasi diktaturanın çizdiyi karikatura.

Əbil Həsənov