Tofiq Yaqublu hansı hospitala aparılıb ?

Müxalifət liderlərinə verilən işgəncə cavabsızmı qalacaq?

On illərdir dünya mətbuatı Əliyev hakimiyyətinin anti-insani mahiyyəti haqqında qalaq-qalaq yazılar yazır. Rejimin müxalif sözə qarşı ifrat dözümsüzlükdə, azad fikri susdurmaqda tayı-bərabəri olmadığı deyilir. Həm də quru sözlərlə deyil, faktlarla, dəlillərlə yazılıb qoyulur ortaya. Ölkədə bu durum 2003-cü ilin prezident seçkilərindən sonra, oğul Əliyevin hakimiyyəti zəbt etməsindən sonra daha sürətlə pisləşib. Elə ən böyük işgəncə hadisələri də o seçki tarixindən başlanıb. Saxtalaşdırılan seçkilərə etiraz mitinqində baş verənləri xatırlayırsınız. Dinc aksiyada hökumətin özü tərəfindən planlı təxribat törədildi, insanlara qarşı misilsiz vəhşilik edildi. Həbs olunan müxalifət təmsilçilərinə qarşı həbsxana işgəncələri bütün beynəlxalq hesabatlara düşdü. Amma demokratik ictimaiyyət yenə sərt üzünü göstərmədi, eləcə yumşaq bəyanatlar verməklə işini bitmiş sayıb keçdi. Bu yumşaqlıq sayəsində siyasətin “s” hərfindən belə anlayışı olmayan oğul Əliyev şişib böyük diktatora çevrildi. İş o yerə çatıb ki, adam Avropa Şurasının üzvü olan bir ölkənin müxalifət liderini ölümcül şəkildə döydürüb, özünə biət etdirmək istəyir. Nə yazıq ki, yenə beynəlxalq qurumların səsi çox zəif eşidilir.

19 oktyabr günü Bakıda önəmli bir hadisə baş verib. Yüzlərlə insan həbs edilib. Müxalifətin aparıcı simaları Əli Kərimli, Tofiq Yaqublu həbs olunaraq dəhşətli işgəncələrə məruz qalıb. Hər iki şəxsin bədənində ciddi xəsarətlər var. Bir müxalifət Beynəlxalq dünya yenə də susur. BBC, CNN, Reuters bu hadisələri necə görməzdən gələ bilər? Necə sakitcə susub üstündən keçib getmək olar bu boyda rəzalətin? Necə heç nə olmayıbmış kimi, arandan-dağdan yazıb yola davam etmək olar? Bu gün Binəqədi həbsxanasından ailəsinə zəng edən Tofiq Yaqublu ona dəhşətli işgəncələr verildiyini təsdiq edib və qabırğasının sındığını bildirib. İyirmi birinci əsrdə tanınmış müxalifət liderlərinə ölümcül işgəncə vermək nə deməkdir? Bir ölkə, bir hakimiyyət, bir xalq adına, demokratik dünya adına biabırçılıqdır bu. Avropa Şurası sıralarına yaxşı baxın. İkinci belə cəngəllik ölkəsi varmı aralarında? Tanınmış müxalifət liderlərinə işgəncə verməkdən indi ən qəddar rejimlər də çəkinir. Ən amansız diktatorlar da çox halda ölkəsini və ödənəcək hesabları nəzərə alaraq, belə addım atmaqdan çəkinir. Amma Əliyev diktaturası hüdud-sərhəd tanımır. Bu rejimə sanksiya tətbiq etməyin zamanıdır. Bu xalqın on illərdən bəri davam edən mübarizəsini, məruz qaldığı zülmü görməzdən gəlmək dünyəvi prinsiplərə xəyanətdir. Bu sistem çoxdan haqq etdiyi cəzanı almalıdır. Onları yerində oturtmağın zamanıdır. Bu çirkin, totalitar rejimi rədd etmək üçün Azərbaycan xalqına dəstək verməyin zamanıdır!

Rəşad