Siz satılın, amma bu ölkədə satılmayanların olduğunu da bilin!

Dünən, 16 sentyabr 2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsi hakim şərəfsiz hakim, əslində isə hakim adına ləkə olan Pərviz Hüseynovun sədrliyilə keçən məhkəmə iclasında mənimlə bağlı dünya və Azərbaycan tarixində analoqu olmayan növbəti qanunazidd qərarını çıxardı. Qətnaməyə görə mən Məmmədova Nəhayət adlı bir böhtançıya 85 min manat pul ödəməyiləm. Nə az, nə çox, düz 85 min manat! Azərbaycan hakimiyyətinin müxalifətə qarşı həyata keçirdiyi ifrat diskriminasiya siyasəti nəticəsində altı ildir işləməyən bir insana qarşı bu ən ağır bir maliyyə təqibi və repressiyanın bir növüdür. Nəzərinizə çatdırım ki, həmin saxta iddia əsasında mənim mənzilim də, avtomobilimdə də, mənim adıma olub başqa şəxsə məxsus olan başqa bir avtomobil də həbs altındadır. Evi və iki avtomobili həbsdə saxlayıb üstəlik 85 min manat pul iddiasını təmin etməyin bircə məqsədi var: yəqin ki, maşınları da, evi də hərraca çıxarıb dəyərindən on dəfə ocuz qiymətə rəsmiləşdirib məni müflis etmək istəyirlər! Özləri mənəvi və siyasi baxımdan iflas olmuşların, neft və milyardlar səltənətini müflis edənlərin mənə qarşı təzyiq və təqib siyasətinin məqsədi budur! Digər tərəfdən də hakimiyyət mediası, əxlaqsız publiçnı saytları və hakimiyyətin içindəki uzantıları vasitəsilə barəmdə uzunmüddətdir ki, çirkli və məqsədyönlü qarayaxma kampaniyası apararaq ictimai nüfuzuma zərbə vurmağı, bununla da məni siyasi təziqlər və təqiblər qarşısında ictimai dəstəkdən məhrum eədəcəklərini planlaşdırırlar. Özlərini müxlifət adlandıran, ancaq kim olduqları yavaş-yavaş bəlli olan bəzilərinin məqəsdyönlü şəkildə məni hədəf alması da hakimiyyətin bu planının tərkib hissəsidir.
Azərbaycan hakimiyyətinin mənə qarşı məhkəmə təqiblərinin xronoligasına nəzər salsaq, bütün mətləblər gün kimi aydın olacaq.
1.2011-ci ilin 4 noyabrında ilk dəfə olaraq Ziyalılar Forumunda iştirak etdim. Həmən ardınca mənə və ailəmə qarşı ağır təqiblər başladı. Ailə üzvlərimdən bir neçə nəfər işdən çıxarıldı, onlardan mənim Ziyalılar Forumundan istefa verməyim və bəyanatla çıxış edərək hakimiyyətdən üzr istəməyim tələb olundu.
2.2012-ci ilin yanvar ayından etibarən hakimiyyətdə yüksək vəzifələrdə çalışan və mərhum atamla dostluq münasibətləri olan bəzi məmurlar atamdan mənim geri çəkilməyimi tələb etdilər, əks halda açıq şəkildə “ağlını başına yığsın, bir övladını itirə bilər” təhdidini etdilər. O zaman mən bunu təsəvvür edə bilmirdim.
3.2012-ci ilin mart ayında Baş Prokurorluqla çalışan xeyirxah insanlar mənə xəbər göndərdilər ki, Ramiz Mehdiyevin birbaşa tapşırığı ilə Zakir Qaralov mənə qarşı on il əvvəl boşandığım və oğlumun bioloji atası olan şəxsin əlilə ciddi kampaniya hazırlayır. Ramiz Mehdiyevin birbaşa tapşırığı ilə Mahmud Mehdiyev adlı həmin şəxsi dəvət edib ona mənə qarşı ardıcıl qarayaxma kampaniyası aparacağı halda prokurorluq orqanlarına bərpa olunacağını söz vermişdilər. Mahmud Mehdiyev baş prokuror Zakir Qaralovun 18 iyun 2010-cu il tarixli əmri ilə “prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə” prokurorluq orqanlarından xaric edilmişdi. Yeri gəlmişkən, ictimai fikri yayındırmaq istəyən bəziləri guya mənim həmin şəxsi prokurorluqdan çıxardığımı deyir, ancaq Azərbaycan siyasi kuluarlarına az-çox bələd olan hər-kəs bilir ki, mən 2009-cu ilin noyabr ayında Ramiz Mehdiyevin və Fuad Ələsgərovun dəfələrlə təkrarlanan israrlarına baxmayaraq Emil Milli Və Adnan Hacızadənin bolqqer yox, xuliqan olması ilə bağlı hazır müsahibəyə imza atmaqdan imtina etdiyim üçün siyasi rəhbərliklə münasibətlərim kəskin ziddiyyət səviyyəsində idi və on il əvvəl ayrıldığım, varlığını belə unutduğum şəxsi nədənsə birdən on ildən sonra prokurorluqdan çıxartmaq belə istəsəydim, buna imkanım yox idi.
4. Zakir Qaralov Mahmud Mehdiyevin kimliyini məndən yaxşı tanıyır,bunu dəfələrlə öz dililə müxtəlif insanlara etiraf edib, bu səbəbdən onunla danışıqları şəxsən özü aparmayıb. Tapşırıqları bu gün həyatda olmayan və Elmar Vəliyevin qudası olan Əzizağa adlı soyadını unutduğum şəxs vasitəsilə Nərimanov rayon prokuroru, o zaman hələ baş prokurorluqda çalışan Vüqar Əliyevə çatdırırdı. Mahmud Mehdiyevə Zakir Qaralovun bütün direktivlərini Vüqar Əliyev çatdırıb və prosesi o idarə edib. Mənimlə bağlı məhkəmələrə siyasi sifarişlərlər də hakimiyyətin adından əvvəl Vüqar Əliyev, daha sonra Eldar Sultanov tərəfindən çatdırılıb.
5. Beləliklə, 13 may 2013-cü tarixində vaxtilə azadlığa çıxması üçün Elmar Məmmədyarovla dirəşdiyim, PA rəhbərliyilə üz-göz olduğum Eynulla Fətullayev haqqın.az saytında mənə qarşı kampaniyaya start verdi. Mahmud Mehdiyev orada mənim haqqımda iyrənc şər-böhtan danışdı, guya oğlumu ona vermədiyimi iddia etdi. Halbuki, Səbail Rayon İcra şöbəsində uşaqla görüşə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iş vardı və “ata” bircə dəfə də olsun uşaqla görüş üçün müraciət etməmişdi və 9 il ərzində uşağa görə bir manat aliment ödəməmişdi. Həmin çıxışdan sonra Səbail Rayon İcra şöbəsinin rəisi mənə zəng vurub özü “zavallı ata”nı axtardığını və onun bircə dəfə də olsun uşaqla görüşlə bağlı məhkəmə qətnaməsinin icrası üçün icra şöbəsinə müraciət etmədiyini dedi.
6. Mahmud Mehdiyev 17 may 2013-cü il tarixində mənə qarşı prezidentin köməkçisi Əli Həsənova məxsus Mətbuat Mərkəzində mətbuat konfransı keçirdi. Hakimiyyət həmin konfransa onlarla hakimiyyətyönlü qəzet, televiziya və saytı yığıb barəmdə aylarla davam edən qarayaxma və böhtan kampaniysı apardı. Məni onlarla ağır cinayət törətməkdə, Vətənə xəyanətdə, satqınçılıqda və s. ittiham etdilər.
7. Həmin mətbuat konfransından az sonra, 24 may 2013-cü il tarixində Mahmud Mehdiyev Nəsimi Rayon Məhkəməsinə uşaqla görüşlə bağlı iddia ərizəsi verir. Eyni predmet, eyni hal üzrə Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və bir dəfə də olsun icraya yönəlməmiş qətnaməsi ola-ola Nəsimi Rayon Məhkəməsi qanunazidd şəkildə həmin iddianı icraata qəbul edir və 4 iyul 2013-cü il tarixində hakim adına növbəti ləkə olan Etibar Hümbətovun sədrliyilə keçən iclasda uşağın dərsdə olmadığı bütün vaxtını 9 il ərzində üzünü görmədiyi, tanımadığı və bir manat alimentini almadığı “ata” ilə qalması haqqında qərar qəbul edir.
8. 5 iyun 2013-cü il tarixində Səbail Rayon İcra Şöbəsinin təşəbbüsü ilə təşkil olunan ilk uşaqla görüşdə Mahmud Mehdiyev anama deyib ki, mənə söz veriblər, Gültəkinin evini alıb mənə verəcəklər, necə ki, Əli Kərimlinin evini əlindən alıblar.
9. 10 iyun 2013-cü il tarixində Mahmud Mehdiyevin bacısı Aynur Lətif qızı Mehdiyeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə və Miqrasiya İdarələrinin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılır. Faktla bağlı cinayət işi açılır. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı və KİV-lər məlumat yayır. h
10. Elə həmin gün, 10 iyun 2013-cü il tarixində Aynur Mehdiyevanın anası Məmmədova Nəhayət Vəli qızı qızı iki ağır cinayət ittihamı ilə real həbs təhlükəsi ilə üz-üzə olan bir vaxtda Nəsimi Rayon Məhkəməsinə mənə qarşı 50 min dollar pul tələbilə iddia ərizəsi yazıb. Ərizənin altındakı tarix 10 iyun 2013-cü ildir, ərizə 11 iyun 2013-cü il tarixində Nəsimi rayon Məhkəməsinin dəftərxanasında qeydiyyatdan keçirilib.
11. 28 iyun 2013-cü il tarixində keçirilən və nümayəndəmin iştirak etdiyi məhkəmə hazırlıq iclasında məhkəmə iddiaçının vəkilinin əmlakıma həbs qoyulması ilə bağlı vəsatətini təmin etmir və belə əsassız vəsatətlə çıxış etdiyi üçün iddia tərəfinə irad bildirir. Lakin sonradan mən qəradadı alarkən bəlli oldu ki, hakim Səyyad Qafari sən demə özünün məhkəmə iclasında rədd etdiyi vəsatəti qəbul edib evimə və maşınıma həbs qoyubmuş.
12. 22 sentyabr 2013-cü il tarixində Aynur Mehdiyeva və Mahmud Mehdiyev Yasamal rayon məhkəməsinə mənə qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi verərək məhkəmədən mənim dörd il müddətinə azadlıqdan məhrum edilməyini istəmişlər. Mənim iki il ərzində yaşadığım məhkəmə təqibinin səbəbi çox ciddi idi: mən insan alverçisi haqqında onlarla mətbuat orqanının yazdığı “saxlanılıb” ifadəsini işlətməklə onun şərəf və ləyaqətini darmadağın etmişəmmiş. Sən demə iki ağır cinayətdə təqsirli bilinən şəxs heç vaxt saxlanıla bilməz və Azərbaycan hüquq-mühafizə orqanları ağır cinayət törətmiş şəxsləri internet üzərindən məsuliyyətə cəlb edirlərmiş.
13. 23 yanvar 2014-cü il tarixində Mahmud Mehdiyev Zakir Qaralovun əmrilə Xətai Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyin olunur. Bu, Zakir Qaralov tərəfindən “Prokurorluq haqqında” haqqında qanunun 29-cu maddəsinin kobud şəkildə pozulması demək idi. Həmin qanuna görə prokurorluq işçisinə yaraşmayan əməllərə görə prokurorluq orqanlarından qovulan şəxslər bu orqanlarda işə bərpa oluna bilməzlər.
14. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim İradə Həsənzadənin sədrliyi ilə çıxarılan 19 may 2014-cü il tarixli hökmü ilə Aynur Lətif qızı Mehdiyeva insan alveri və əməyin istismarı cinayətlərində təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilir, lakin qadın və ana olmasını nəzərə alaraq 8 il 6 aylıq həbs cəzasını bir il şərti cəza ilə əvəz edib həbsdən yayındırırlar))))).
15. 2018-ci ilin yanvar ayında iddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayarq dəfələrlə məhkəmə iclaslarına gəlmədiyi üçün 50 min dollar iddiası baxılmamış saxlanılır.
16. 22 yanvar 2019-cu il tarixində Nəsimi Rayon Məhkəmə mənim oğlumun təhsil məqsədilə xaricə çıxışına dair iddia ərizəmi rədd etdi. Qətnamədə oğlumun maraqlarını üstün tutaraq onun təhsil və istirahət hüquqlarından məhrum edilməsinin zəruriliyi vurğulanırdı))). Hökumət əlaltıları bu qətnaməni “atanın” ayağına yazmasın deyə qeyd etməliyəm ki, “ata” hələ 24 oktyabr 2014-cü il tarixində Nəsimi Rayon İcra Şöbəsinin israrlı uşaqla görüş təşkil etmək cəhdlərindən bezərək şöbəyə rəsmi ərizə ilə müraciət edib və oğlu ilə görüşə vaxtı olmadığı üçün icra şöbəsindən onu bir daha narahat etməməyi və icra işini məhkəməyə qaytarmağı xahiş edib. Yəni, nə ötən illər ərzində, nə də məhkəmə prosesi davam etdiyi aylar müddətində uşaqla görüşə bircə cəhd də olmayıb odur ki, oğluma qarşı hakimiyyətin bu faşist davranışının mənim siyasi fəaliyyətimdən başqa əsası yoxdur.
17. 20 fevral 2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsi heç bir əsas olmadan, bir il bir aydan sonra 50 min dollarlıq işi təzələyir.
18. 28 fevral 2019-cu il tarixində səhər saat 12 radələrində şəhərdə maşınla hərəkət edərkən mənə zəng gəlir. Dostlarım bəzi saytlarda maşınımın məndən alınaraq cərimə meydançasına yerləşdirilməsi barədə məlumat yayımlamdığını deyir. Maşını saxlayıb internetə girirəm və görürəm ki, gerçəkdən də həmin vaxt sükanı arxasında əyləşdiyim avtomobilin guya məndən alınaraq cərimə meydançasına yerləşdirilməsi barədə xəbərlər paylaşılıb.
19. 28 fevral 2019-cu il tarixində, hökumət mətbuatı bu barədə xəbər paylaşandan bir saat sonra, saat 13 radələrində Yol Polisi maşınımı saxlayır və heç bir əsas göstərmədən cərimə meydançasına yerləşdirilməli olduğunu bildirir. Təkidlə avtomobilimin hansı əsasla saxlanıldığını öyrənməyə cəhd edirəm, heç nə bilmədiklərini, lakin tapşırığın çox ciddi olduğunu və yuxaıdan gəldiyini deyirlər.
20. Avtomobilimi cərimə meydançasına yerləşdirirlər, təkidlərimə baxmayaraq mənə heç bir protokol təqdim edilmir. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində maşınımın hansı əsasla saxlandığını bilmirlər, Respublika Baş Dövlət Yol Polisi İdarəsində maşınımın “təmiz olduğunu”, saxlanma üçün heç bir əsas olmadığını deyirlər. Təkidlərimdən sonra avtomobilimin heç bir hüquqi əsas olmadan Başı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Abbasovun tapşırığı ilə saxlandığını dedilər və məsələni onunla həll etməli olduğumu bildirdilər.
21. 28 fevral 2019-cu il tarixində gün ərzində bir neçə dəfə Nəsimi rayon icra Şöbəsinin rəisi ilə telefon əlaqəsi saxlamışam. Avtomobilimin saxlanmasına onun və icra şöbəsinin heç bir aidiyyatı olmadığını deyib, icrada həmin avtomobillə bağlı heç bir qərarın olmadığını dönə-dönə təsqid edib. Gün ərzində Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zənglərim də bir nəticə verməyib.
22. Nəsimi Rayon İcra Şöbəsinin rəisi avtomobilim qanunsuz şəkildə saxlandıqdan bir gün sonra, 1 mart 2019-cu il tarixində mənə telefon açaraq avtomobilimin Nəsimi Rayon Məhkəməsinin dünən axşam saatlarında qəbul etdiyi qərardad əsasında saxlandığını bildirib. Qərardan axşam iş saatı bitən vaxtı qəbul edildiyindən icra şöbəsinə yalnız indi, 1 mart 2019-cu il tarixində günortaya yaxın daxil olduğunu dedi. Mənim “bəs qəradadı kim icra edib” sualıma “hakim özü şəxsən icra edə bilərdi, bilmirəm, hər halda biz icra edə bilməzdik, bizə qəradad indi daxil olub” cavabını verdi. Daha sonra eyni suala hakim Pərviz Hüseynov “mənlik deyil, bilmirəm, yəqin icra şöbəsi icra edib” cavabını verdi. Qərardadı o hələ məhkəmə tərəfindən qəbul edilməsindən 4-5 saat öncə Prezident Administrasiyasının rəhbərliyinin birbaşa göstərişilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Abbasov icra etmişdi. Qərardad icra ediləndə hakim Pərviz Hüseynov hələ belə qərardad qəbul edəcəyini bilmirdi.
23. 85 min manatlıq iddia haqqında qısaça bunları qeyd etmək istəyirəm:
1) İddianın icraata götürülməsi belə qanunsuz idi, çünki borcun verildiyini təsdiq edən bircə sübut yox idi;
2)İddiaçı proses ərzində bütün sübut qismində məhkəməyə bircə sübut, notarial qaydada bağlanmış bircə müqavilə, arayış, qəbz təqdim edə bilmədi.
3) İddiaçının məhkəməyə şahid qismində dəvət etdiyi və guya mənim evimi təmir edən İlham Məmmədov adlı şəxsi mən məhkəmədə birinci dəfə gördüm və tanımıram. Baxmayaraq ki, iddiaçı iddia ərizəsində özü dörd dəfə evin Bəxtiyar Eyvazov adlı başqa şəxs tərəfindən təmir edildiyini göstərib. Digər tərəfdən, qanunvericliyin tələbinə görə borc müqavilələrində şahid ifadəsi sübut sayıla bilməz.
4) İddiaçı Məmmədova Nəhayət “sübut” qismində məhkəməy təqdim etdiyi cızmaqralar oğlu Mahmud Mehdiyevin öz xəttilə adi blknot kağızında yazılmışdı. Həmin cızmaqaralarla iddia ərizəsində yazılanlar belə üst-üstə düşmürdü.
5) Vəkilim Zibeydə Sadıqovanın vəkil sorğusu əsasında ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu qiymətləndirmə şirkətlərindən biri mənzilimə baxış keçirib 2003-2004-cü illər üçün mənzilin təmirinə köhnə Azərbaycan manatı ilə 780 milyon 500 min, yəni, yeni Azərbaycan manatı ilə 15 min 700 manat qiymət qoyub. Mənim ümumi sahəsi 120 kv.m olan və 2004-cü ildə çox sadə üslubda təmir etdiyim, 15 min 700 manat xərclədiyim təmirə görə mən həmin mənzilin təmirinə bir manat xərcləməyən, oğluna 9 ildə bir manat aliment ödəməyən, ailəlikcə məhkəmələrdə üzümə durmağı qazanc mənbəyinə çevirmiş şəxslərə təmirin rəsmən təsdiqlənmiş təmir qiymətindən altı dəfə çox (!) pul ödəməliyəm!
Azərbaycan hakimiyyətinin mənə qarşı son illər davamlı şəkildə həyata keçirdiyi bu davranışları, eləcə də sərəncamında olan sındırılmışlar və əzilmişlər vasitəsilə gerçəkləşdirdiyi qarayaxma, təhqir və böhtan kampaniyaları məni nüfuzdan salmaq, müflis etmək, maddi cəhətdən asılı vəziyyətə salmaq və sındırmağa hədəflənib və şəxsimə qarşı faşist davranışlarının təzahürləridir. Burada əsas məqsədlərdən biri də mənim şəxsi nümunəmdən ruhlana biləcək insanları qorxutmaq, hakimiyyətə asi olanlara göz dağı verməkdir və məhz ona görə də bu gün hökumət saytları sevincək “Gültəkin hacıbəyli evsiz və maşınsız qaldı” başlıqlarını atıblar. Milli Şuranın monolit birliyinə zərbə vurmaq, Azərbaycan xalqının ümid ünvanı kimi baxdığı və artıq ətrafında birləşdiyi bu təşkilatı yıpratmaq da hakimiyyətin mavi arzulrındandır. Alınmayacaq, xalqımızı bundan artıq aldada bilməyəcəksiniz. Mənə, ailəmə, hətta kiçik oğluma qarşı altı ildir həyata keçirdiyniz bu faşist ruhlu repressiyaların da bədəlini ödəyəcəksiniz. Siz mənim evimi, maşınımı, varımı, hətta altına düşdüyünüz ayaqqabılarımı əlimdən ala bilərsiniz, ancaq nə şəxsiyyətimi, nə ləyaqətimi, nə mənliyimi satın ala bilməyəcəksiniz. Mən satmıram və satılmıram. Sizin milyardarınız, hətta yüz milyardlarınız var. Ancaq buna sizin pulunuz yetməyəcək. Ağlınız yanınızdakı ucuzlara getməsin.

Gültəkin Hacıbəyli