Striptiz-bara “tuşlanan” snayperlər

Milli Məclis xalq üçün yararlı bir iş görməsə də, gündəmi boş qoymur. Məclisin “inciləri” vaxtaşırı xalqın dilində lətifə olub dolaşır. Dünənki gündəmdə də xeyli maraqlı söhbətlər vardı. Məclisin ilk “incisi” spiker Oqtay Əsədovdan gəldi. Parlamentin sədri post-terminalların işləməməsindən şikayətlənərək “kartdan pul cıxara bilmirəm” deyə gileyləndi. “Deputatların 30-40 faizi şikayət edir ki, post-terminallar işləmir, nə edək? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?” Bu adamlar on illərdir beləcə bu kürsüdən pul davası döyürlər. Bunların puldan başqa bir dərdləri, dəyərləri varmı görəsən? Olsaydı, bircə dəfə də yoxsulluq, işsizlik, problemlər içində boğulan xalqın dərdlərindən danışardılar. Oqtay Əsədovun hardan xəbəri olsun ki, sevimli deputatları belə kulis arxasında “yəqin indi Zemfira xanımın striptiz- barında sezon deyil” deyib onun çıxışını ələ salırdılar…

O gün həm də cəbhə bölgəsində Milli Ordumuzun mayoru şəhid olmuşdu. Milli Məclisin iclasında Oqtay Əsədov deputatları ilə bərabər pul davası aparanda şəhidimizin cənazəsi Qaxda son mənzilə yola salınırdı. Ölkədə faktiki olaraq müharibə gedir, amma spiker də, deputatları da pul dərdindədir, yalnız pul.

Həmin gün Milli Məclisin iclasında daha maraqlı bir çıxış oldu. Deputat Aydın Mirzəzadə bizim snayperlərə səslənərək dedi ki, işğal olunmuş ərazilərə gələn Paşinyanı vurmaq lazımdır. Bu çıxışa bir çoxları haqq qazandırsa belə, deputat sosial şəbəkələrdə gülüş hədəfinə çevrildi. Adamlar haqlı olaraq deputata səsləndi ki, bizim snyaperlərə mesaj göndərməzdən əvvəl erməni snayperlərini Zemfira Əsədovanın “Kapriz” striptiz-barından çıxarmaq gərək. Axı onların Moskvadakı həmin barın sevimli müştəriləri olduğunu sosial şəbəkələrdə özlərinin yazdıqları şərh və rəylər sübuta yetirib.

Amma Aydın Mirzəzadənin qəhrəmanlığı uzun sürmədi. Məlum çıxışın sosial şəbəkələrdəki səs-küylü müzakirəsindən sonra deputatı danlayıb təkzib verməyə məcbur etdilər. Asan deyil, o boyda məclisin kürsüsündən dediyin sözləri 4-5 saat sonra təkzib edəsən. Şübhəsiz, təkzib etdirən güclü bir əl olub, Mirzəzadənin çəkindiyi bir əl. Deputatlar bu söhbəti də lətifəyə çevirib, öz aralarında pıçıldaşırmışlar ki, “yəqin spiker deyib Zemfira xanımin müştəriləri ilə işin olmasın.”

Elə həmin gün bəzi saytlarda maraqlı manşet verilmişdi. Yuxarıda “ermənilər zabitimizi öldürdülər” başlıqlı, altda isə “Oqtay müəllim kartdan pul çıxara bilmir” sərlövhəli yazı gedirdi…

Günümüzün reallığı belədir. Torpaqlar 30 ildir işğalda, ordumuz hər gün şəhid verir, ailələrə yanğın düşür, amma Milli Məclis öz havasında. Məclisin sədri öz deputat yığnağı ilə bərabər pul davası aparır. İllərdir cəbhə bölgəsində ən yaxşı oğullarımız qurban gedir, bir qrupun imtiyaz kürsüsünə çevrilmiş deputatxanada isə harın deputatlar xalqın ömrünü yeyərək, öz ömrünü uzadır…

Zaur Əliyev