Turist vizasıyla Azərbaycana gələn beş nəfər Hindistan vətəndaşı Dövlət Miqrasiya Xidmətində bir neçə gündür işgəncəyə məruz qaldığını bildirir. Bu barədə “Azadliq.info”ya məlumat verən yaxınları onların səs yazısını da təqdim edib. Həmin səs yazısında hindistanlılar həbsdən yaxınlarına zəng edərək, ağlaya-ağlaya işgəncəyə məruz qaldıqlarını bildirirlər. Chundra Simon, Tamang Sing Bahadur, Kristian Noyelkumar, Ajruden və Bujel Suman hazırda da həbsdədir. Yaxınlarının bildirdiyinə görə, onları Bakıda kirayələdikləri evdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları həbs edib. Onların saxlanmasına əsas kimi isə heç bir səbəb göstərilməyib: “Heç bir sənəd göstərmədən tutub aparıblar, günlərdir orada işgəncə altında saxlayırlar. Özləri də zəng edəndə ağlaya-ağlaya deyirdilər ki, ac saxlanılırlar, yemək verilmir, onları təhqir edirlər, alçaldırlar. Axı nəyə görə? Heç bir cinayət törətməyiblər. Bakıya gələnləri belə cəzalandırırlar?” Saxlanılan şəxslərdən Kristian Noyelkumar Bakıya həyat yoldaşıyla birlikdə gəlibmiş. Tutulan hindistanlıların bir neçəsinin hətta Azərbaycanda qalmaq üçün vizasının vaxtının da bitmədiyi bildirilir: “Hətta vizanın vaxtı bitsə belə, ölkəyə gələn əcnəbi ilə bu cür davranmaq olmaz. Bu halda, xəbərdarlıq edilməlidir ki, ölkəni tərk eləsin. Əgər tərk eləməsə, onda saxlamaq olar. Saxlayanda da insan kimi saxlanmalıdır. Saxlanılan şəxsin də hüquqları var, onlar təmin edilməlidir”. Hindistanlılar qohumlarına qarşı baş verənlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunduğunu, pis rəftardan şikayət etdiklərini əlavə ediblər: “Yəqin ki, məhkəməyə də şikayət edəcəyik. Təəssüf ki, yaxınlarımızla bağlı sənədləri də bizə verməkdən imtina edirlər. Ona görə məcbur olub vəkil tutmuşuq, vəkilə də vermirlər”.
azadliq.info