Narko-məhkəmə: baş nazirin müavini məhkəməni qətlə yetirdi

Məhkəmə hakimiyyətinin qatili rolunda bu dəfə YAP sədrinin müavini Əli Həsənov çıxış etdi.

Gültəkin Hacıbəyli

Bu nə biabırçılıqdır?! Məhkəmələr Əli Həsənovun 300 minlik maşınla avtoşluq edərkən 2 adamı öldürüb, 2 nəfəri isə ömürlük şikəst edib 6 il 6 ay həbs cəzası almış nəvəsini bir ildən sonra faktiki, iki ilin tamamında isə tam olaraq həbsdən azad etdi. Nail Allahverdiyev hadisəni törədəndən sonra qaçdı, dörd adamı məhv etdi və cəmi bir il həbsdə qaldı, özü də lüks şəraitdə saxlanıldı.

Onu həbsdən azad edən məhkəmə 1) gənc olmasını, 2) ali təhsilli olmasını, 3) ailəli olmasını, 4) əvvəllər məhkum olunmamasını və 5) yaşayış yerindən müsbət xarakteristika alınmasını əsas götürüb. Bu halların heç biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə cəzanı yüngülləşdirən hallar sırasına daxil deyil. Lakin onları əldə əsas tutaraq iki adamı öldürüb, iki adamı ömürlük şikəst edib hadisə yerindən qaçmış şəxsin cəzasını 6 il 6 aydan 3 il şərti cəzaya endirdilər, gül balanı həbsdən tam azad etdilər. 6 il 6 ay həbsi Apellyasiya Məhkəməsində beş il məntəqə tipli həbslə əvəz etdilər (faktiki bir ilin tamamında azadlığa buraxdılar), Ali Məhkəmədə isə sıfırladılar. Aqil Əli Məhərrəmlini Qarabağ savaşı qəhrəmanı, hazırda Rusiya vətəndaşı olan Saleh Rüstəmovdan 200-300 dollar pul alıb Saleh bəyin dostu Əli Kərimliyə çatdırdığı üçün 2018-ci ilin may ayında həbs edilib, Bandotdelə dəhşətli işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib, vəhşicəsinə döyülüb. Ona Bakı Ağır Cinayətlər Məhkəməsi 4 il həbs cəzası təyin edərkən işgəncələrlə bağlı verdiyi ifadələri eşitməyib, özünü karlığa vurub.

Azərbaycan və dünya cinayət qanunlarında dostun dosta maddi yardım etməsinə və bu yardımı çatdırmağa görə nəinki cinayət, ümumiyyətlə, heç bir məsuliyyət növü nəzərdə tutulmayıb və buna görə adam həbs etmək və cəza vermək özü ağır cinayətdir. Apellyasiya Məhkəməsində vəkillər istintaqı darmadağın etdilər, lakin məhkəmə Aqil bəyə təyin edilən 4 illik həbs hökmünü dəyişmədi. Bu zaman nə onun Nail Allahverdiyev kimi 1) gənc olmasını, 2) ali təhsilli olmasını, 3) ailəli olmasını, 4) əvvəllər məhkum olunmamasını və 5) yaşayış yerindən müsbət xarakteristika alınmasını nəzərə almadı. Bundan əlavə, Naildən fərqli olaraq Aqil bəyin himayəsində iki azyaşlı uşaq var və bu hal AR Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə yuxarıda sadalanan əsaslardan fərqli olaraq konkret cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulub. Babasının qaçqınlara ayrılan vəsaitlər hesabına aldığı 300 minlik maşınla avtoşluq edərək dörd insanın həyatını məhv edib hadisə yerindən qaçan və azı 10 il həbs yatmalı olan Nail Allahverdiyev hazırda evində, bəlkə də artıq xarici ölkələrin birində keyf edir, heç bir günahı olmayan Aqil Əli Məhərrəm isə həbsdə çürüyür.

Lap unutmuşdum. Nail Allahverdiyevin Aqil Əli Məhərrəmlidən bircə üstünlüyü var ki, bu da onun damarlarında erməni qanının axmasıdır, nənəsinin, YAP sədrinin müavinin həyat yoldaşının erməni millətindən olmasıdır. Qanuna yazmasalar da, ermənilərlə qohumluq əlaqələrinin Azərbaycanda böyük üstünlük olduğunu hamımız bilirik. Və bundan sonra hansı üzlə, hansı mənəvi haqla Azərbaycanda məhkəmə islahatlarından danışacaqsınız?! Azərbaycanda, ümumiyyətlə, məhkəmə yoxdur! Ali Məhkəmə bu qərarı ilə Azərbaycanda Ədalətin üzünə tüpürüb məhkəmə sistemini dəfn etdi. Həmin andan etibarən ölkəmizdə məhkəmə hakimiyyəti öldü. Məhkəmə hakimiyyətinin qatili rolunda bu dəfə YAP sədrinin müavini Əli Həsənov çıxış etdi. O YAP ki, onun başqa bir sədr müavini- Əli Əhmədov az öncə partiya üzvlərinə çağırış edib müxalifətə qarşı səfərbərliyə dəvət etmişdi. Partiya üzvləri səfərbər olmamışdan əvvəl qoy nəzərə alsınlar ki, YAP hakimiyyəti ölkəmizi ağlara və qaralara bölüb. Ağlar hətta adam öldürsələr də həbs olunmurlar, onların əvəzinə qaralar şərlənib həbs yatır. Və 750 min nəfər YAP üzvünün uzağı 10 mini ağ ola bilər, qalan 740 mini elə bütün Azərbaycan vətəndaşları kimi qara günlü qaralardır. Ona görə də, qoy YAP-çılar bir öz həyatlarına baxsınlar, bir partiyalarının böyüyü, qaçqınların “hamisi” Əli Həsənova və onun 3 milyonluq avtoparkı olan avtoş nəvəsinə, bir də öz-özünü buraxmış məhkəmə sisteminə baxsınlar və kimə qarşı səfərbər olacaqlarına özləri qərar versinlər.