İSA QƏMBƏR HƏBSDƏN NECƏ VƏ KİMİN ZAMİNLİYİ İLƏ ÇIXDI?

NIYƏ GÖRDÜKLƏRIM VƏ BILDIKLƏRIM? NIYƏ MƏHZ INDI ?

Dostlar dünən gördüklərim və bildiklərim barədə yazmaq istəyimi sizinlə bölüşmüşdüm və münasibət bildirməyinizi xahiş etmişdim. İstəyimi bəyənənlərə və məhz nədən yazmağımı istədikləri barədə şərh yazanlara minnətdaram, sağ olun ki, yazmaq həvəsimi artırdınız. İndi başlıqdakı iki suala cavab verib mətləbə keçəcəm.
Çoxumuz Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını oxumuşuq. Ada görə bu kitaba borcluyam. Sadəcə mən eşitdiklərim və oxuduqlarım deyil, ancaq şəxsən gördüklərim və bildiklərim barədə yazacam. Uzun müddət, 1978-ci ildən hüquq sistemində çalışdığımdan və respublikada baş verən demək olar ki, bütün olayların mərkəzində, səs-küylü proseslərin iştirakçısı olduğumdan bölüşməli çox xatirələrim var. Əsasən vəkillik fəaliyyətimlə bağlı işlərdən yazmaq istəyirəm, istəsəniz ara sıra müstəntiq kimi fəaliyyətimlə bağlı işlərdən, habelə insan kimi başıma gələn maraqlı hadisələrdən də yazaram.
Bəs niyə məhz indi yazmaq istədim? Yəqin ki, birinci səbəb yaşdır. İstəsəm də, istəməsəm də ömrün qürub çağını yaşayıram və xatirələrimi bölüşməyin bir faydası olacağını düşünürəm. İkinci, daha önəmli səbəb də var. Bu gün danışacağım hadisələrin canlı şahidləri və iştirakçılarının hamısı olmasa da müəyyən hissəsi həyatdadır və mən onların sağlığında yazmaq istədim ki, yazdıqlarımın gerçəkliyinin yoxlanılması mümkün olsun, kiminsə arxasınca danışmaq kimi çıxmasın. Yazdıqlarımı oxuyarkən nəzərə alın ki, həmişə peşəmə hörmətlə yanaşmışam, vəkil sirri və vəkillik etikası mənim üçün son dərəcə dəyərlidir.
Nədən başlayacağım barədə çox fikirləşdim. Qərara gəldim ki, birinci yazımı İsa Qəmbərin həbsi ilə bağlı xatirələrimə həsr edim. Yəqin bəzilərinizin yadında olar ki, İsa bəy iyun hadisələrindən bir müddət sonra dəqiq desək 16 iyul 1993-cü ildə həbs edilmişdi və təxminən iki aya kimi DTK-nın istintaq təcridxanasında qaldı. İş belə gətirdi ki, mən istintaqın əvvəlində onun hüquqlarını qoruyası oldum. Beləliklə başlayaq.

İSA BƏYLƏ SÖHBƏTDƏ BİZ NƏLƏRDƏN DANIŞDIQ.

Keçən yazının sonunda səsləndirdiyim suala cavab verməmişdən əvvəl İsa bəylə tanışlığımızın tarixçəsi barədə bir haşiyə çıxım. Ümid edirəm ki, xatirələrimə İsa bəyin işindən başlamağım onun xətrinə dəyməyib. İsa bəylə universitetdə eyni dövrdə oxumuşuq. O tarix fakültəsini məndən bir il sonra bitirmişdi. O vaxtlar tanışlığımız olmayıb. Əyani tanışlığımız 1991-ci ildə mən prokurorluqdan gedəndən sonra oldu. Mən prokurorluqdan gedəndən sonra xalq hərəkatının bir sıra üzdə olan nümayəndələri ilə görüşmüşəm, o cümlədən də AXC-nin sədri Elçibəylə görüşlərim olub.(Yəqin ki, Əbülfəz bəylə görüşlərim ayrıca bir yazı mövzusu olacaq) Bu görüşlərdən sonra cəbhəyə qarşı mülayim desəm bir etimadsızlıq yaranmışdı, bu barədə fikirlərimi yazıb Əbülfəz bəyə də göndərmişdim. 1992-ci ildə Cəbhə hakimiyyətə gələndən sonra mən vəkil kimi bir neçə siyasi işdə iştirak etdim. Müdafiə etdiyim şəxslər baxışlarına görə qanunsuz həbs edilmişdilər. Bunlardan Miralim Bəhramov və Bakı şəhər polis idarəsinin sabiq rəisi, xalq deputatı Bəxtiyar Əliyevin işlərini qeyd edə bilərəm. Bu işlərlə bağlı görüb-bildiklərimi indi yazıb vaxtınızı çox almayım. Hələlik təkcə onu deyim ki, Bəxtiyar Əliyev deputat olsa da, toxunulmazlığı götürülmədən həbs edilmişdi. Həbsindən sonra prokurorluq Milli Məclisə müraciət etmişdi. Müzakirə zamanı İsa Qəmbər bildirmişdi ki, siz səs versəniz də, verməsəniz də biz onsuz da Bəxtiyar Əliyevi tutmuşuq və buraxmayacağıq.
1993-cü ilin avqust ayında mən vəkil olmaqla yanaşı “Müxalifət” qəzeti ilə də əməkdaşlıq edirdim və orda Mehman Cavadoğlu ilə tanış olduq. Cəbhə hakimiyyətə gələndən sonra Mehman bəy indiki “Azərbaycan” qəzetinin baş redaktoru oldu. Mehman bəy mənim xahişimlə İsa bəylə görüşümüzü təşkil etdi. Biz İsa bəylə onun kabinetində təkbətək söhbət etdik. Söhbətimizin nəticəsi xoş olmadı . Söhbətin detallarını tam xatırlasam da indi açıqlamaq istəmirəm. İsa bəyin sözü olmasın “hamısını indi desək, gələcək söhbətlərə nə qalacaq”. Amma İsa bəyin yadında qalıbsa o, danışsa minnətdar olaram. Söhbətimizin sonunda İsa bəy, niyə məhz onun yanına gəlməyimin səbəbini soruşdu. Mən dedim ki, Cəbhə hakimiyyətində ən ağıllı adam onu hesab edirəm. İsa bəy gülümsəyərək özünə məxsus tərzdə dedi ki, bəy, etimadınızı doğrultmağa çalışacam.

MƏN NECƏ İSA QƏMBƏRİN VƏKİLİ OLDUM

1993-cü ilin iyul ayının 16-da MM-də Gəncə hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı İsa Qəmbər çıxış etdikdən sonra təxminən saat 20:30 radələrində foyedə olarkən mülki geyimdə olan bir neçə şəxs onu məcburi qaydada Səbayel rayon polis idarəsinə aparıb həbs etdi. Elə həmin gün Milli Məclis onun, Sülhəddin Əkbərovun və İxtiyar Şirinovun Milli Məclisin üzvlüyündən azad olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələrinə razılıq verilməsi barədə qərarlar verdi.
Bundan bir neçə gün sonra İsa Qəmbərin yaxınları mənimlə görüşüb ona vəkillik etməyimi xahiş etdilər. Mən İsa bəylə aramızda olan yuxarıda qeyd etdiyim xoşagəlməz söhbəti xatırladıb dedim ki, ola bilsin o, vəkilliyimi qəbul etməyəcək. Bildirdim ki, əgər İsa bəy şəxsən müraciət etsə etirazım yoxdur. 22 iyulda İsa Qəmbər vəkil təyin edilməyim barədə rəsmi ərizə ilə istintaqa müraciət etdi və mən onun vəkili kimi işə buraxıldım. Bundan sonra MTN-in istintaq təcridxanasında İsa bəylə görüşlərimiz oldu. Birinci görüşümüzdə məlum oldu ki, İsa bəy həbs edildikdən 10 gün sonra ona ittiham elan edilib. Barəsində ittiham elan edilənədək 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Əli Ömərovun şəxsən imzaladığı həbs qərarında İ.Qəmbəri müqəssir qismində cəlb etmək üçün kifayət qədər əsas olmadığı yazılıb. Milli Məclis də qərarında İsa Qəmbərin həbsinə razılıq verməmişdi. İsa bəylə görüşdən sonra mən mətbuat konfransı keçirtdim və onun həbsinin qanunsuz olması barədə bəyanat verdim. Bundan dərhal sonra məni baş prokuror Əli Ömərov çağırtdırdı. Məni görən kimi birinci sözü bu oldu ki, qəzetlərdə ağlınıza gələni yazırsınız. Nədən narazı olmasını soruşdum. Dedi ki, o, nə vaxt, harda İsa Qəmbərə ittiham elan etmək üçün kifayət qədər əsas olmadığını yazıb. Bildirdim ki, imzaladığınız həbs qərarında belə yazılıb. Ola bilməz dedi, müavinini və işi aparan müstəntiqi çağırdı, həbs qərarında dediklərimin həqiqət olduğunu oxuyandan sonra sifəti dəyişdi və öz işçilərini təhqir etdi.
Avqust ayının 16-da mənə prokurorluqda dedilər ki, İsa Qəmbəri buraxacaqlar. Mən dərhal MTN-ə gedib bu barədə İsa bəyə məlumat verdim. Lakin həmin gün onu buraxmadılar.
Nəhayət, 18 avqustda mən müstəntiqlə MTN-ə gəldim və həmin gün İsa Qəmbəri azad etdilər. Sonralar İsa bəy mənə deyirdi ki, son iki gün ondan ötrü əvvəlki bir aydan daha uzun olmuşdu. Bu hadisədən sonra müdafiə etdiyim heç bir şəxsə azad olunması barədə qərarı görmədən buraxılacağını demirəm. Yadımdaykən ikinci sualın da cavabını yazım. Dostlardan 
Ehtiram Ilham İsa bəyi zaminə götürən şəxslərin adını düz yazıb. Bunlar xalq yazıcıları Anar və rəhmətlik Yusif Səmədoğlu idilər. Onlar da İsa bəy azad olunan gün MTN-ə gəldilər. Yusif Səmədoğlunun xahişi ilə təcridxana rəisi ona kameranı göstərdi. Yusif müəllim gülə-gülə dedi ki, kamerada duş da olsa yaradıcılıq üçün əla şərait var. İsa Qəmbərin işi ilə bağlı hələki bu qədər.

Adil İsmayılov

vəkil