Natiq İsbatovun cəzalandırılması davam edir.

Bu yaxınlarda Hollandiyadan Azərbaycana deport edilən və polisə müqavimət adıyla inzibati qaydada həbs edilib 30 sutka həbs cəzası alan Natiq İsbatovun durumunun yaxşı olmadığı bildirilir. Bu barədə DAS təşkilatının koordinatoru Rafiq Təmrazov məlumat yayıb. R.Təmrazov bildirir ki, müxtəlif mənbələrdən alınan məlumatlra əsasən qeyd etmək olar ki, Anar İsbatovun inzibati cəzası başa çatdıqdan sonra ona qarşı başqa istintaq hərəkətləri həyata keçiriləcək: “Ailə üzvləri daha ağır cəzanın olmasından çəkindiklərindən ictimaiyyətə və mətbuata heç bir açıqlama verməsələr də, 24 iyul 2019-cu il tarixdə keçirilən Appelyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra N.İsbatovun qardaşı siyasi mühacir Anar İsbatzadə sosial şəbəkədən məlumat paylaşmışdır”
DAS koordinatoru bildirir ki, inzibati qaydada saxlanılmış N.İsbatovun qardaşı Anar İsbatov özünün facebook hesabından bildirir ki, Natiq guya küçədə inzibati ictimai asayişi pozmuş, söyüş söymüş və bu zaman polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla bağlı şahidlər dindirilmiş və iddianın gerçək olduğunu əsaslandırmışlar. Anar İsbatzadənin yazdığı: “Məhkəmə iclasında İsbatov Natiq bildirdi ki, 12 İyul 2017 tarixində təxminən 17:00 radələrində yaşadığı evin qarşısında velosiped təkərinə hava doldurduqdan sonra 3-4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. O, isə səbəbini soruşanda bölmədə izah edəcəklərini bildirmişlər. Bildirdiyi kimi o heç kimə qarşı söyüş söyməmiş, ucadan danışmamış və polis əməkdaşlarına hər hansı müqavimət və tabesizlik göstərməmişdir”.
R.Təmrazov bildirir ki, bundan əvvəl də müxtəlif mənbələrdən, o cümlədən hüquq müdafiəçisi Oqtay Gülalıyevin və Daxili İşlər Nazirliyinin İnzibati Saxlanma Məntəqəsindən çıxanların verdiyi məlumatlara əsasən məlum idi ki, həm məhkəmədən əvvəl polis bölməsində, həm də inzibati saxlanma yerində onun Hollandiyadakı aksiyalardakı, xüsusilə bloger Orduxan Temirxanla olan video və şəkilləri qarşısına qoyulmuş və bunlara görə ona qarşı təzyiq, təhdit və işgəncə tətbiq edilmişdir.
Appelyasiya məhkəməsinə aparılan zaman N.İsbatov jurnalistin sualına cavab olaraq özünü günahkar saymadığını bildirsə də, son vəziyyətlə bağlı verilən suala cavab verməmişdir.
Müsahibimiz sonda bildirdi ki, insanların siyasi baxışlarına görə repressiyalara məruz qalması, saxta ittihamla saxlanması, uydurma məhkəmələrin qurulması davam edir.
Xatırladaq ki, Natiq İsbatov Holandiyadan Azərbaycana deport edildikdən bir neçə gün sonra saxlanılmış və ona qarşı Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarıyla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilmişdir.