Ruslan İzzətlinin cəzalandırılma xronikası

Hakimiyyət məni necə cəzalandırır: sənədlərim niyə saxtalaşdırıldı?..

Hakimiyyət 9 fevral növbədənkənar parlament seçkilərindən sonra şəxsimə və D18 Hərəkatına təzyiqləri davam etdirir. Bu təyiqlərin əsas səbəbi isə seçki saxtakarlıqlarına qarşı etirazlarımdır. Hamınız bilirsiniz ki, 33 saylı Xətai birinci seçki dairəsində total seçki saxtakarlığına komandamla birlikdə həm seçki günü və həm də seçki sonrası etiraz etdik. Bu haqda hər kəs sosial mediada prosesi izlədi. Daha sonra ölkə üzrə total saxtakarlığa etiraz etmək üçün fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısnda D18 Hərəkatı, REAl və Müsavat partiyaları, həmçinin bitərəf namizədlərin birgə mitinqini təyin etdik. Mitinqin qarşısı zorakılıqla alındı, mitinq təşkilatçı olaraq məni ofisimin qarşısından mülki geyimli şəxslər oğurlayaraq Yevlax şəhərində sərbəst buraxdılar.

Bundan sonra – martın 10-da D18 Hərəkatı Nərimanov rayonu Orucəliyev 17 ünvanında yerləşən ofisindən çıxarıldıb. D18 Hərəkatı 7 ildir ki, yaranıb və 3-cü dəfədir ofisimizdən polis tərəfindən çıxarılırıq. Mart, aprel ayları hökumətin təzyiqləri davam etdi. Hökumət adından müxtəlif qrumlardan şəxsimlə görüşə gəldilər. Dialoq prosesinə, “islahat nağılları”na inandırmağa çalışdılar ki, mən və rəhbəri olduğum qrum da prosesdə iştirak etsin. Amma artıq elçilik siyasətlərinin nəticə vermədiyini görən hakimiyyət əsgərliyə aparmaq ssenarisini işə saldı. Xüsusilə görüşə gələn şəxsləri 33 saylı Xətai seçki dairəsində yenidən seçki keçirilərsə, mənim iştirak edib-etməyəcəyim daha çox maraqlandırırdı. Təbii ki, komandamla birlikdə seçki kampaniyasında iştirak edəcəyimimi dedim. Çünki seçki günü aktiv çalışdıq və daha sonra dairədə nəticələrin ləğvi üçün nə gərəkirsə, etdik. Həmin dairədə hətta koronavirus dönəmində vətəndaşların yanında olduq. Yəni həmin dairədən seçkiyə qatılmam həm haqqımdır, həm də seçkiyə qatılmağımı tələb edən kifayət qədər insan var. Görünür, həmin dairədən təkrar seçkiyə qatılmağım hakimiyyətin o dairədə hansısa oynuna manelər yarada bilər. Əsgərliyə aparılmağım həm də bununla bağlıdır.

04.05.2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi (O dövrdə Hərbi Komissarlıq. red) səhhətimdəki problemlə əlaqədar mənə dinc dövrdə yararsız, müharibə dövrü üçün yararlı olmağım haqda hərbi bilet də verdi. 2007-ci il tarixindən hər 3 (üç) ildən bir hərbi həkim komissiyasından keçmişəm. Axırıncı tibbi müayinəm 26.08.2019-cu ildə olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev hərbi biletimə möhür vurub, imza atıb. ( Foto 1)

Sənədlərimi kim itirib?

Martın 5-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən mənə zəng etdilər ki, 8 ay əvvəl tibbi müayinədən keçdiyimi təsdiq edən sənədlər itib. Yenidən komissiyadan keçməlisiniz. Artıq ortada siyasi qərarın olduğunu bilirdim, amma dedim ki, gəlib yenidən keçərəm. Baxmayaraq mənim hərbi biletimdə möhür də var. Mayın 6-da Ağdam hərbi komissarlığının işçilərinin iştirakı ilə rayon Mərkəzi Xəstəxanada müayinədən keçdim. Müayinə nəticəsində yekun akt tərtib edildi. Aktda “sağ tərəfli böyrək daşı xəstəliyi, hər iki böyrəyin mikrofili” qeyd edildi. ( Foto 2)

Yekun akta rayon xəstəxanasının baş həkimi Elxan Ələsgərov və şöbə müdiri Ələddin Nəcəfov imza atıb, möhür vurdu. 07.05.2020 tarixində yekun akt xidmətin rəisi Elxan Feyziyevə təqdim edildi. Amma xidmət rəisi müayinə keçirmiş həkim Ələddin Nəcəfovu təhqir etdi ki, bəs Ruslan İzzətli müxalifətçidir, satqındır. Onun yekun aktında xəstəlik qeyd etməməliydin. O da bildirdi ki, mən həkiməm və doğru diaqnoz qoymasam, sonra məsuliyyət mənim üzərimdə qalacaq. Mən vəziyyəti belə görüb yekun aktın şəkilin çəkib surətin çıxardım.

SHÇDX akti dəyişdirib, saxtakarlığa yol verib ( Foto 3)

Bu gün mayın 8-də Xidmətin Ağdam rayon şöbəsinin əməkdaşı zəng etdi ki, Bakıda yenidən həkim komissiyasından keçməlisiniz. Mən də Mərkəzi həkim komissiyasına getdim. Ağdam komissarlığından göndərilən müayinə sənədlərimə baxanda gördüm ki, yekun akt dəyişdirilib. Heç bir problem qeyd olunmayıb, aktiv sağlam yazılıb. Bunu sənədləri gətirən Ağdam şöbəsinin əməkdaşına da dedim, o isə məlumatsız olduğunu dedi. Sənədin dəyişdiliməsi və saxtalaşdırılmasının cinayət olduğunu Bakıdakı komissiya bildirsəm də, reaksiya verilmədi. Hətta mənə verilən yekun aktını da təqdim etdim. Həkimlər sənədin dəyişdirildiyini görsələr də, nəticəyə təsir edə bilməyəcəklərini dedilər. Anladım ki,məni cəzalandırmaq üçün əmr yuxarıdan verilib. Hətta Bakıda keçirilən müayinə yalnız həkimlərin şifahi sorğu-sualı əsasında oldu, USM, Retgen, EKO və digər yoxlanılışlar edilmədi.

Həkimlərə belimdə kəskin ağrılar olduğunu desəm də, əhəmiyyət vermədilər. Ona görə də bu gün belimdəki kəskin ağrıya görə MEDİLAND Hospitalda MRT etdirdim. Nəticədə siniri sıxan disk yırtığı ( d=5mm) aşkarlandı. ( FOTO 4)

Bütün bunları yazmaqda məqsədim hərbi xidmətdən yayaınmaq və çəkinmək deyil. Bu millət üçün hər zaman mübarizədəyik. 1 il hərbi xidmət bizi əqidəmizdən, yolumuzdan döndərməz. Amma bunları faktları hər kəs bilsin deyə qeyd edirəm. Çünki mənim dinc dövrdə hərbi xidmətə getməməyim səhhətimlə bağlıdır. Hakimiyyətin isə sağlamlığımdakı problemlərlə bağlı məni hərbiyə aparması SİYASİ CƏZAdır.

P.S Hakimiyyətin qanunsnuz olaraq məni əsgərliyə aparmaq istəyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyevin vəzifə səlahiyyətlərindən istifadə edərək yekun aktı dəyişdirməsi, sənədləri saxtalaşdırması barədə məhkəməyə və prokurorluğa müraciət edəcəyəm. Artıq bu gün bununla bağlı hüquqi addımları atmağa qərar verdim.

Ruslan İzzətli

D18 hərəkatının sədri