Keçmiş müstəntiqdən keçmiş əməliyyatçıya cavab

Ola bilərmi ki, mən Zakir Nəsirovu yaxşı tanımıram?

Ramin Nağıyev

Hörmətli Salman Əliyevlə mübahisə etmək istəmirəm, amma… Mən Salman Əliyevin mülahizələrinə hörmətlə yanaşıram. Tamamilə mümkündür ki, bir zamanlar Zakir Nəsirov həqiqətən də, əla cinayət axtarış əməliyyatçısı olub və bu barədə mübahisə etmək istəmirəm. Amma 1995-ci ildən bəri hüquq mühafizə orqanlarında işləyən insanların seçim imkanı həmişə olub: yaxşı insan olaraq qalmaq və ya yaramaz insan olaraq karyera qazanmaq.
Salman Əliyevlə xüsusi mübahisə açmadan Zakir Nəsirovun birbaşa rəhbərlik etdiyi istintaq işlərinin siyahısını təqdim etmək istəyirəm:
1994-cü il. Oğuzda polis əməkdaşları Azərbaycan vətəndaşları olan 3 nəfər ermənini saxlamışdı. 2 kişi və bir qadın əvvəllər yaşadığı bu rayona qayıdaraq burada 1990-cı ildə  gizlətdikləri qiymətli əşyalarını (təqribən, 2-3 min dollarlıq) götürmək istəmişdilər. Ramil Usubovun göstərişi ilə onları Bakıya gətirdilər. Burada dəhşətli işgəncələr altında onlardan ifadə aldılar ki, 1994-cü ilin mart ayında Bakı metropolitenində partlayış təşkil etmək üçün göndərilən diversantlardır. Usubov bu cinayət işinin açıldığı ilə bağlı Heydər Əliyevə raport verdi.

1994-cü ilin sonlarında MTN həqiqi diversantları ələ keçirdi. Bu zaman DIN həmin ermənilərin ifadələrini işgəncə altında yenidən dəyişdirdi. Bu dəfə onlar ifadə verdilər ki, 1994-cü ilin yayında metronun 28 may və Gənclik stansiyaları arasında partlayış təşkil ediblər və bu işi məhkəməyə göndərdilər. Amma bu dəfə də onları mühakimə etmək mümkün olmadı. Çünki, Milli Təhlükəsizlik Nazirliyi Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birlikdə əməliyyat keçirərək Azər Aslanov adlı həqiqi terrorçunu yaxaladı. Bu dəfə də həmin ermənilərin işini yenidən istintaqa qaytardılar və onların ifadələri yenidən dəyişdirildi. Bu dəfə onlar belə ifadə verdilər ki, həqiqətən də diversantdılar, Azərbaycana diversiya məqsədilə gəliblər, amma polis onları yaxaladığına görə bunu edə bilməyiblər. Bundan sonra onların işi yenidən məhkəməyə göndərildi və onlar bu istintaqın nəticələrinə görə mühakimə edildilər.
Tərkibi cinayət-axtarış əməkdaşlarından ibarət olan və həmin ermənilərdən “səmimi ifadə” alaraq məhkəməyə göndərən bu istintaq qrupunun rəhbəri Zakir Nəsirov idi.

1995-ci il. Şəmsi Rəhimovun qətlində ittiham edilən OMON əməkdaşları: Fazil Muxtarov, Elçin Əliyev və Fazil Hüseynov MTN-in istintaq təcridxanasından alınaraq “Qorotdel”in zirzəmisinə salındı, orada amansız işgəncələr altında “səmimi ifadələr” verərək cinayəti törətdiklərini etiraf etdilər. Fazil Muxtarov işgəncələrdən o günə salındı ki, hətta öz pistoleti ilə Afiyəddin Cəlilovu və onun sürücüsünü də öldürdüyünü “boynuna aldı”, hərçənd, bu qətl hadisəsi avtomat silahdan açılan atəşlə törədilmişdi. Bu istintaqın nəticəsini də Ramil Usubov tələm-tələsik Heydər Əliyevə məruzə etdi. Bu istintaq qrupunun rəhbəri də Zakir Nəsirov idi.

1999-cu il. OMON ənəkdaşları-Əmiraslanov və başqaları dəhşətli işgəncələr altında Afiyəddin Cəlilovu və onun sürücüsünü öldürdüklərini “etiraf” etdilər. (“Mixaylo”nun ikinci zühuru idi). Müttəhimlərdən “səmimi etiraf”lar alan bu istintaq qrupunun da rəhbəri Zakir Nəsirov idi.
Daha bir hadisənin də 1997-ci ildə olduğunu xatırlayıram. Bakının Xətai rayonunda heç bir günahı olmayan insanlar qətl hadisəsində günahlandırılırdılar və onlar işgəncələr altında “səmimi ifadələr” vermişdilər, onlar hətta mühakimə olundular belə. Amma sonradan, tamamilə təsadüfən Yasamal polisi bu qətl hadisəsini törədənləri aşkar edib üzə çıxarmışdı və bundan sonra həmin binəva insanlar həbsxanadan azad edilmişdilər….
Güman edirəm, hörmətli Salman Əliyev mənim Zakir Nəsirovu tanıyıb-tanımadığımı müəyyən edə bilər.

linkhttps://www.azadliq.info/8002.html