Tülkü tülkü tünbəki

Əbil Həsənov
Tülkü qocalıb taqətdən düşmüşdü.Əvvəlki kimi gücü-qüvvəsi qalmamışdı. Artıq nə hiyləsi işləyirdi nə də kələyi.Aclıq da onu birtəhər etmişdi.Quyruğu da ona ağır bir yük olmuşdu . Yemək axtarmaq üçün quyruğunu sürüyə -sürüyə yaxınlıqdakı kəndə tərəf getdi.Kəndin kənarında yaşayan boyaqçının daxmasına yaxınlaşıb, onun damına çıxaraq bacadan içəri baxdı . Daxmanın içində boya ilə dolu bir neçə qazan gördü. Qazandakıları yemək zənn edib özünü bacadan içəri atdı.Qazanların içinə girib yemək axtardı lakin bir şey tapmayıb kor peşiman meşəyə tərəf gəldi.Meşəyə çatar-çatmaz meşədəki bütün heyvan və quşlar onun ətrafına yığıldılar.Indiyə kimi meşə əhli belə gözəl heyvan görməmişdilər.Tülkünü meşənin şahı Şirin yanına apardılar.Şir tülkünü görüb heyrətindən donub qaldı.O,hələ belə gözəl heyvan görməmişdi.O tülkünün qarşısında ədəb -ərkanla baş əyərək dedi.-“Heç insafmıdır sənin kimi gözəl bir varlıq dura dura mənim kimi bir heyvan meşəyə şahlıq etsin. “-deyərək başından şahlıq tacını götürüb tülkünün başına qoydu və onu öz taxtında oturtdu.Beləliklə o gündən tülkü meşəyə şahlıq etməyə başladı. Artıq yemək haqqında fikirləşmirdi.O bilirdi ki,qarşıdan yağışlı payız fəsli gəlir.Güclü yağışlar yağıb onun rəngini yuyub aparacaq və meşə əhli onlara şahlıq edənin tülkü olduğunu görüb, onu meşədən qovacaq. Ona görə də öz hiyləsini işə salmağa başladı. Hiylə işlədərək ətrafına tülküləri,çaqqalları və kaftarları yığaraq, şirləri,pələngləri,aslanları saraydan uzaqlaşdırdı.Meşənin sərvətlərini sataraq öz ailəsinə və ona yaxın olan çevrəyə sərf edirdi.Səsini çıxaranlara elə zülm edirdi ki,səsini çxarmaq istəyənlər onlara baxıb qorxularından dinmirdilər.Nəhayət payız gəldi.Güclü leysanlar yağıb tülkünün rəngini yuyub apardı.Meşə əhli şahın tülkü olduğunu gördü.Daha gec idi.Heç kimdə etiraz etməyə qüvvə qalmamışdı.Hamı onun tülkü olduğunu görsə də, heç kəs üzünə deməyə cəsarət eləmədi. Hər yerdə ona şir qiyafəsində heykəllər ucaldıldı. Hamı o heykəllərə baş əyib qürur duyduğunu söyləməli idi. Şirdən pələngdən aslandan əsər-əlamət qalmamışdı. Onların bəziləri zülmə tab gətirməyib meşədən qaçmış, bəziləri isə şahdan mükafat alaraq, tülküyə,çaqqalla dönmüşdü.Meşədən bülbül səsi gəlmirdi. Onları bayquşlar və qarğalar əvəz etmişdilər. Tülkü meşəni xarabalığa döndərmişdi.