İstedadlı şairimiz İbrahim Həssasın “Kölə olma” adlı kitabı dərc edilib. Şairi təbrik edirik və kitabdan bəzi seçmələri təqdim edirik:
Köləliyin at daşını,
Qaytar geri yaddaşını,
Uca, məğrur tut başını,
KÖLƏ OLMA!!!
Məzlumlara dayaq ol sən,
Zalimlərdən uzaq ol sən,
Zülmətlərə çıraq ol sən,
KÖLƏ OLMA!!!
Aç gözünü dünyaya bax,
Gör nə xoşdur azad olmaq!
Sənindirsə bu yurd, torpaq,
KÖLƏ OLMA!!!
Bir özünə qayıt, xalqım!
Yatanları ayılt, xalqım!
Kimliyini tanıt, xalqım!
KÖLƏ OLMA!!!
Mübariz ol, əyilmə sən,
Öz içindən yeyilmə sən,
Öz əlinlə döyülmə sən,
KÖLƏ OLMA!!!
Gəl sahib çıx dövlətinə,
Yağmalanan sərvətinə,
Arxalan güc-qüvvətinə,
KÖLƏ OLMA!!!
Birləş, bir xoş günün olsun,
Azadlığın şirin olsun,
Qarabağ da sənin olsun,
KÖLƏ OLMA!!!
Zalim varsa, haqq yox olur,
Aşındıqca dağ yox olur,
Kölələşən xalq yox olur,
KÖLƏ OLMA!!!
YAŞAMAĞA ÜMİD YOX!!!
Günü-gündən pisləşir ölkənin vəziyyəti,
Qul yerinə qoydular bu xalqı, bu milləti,
Talandı, yağmalandı bu Vətənin sərvəti,
Yaşamağa ümid yox!!!
Namnazik asvalt çəkib vəsait yeyilirsə,
Hər gün “mavi ekranda” yalanlar deyilirsə,
Ədalət tərəzisi yüz yerdən əyilirsə,
Yaşamağa ümid yox!!!
Ailə quranların çoxusu başa çıxmır,
Bunların başı çatmır, yoxsa ki başı çıxmır?!
Doğulan on oğlandan doqquzu kişi çıxmır,
Yaşamağa ümid yox!!!
Körpüləri uçurub çaydan keçən millətim,
Qaragünlü olsa da, ağı seçən millətim,
Çay istehsal eləyib “boya” içən millətim,
Yaşamağa ümid yox!!!
Dükanlarda boldu yağ, evimizdə tapılmır,
Ət yaxşı günümüzdə, kefimizdə tapılmır,
Maaş alsaq, səhər pul cibimizdə tapılmır,
Yaşamağa ümid yox!!!
Məktəbi, səhiyyəsi rüşvət mənbəyi olub,
Polisi, məhkəməsi sərvət mənbəyi olub,
Əxlaqsız fahişələr ibrət mənbəyi olub,
Yaşamağa ümid yox!!!
Düz olmaq daha şərəf, ləyaqət rəmzi deyil,
Zalimə arxa durmaq ədalət rəmzi deyil,
Heykələ boyun əymək ibadət rəmzi deyil,
Yaşamağa ümid yox!!!
ALLAH, gir içimizə, döyünən ürək ol sən,
Dayağımız yıxılsa, arxa ol, dirək ol sən,
İLAHİ, bu millətə, bu xalqa kömək ol sən,
Yaşamağa ümid yox!!!
Bizi daşa döndər, daş elə, ALLAH!
Nə çoxdur bu xalqı çapıb-talayan,
Nə çoxdur bu xalqa yiyəlik edən?!
Bu xalqın başına oyunlar açan,
Bu xalqın başında dəlləklik edən?!
Ürək bulandıran, qəlb bulandıran,
Mavi ekranlarda milçəklik edən.
Peyğəmbər adından, ALLAH adından
Danışıb kulontək təlxəklik edən
Nə çoxmuş, İLAHİ, nə çoxmuş, ALLAH?!
Bizi daşa döndər, daş elə, ALLAH!
Nə qədər səhvimiz, günahımız var,
Üstünü örtürük, naxışlayırıq.
Biz öz gözümüzdə qılı görmürük,
Özgənin gözünə tir tuşlayırıq.
Bu yurdun ən qədim abidələrin
Qənim kəsilənə bağışlayırıq.
Alçağı çıxarıb yuxarı başa
Yerdən çəpik çalıb alqışlayırıq.
Bu xalqı bu hala salan biziksə
Bizi daşa döndər, daş elə, ALLAH!
Nə qədər səbrimiz, dözümümüz var,
Razıyıq düşmənin badalağıyla.
Müstəqil olsaq da nə xeyri, atam?
Böyüdük biz rusun “şapalağıyla”.
Gedib Qarabağı nə təhər alsın,
Əsgər böyüyübsə “Teksun” yağıyla?
Axı Qarabağın ayağı yoxdur,
Qarabağ qayıtmaz öz ayağıyla.
Onu satan əllər quruyaydı kaş,
Bizi daşa döndər, daş elə, ALLAH!
Niyə yaşayırıq, niyə ölmürük?
Bu yurdda bal tutan barmaq yalamır.
Milli birliyimiz yox olub gedib,
Qaraca Çobanlar tonqal qalamır.
Bəzi tarixçilər calağıq deyir,
Bizim kökümüzü türkə calamır.
Yaxşı ki, erməni Gəncəni tutmur,
Yaxşı ki, Bakını çapıb-talamır.
Yenə buna şükür, əsir deyilik,
Bizi daşa döndər, daş elə, ALLAH!
Bizi sevə bilməz, istəyə bilməz,
Ürəyi daş olan, qəlbi daş olan.
Çətin Vətən hissi yarada bilsin,
Bir qarnı ac olan, başı boş olan.
Hər gün Zaurların, Xoşqədəmlərin
Baxıb verlişinə dolub-boşalan.
İslamdan qandığı nəsə yoxsa da,
Harda aş verilsə, orda baş olan.
Gedib Türkiyəyə, Dubaya bir yol,
Gəlib hey “quşlayan,” adı “quş” olan.
Bu boyda millətin, bu boyda xalqın
Rəsmi deputatı Səyavuş olan
Ölkə yer üzündən silinməyibsə,
Bizi daşa döndər, daş elə, ALLAH!
İndi kimə durub desən ki…
İndi kimə durub desən ki,
bu ölkə heç vaxt düzəlməyəcək,
tək-tək adamdan savayı
hamı səni müxalifətçi olmaqda
qınayacaq.
İndi hamının istəyi
qaz vurub qazan doldurmaqdır, məncə.
Biz – dərddən boğaza yığılanlar
heç bir dövrə sığışmadıq.
Gəncliyimiz də uşaqlığımız kimi
çörək həsrəti çəkməklə keçdi.
Biz – itirdiyimizi tapmadığımız,
tapmadığımızı itirdiyimiz
bir dövrün uşaqlarıyıq.
İndi hər dəfə şeir yazanda
adam fikirləşir ki,
görəsən, bu şeiri bir nəfər də olsa
oxuyan tapılacaqmı?
Heç olmasa, bircə nəfər
evində rahatca
ayağını ayağının üstünə qoyub
çay içə-içə
“filankəsin” şeirləri
yorğunluğumu çıxardır deyəcəkmi?
İndi bu “Odlar Yurdu” adlandırdığımız
ölkədə yayın cırhacırında
kim desə ki, üşüyürəm,
dəli sanıb fitə basmayın onu.
“Sən dəlisən,” “sən dəlisən” deyib
pəncərəsini daşlamayın,
beş-altı dılğır gədəni yazığın üstünə salıb
qanına susamayın onun.
İndi kimə durub desən ki,
bu ölkə heç vaxt düzəlməyəcək,
tək-tək adamdan savayı
hamı səni müxalifətçi olmaqda
qınayacaq.
MÜƏLLİM
Müəllim! Bu addan yüksək ad hanı?
Bizi zirvələrə dartır müəllim.
Bir yurdun kamala çatması üçün
Gecəni gündüzə qatır müəllim.
Bir gün şagirdləri yaşa dolanda,
Tələbə adına layiq olanda,
Ürəkdən sevinir, gülür o anda,
Axır məqsədinə çatır müəllim.
Harda müəllimə cəmiyyət dönük,
Orda insanların idrakı sönük.
Biz uşaq olanda elə bilirdik,
Nə yemək yeyir, nə yatır müəllim.
Qoyma müəllimin ürəyi sına,
Qına, düz olsan da özünü qına!
Elmini millətin balalarına
“Salam”a, “sağ ol”a satır müəllim.
Ay kimi tərtəmiz vicdanı vardır,
Sanki bir mayakdır, zirvədə qardır.
Bizi çətinlikdən çəkib çıxardır,
Özüsə “boğulub-batır” müəllim.
Düşsə də çətinə, düşsə də dara,
Heç zaman əyilmir dövlətə-vara.
Yol açır zülmətdən aydınlıqlara,
Canını odlara atır müəllim.
İbrahim Həssas