Gözünüzdə sönmüş işıq

 

Bayram əhval-ruhiyyəsini ən gözəl yansıdan şey nədir, sizcə? Məncə, insanların gözündəki işıq. Paytaxtın mərkəzi küçələrindən birinə çıxın, qarşılaşdığınız insanların gözlərinə baxın. O işığı  gördünüzmü? Bayram havası ilə gülümsəyən adamlarla üz-üzə gəldinizmi? Köhnə illərdəki kimi alış-veriş həyəcanı ilə dükan-bazara qaçdınızmı? Ziyarət edəcəyiniz qohum-əqrəbanın, dost-tanışın siyahısını tutdunuzmu? Onlara bayram sovqatı adına nəsə aldınızmı? Uşaqlarınızı sevindirəcək bir şeylər düşündünüzmü, şirniyyat “xurcun”u  və ya oyuncaq almaq yadınıza düşdümü?

Bayram əhval-ruhiyyəsini gözəl yansıdan daha nədir, sizcə? Heç olmasa, 3-5 günlük hər şeyi unudub sevinc duyğularını dərindən yaşamaq. Yaşaya biləcəksinizmi? Süfrənizin əskikləri canınızı sıxmayacaq ki? Uşaqlarınıza istədiklərini ala bilmədiyiniz üçün gözünüz dolmayacaq ki? Yoxluqdan doğmalarınızın qapısını aça bilmədiyinizə görə içiniz yanmayacaq ki? Üstünüzə yüklənmiş bank borclarının ağırlığı kabus kimi bayram ovqatınızın üstünə çökməyəcək ki? İşsizliyin, bahalığın, böhranın sıxıntısı ağlınızı qarışdırıb, qanınızı qaraltmayacaq ki?  Bayram masanızdan əskik olan günahsız məhbus doğmalarınızın yeri ürəyinizi hönkür-hönkür ağlatmayacaq ki? Yola saldığınız ildə yeyilən haqlarınız, yanan ümidləriniz bir-bir fikrinizdən keçib, ruhunuzu qanatmayacaq ki? Bütün bu sıxıntıların arasında cılız beyinli telekanallardan evinizə od püskürən qırmızı bayram yalanları əsəblərinizi tarıma çəkməyəcək ki? İlsonu hesabatlarında gözünüzün içinə baxa-baxa söylənən analoqsuz, sıçrayışlı inkişaf nağıllarını duyunca, əlinizdəki pultu ekrana fırıldatmaq keçməyəcək ki, içinizdən?

Bayram əhval-ruhiyyəsini  yansıdan  daha nədir, sizcə? İnsanın içindəki sevginin, hüzurun, rahatlığın, əminliyin üzdəki ifadəsi. O ifadəni yaradan onlarca önəmli şey. Qanunun şah olduğu bir ölkədə yaşadığını bilmək, fərdi olduğun o ölkədə dəyər daşıdığına inanmaq, arxanda güclü bir dövlətin dayandığına əmin olmaq, gələcəyinə ümidlə baxdığın bir yolda addımlamaq. Qurduğun gözəl xəyalların gerçəkləşəcəyi günü inanaraq gözləmək. Qəlbinizdə “gözəl şeylər olacaq”  pıçıldayınca, gözünüzdə yanan işıq. Yeni ilin yeni üfüqlər açacağına ürəkdən ümidlənərək qanadlanmaq. Qəfil işıqlarınız sönüncə, “yanar” deyib gülümsəmək, sularınız kəsilincə,  sakitcə “gələr” deyib arxayınlaşmaq, qazınız kəsilincə, “buna nə oldu” söylənib təəccüblənmək. Bütün bunları həyatınıza yansıdan bayram əhval-ruhiyyəsi varmı yaşadığınız məmləkətdə?

Ağır bir il sona çatır. Ölkə insanının necə gərgin ovqatla yeni ilə getdiyini yaxşı bilirəm. Yoxsa bayramqabağı bunca kədərli şeyi yazıb, əhvalınızı bir az da korlamaq istəməzdim. Bunları yazıb, məmləkətin dərdini bölüşmək istədim, sadəcə. Kədərinizə şərik olmaq istədim. Yuxulu yaddaşınızı silkələmək istədim bir az da. Dedim, bu ilsonu köhnə borclarınızla üz-üzə oturub yaxşı-yaxşı düşünəsiniz, heç olmasa.  Düşünəsiniz, bu milyardlar ölkəsində düşdüyünüz zavallı durumun baiskarı kimlər? Düşünəsiniz, yuvarlandığınız yoxsulluq və borc girdabının səbəbləri harda?  Düşünəsiniz, nədən bu məmləkətdə işıqlar sönəndə, insanlar, o, bir daha heç yanmayacaq kimi ümidsizliyə qapılır? Nədən sular kəsiləndə,  bir daha gəlməyəcəkmiş kimi evlər kədərə boğulur? Nədən bu yurdun insanı bir xəstəliklə  üzləşəndə, “hər şey bitdi” düşüncəsiylə depressiya burulğanına düşür? Düşünəsiniz, nədən bu qədər kədərlidir həyatınızdakı hər şey? Gözlərinizdəki  bayram əhval-ruhiyyəsini yansıdan  o işıq harda sönüb getmiş, düşünsəniz…

Səadət Cahangir