VƏZİFƏDƏ OLUB RÜŞVƏT ALMAYANLARA QİBTƏ EDİRƏM

İndi hər dəfə Qənizadə qanundan, qanunçuluqdan ağızdolusu danışanda üzümdə təbəssüm yaranır və o hadisəni xatırlayıram.

Mən yaza-yaza, sizsə oxuyaraq gəlib bazara çıxdıq, günlərin necə keçməsindən xəbərimiz olmadı. Bütün dostlara xoş istirahət arzu edirəm. Onu da deyim ki, statusları işimdən ayrılmadan yazıram, boş vaxtlarımda vəkillik də edirəm. Statusları elə səhifədə yazdığımdan sonradan oxuyanda səhvlər olduğunu görürəm, ona görə də texniki qüsurlara görə oxuculardan üzr istəyirəm. Söz verirəm ki, bundan sonra yazdıqlarımı özüm redaktə etməmiş səhifəyə qoymayacağam🙂
İlqar Rəsul demiş, bu gün ovqat üçün bir neçə olmuş əhvalat danışmaq istəyirəm.
BIRINCI ƏHVALAT müstəntiq işləməyə başladığım dövrə aiddi, o vaxtdan 40 il keçib. 1978-ci ildə Universiteti bitirən kimi 21 yaşında məni Sumqayıt şəhər prokurorluğuna stajor- baş müstəntiq vəzifəsinə təyin etdilər. Mən ikinci dəfə idi ki, Sumqayıta gedirdim. Bakı-Sumqayıt avtobusundan düşüb taksiyə mindim və sürücüdən məni prokurorluğa aparmasını xahiş etdim. Mənə demişdilər ki, prokurorluq çox uzaqda deyil, amma gecikməmək üçün taksi ilə getməyə qərar verdim. Taksi təxminən 20 dəqiqədən sonra məni anqarlar olan bir yerə gətirdi, soruşdum prokurorluq haradı. Məlum oldu ki, sürücü məni səhv başa düşüb biz Nasoslu qəsəbəsindəki profilaktoriyaya (maşın emalatxanasına) gəlmişik. Təzədən Sumqayıta qayıdanda aydın oldu ki, avtovağzaldan prokurorluğa piyada 5 dəqiqəlik yoldu. O vaxt prokurorluq 18-ci kvartalda 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi. Birinci iş günü beləcə işə gecikdim. Prokuror Əliş Əliyev məni qəbul etdi. Yerinə təyin edildiyim müstəntiq İslam Kərimovu çağırdı. Məlum oldu ki, İslam müəllim respublika prokurorluğuna şöbə prokuroru vəzifəsinə təyin edilib, şəhər prokuroru xahiş edib ki,icraatında olan işləri yekunlaşdırıb sonra yeni iş yerinə getsin. Prokuror dedi ki, Kərimov gedənə kimi mən ona kömək edəcəm və bir şeylər öyrənəcəm. Elə həmin gün biz birlikdə Sumqayıt şəhər polis idarəsinə ( o vaxt milis şöbəsi idi) getdik. Kərimovun icraatında bir rüşvət işi vardı. Sumqayıtda hansısa Mənzil İstismar Sahəsinin müdiri 10 rubl pul rüşvət alıb bir adamı pasport qeydiyyatına saldırmışdı. Buna görə də rüşvətalma maddəsi ilə həbs edilmişdi. Polisdə bizi həmin adamın vəkili gözləyirdi. Vəkil uzun müddət prokurorluqda yüksək vəzifələrdə işləmişdi. Səhv etmirəmsə hətta Sumqayıt şəhər prokuroru da olmuşdu. Bu məşhur neftçi Ağa Nemətullanın oğlu Adil Ağayev idi. Vəkilliyə təzəcə başlamışdı. O vaxtkı qanunvericiliyə görə vəkil işə istintaqın bitməsi müqəssirə elan edildikdən sonra buraxılırdı. Beləliklə müqəssir onu da, məni də birinci dəfə görürdü. Müstəntiq Kərimov bizi müqəssirə təqdim etdi. Adil Ağayev müqəssirdən soruşdu ki, rüşvət almasını etiraf edirmi? Müqəssir çox həyəcanlı vəziyyətdə rüşvət almadığını, işin qurma olduğunu, üzünə duran şəxsin ona şər atdığını, nahaqdan tutulduğunu dedi, and-aman elədi ki, Adil müəllim(vəkili nəzərdə tuturdu) vallah-billah bu adamdan pul almamışam. Adil Ağayev təmkinlə onu dinlədi və soruşdu ki, bu adamdan pul almamısan, yoxsa ümumiyyətlə almamısan. Adam da sakitcə cavabında “niyə ki, başqalarından aldığım vaxt olub” dedi. Ağayev yenə təmkinini pozmadan dedi “elə fikirləş ki, səni aldıqlarına görə həbs ediblər”…
Mən vəkil olandan sonra bu əhvalat tez-tez yadıma düşür. Müdafiə etdiyim, xüsusən də vəzifə sahibi olmuş şəxslər həbslərindən həddən artıq özü də yersiz həyəcan keçirəndə, nahaqdan tutulduqlarını deyəndə soruşuram ki, ola bilməz ki, indiyə kimi heç bir cinayət etməmisən və bu əhvalatı danışıram. Şəxsən mən Azərbaycanda vəzifə tutub cinayət etməyən, rüşvət almaq imkanı olub almayan şəxs olmasına inanmıram, belə şəxslər varsa onların normal olmasına şübhə ilə yanaşıram. Müştərilərimin də əksəriyyəti bu məsələyə mənim kimi yanaşdıqlarından bir-birimizi başa düşürük və adamların türmə həyatı daha rahat keçir. Yadımdan çıxmamış deyim ki, o vaxt biz Kərimovla geri qayıdanda məlum oldu ki, o, sabahdan yeni iş yerinə getməlidi. Prokuror mənə dedi ki, nə etmək olar “budeş varitsya v svoyem soku”. Beləcə o vaxtdan öz şirəmdə qaynayıram.

O İŞ İNDİYƏ KİMİ DƏ AÇILMAYIB…

Müstəntiq Kərimov icraatında olan üç işdən əlavə mənə 30-40 dənə dayandırılmış iş miras qoydu. İndi vəziyyətin necə olmasını bilmirəm. O vaxt yeni təyin olunan müstəntiq gedən həmkarının dayandıırılmış işlərini də qəbul edirdi, bunlar adətən seyfin aşağı gözündə olurdu.Bir müddət vaxt olduqca bu işlərlə tanış olmağa başladım. Məlim oldu ki, bəzi işlər cinayəti törətmiş şəxsin müəyyən edilmədiyinə görə dayandırılıb, bunlar açılmamış işlər idi və açılacağına ümid də yox idi.
İKİNCİ ƏHVALAT
Bir iş marağımı xüsusi cəlb etdi. 1970-ci ilin əvvəllərində Sumqayıtdan Saraya gedən yoldakı körpünün altında naməlum qadın meyidi aşkar edilir. Meyidin başı kəsilmişdi və tapmaq mümkün olmur. Bir neçə gün sonra polislər(o vaxt milis olduqlarını mən də bilirəm) bir nəfər müəllimi bu hadisəyə görə şübhəli şəxs kimi saxlayırlar. Yaddaşım məni aldatmırsa onun,soyadı Məmmədov idi. Məmmədov naməlum qadının onun tanışı olması, uzun müddət qeyri-rəsmi nigahda yaşadıqlarını, aralarında yaranmış münaqişə zəminində onu öldürdüyü, sonra cinayətin açılmaması üçün başını kəsib dənizə atmasını, bədənini isə aparıb körpünün altına tulladığı barədə ifadə verir. Onun ifadəsi yerində yoxlanılır, təbii ki, baş tapılmır. Məlum olur ki, Məmmədovun barəsində ifadə verdiyi qadın həqiqətən onun tanışıdır, bir həftə olar ki, yoxdur. Bundan sonra Məmmədova Cinayət Məcəlləsinin o vaxtkı 95-ci maddə ilə ittiham elan edilir və iş məhkəməyə göndərilir. İşi açdıqlarına görə polislər və prokurorluq əməkdaşları mükafatlandırılır. Məhkəmə Məmmədova 10 il azadlıqdan məhrum etmə cəzası verir.
Bundan sonra Məmmədov cinayət törətmədiyi, hadisəni fiziki və psixoloji təzyiq altında boynuna götürdüyü barəsində Ali Məhkəməyə şikayət verir, o vaxt Apellyasiya məhkəməsi yox idi. Məhkəmədə işə baxılan ərəfədə Məmmədovun anası oğlunun işi ilə əlaqədar şikayət etmək üçün tez-tez Bakıya gəlir. Bu gəlişlərinin birində qadın avtobusda gedərkən bir nəfər tanışını görür, hay-küy salıb avtobusu saxlardırıb düşür. Ananın tanıdığı adamın kim olduğunu yəqin ki, başa düşdünüz, bu Məmmədovin “öldürdüyü” qadın idi. Məlum olur ki, çox da ağır olmayan həyat tərzi sürən bu qadın “meyidi” tapılmamışdan bir həftə əvvəl özünə yeni sevgili tapıb, sonuncunun Bakı kəndlərindən birindəki bağ evində yaşayır və o vaxtdan Sumqayıta getmir. Ananın xahişi ilə qadın Ali Məhkəməyə gəlib ifadə verir və hakimlərin Məmmədova bəraət verməkdən başqa yolu qalmır…
İş yəqin ki, indiyə kimi də Sumqayıt şəhər prokurorluğunda hansısa müstəntiqin seyfində qalır, bəlkə də bu müstəntiq heç açıb o işi oxumayıb da . Bu işi oxuyandan sonra mən özümə dərs çıxardım. Başa düşdüm ki, insan bu və ya digər səbəbdən etmədiyi cinayəti boynuna ala bilər və etiraf ifadələrinə diqqət və ehtiyatla yanaşmaq lazımdır. Müstəntiq işlədiyim sonrakı dönəmdə və vəkillik edəndəə dəfələrlə belə etirafların şahidi olmuşam. Pivzavod işində təqsirləndirilən şəxslərin etdiyi cinayətə görə əsassız məhkum edilmiş və bir neçə il idi ki, həbsdə olan 3 gənc, xəstə uşağı həbsdən azad elətdirməyimi həmisə həyatımın dəyərli səhifələrindən biri kimi xatırlayıram…

MÜSİBƏT OLURUQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ

İndi danışacağım əhvalatın ağlamalı, yoxsa gülməli olmasına özünüz qiymət verin. 1992-ci il Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövr idi. Çingiz Qənizadə (o vaxt Qəniyev idi) Bakı şəhərinə yenicə prokuror təyin edilmişdi, mən də bir il idi ki, vəkillik edirdim. Qənizadə prokuror vəzifəsinə təsadüf nəticəsində düşmüş adam olduğundan (bu təyinatın tarixçəsini mənə onun səbəbkarı olan hörmətini saxladığım və inandığım bir nəfər danışıb, istəsə Çingiz özü danışa bilər) və yəqin işi bilmədiyi üçün qısa zaman kəsiyində bir neçə dəfə toqquşmuşduq.

ÜÇÜNCÜ ƏHVALAT
Çətin anlarımda mənə yaxşılığı keçmiş bir tanışım, zəng edərək Bakı şəhər prokuroru Qəniyevin onun bacısı oğlunu həbs etdiyini danışdı. Əhvalat belə olmuşdu. DAM-da ( indiki YPX) işləyən bacıoğlu bir iş yoldaşı ilə CƏNGİ aşırımında polis maşınında növbə çəkirmiş. Onlar bir Yiquli avtomobilini saxlayırlar. Maşın ağzınacan ayaqqabı ilə dolu olur, sürücü və sərnişin oturduqları yerdən başqa. Məlum olur ki, sürücü və sərnişini Ağdaş rayon sakinləridir, indiki dillə desək iş adamlarıdı, o vaxt bunlara alverçi deyərdilər. Leninqraddan( İndiki Sankt-Peterburqdan) gəlirlər, satmaq üçün ayaqqabı gətiriblər və onları aeroportda öz maşınlarına yükləyib Ağdaşa evlərinə gedirlər. Adamlar dədə-baba qaydasında polislərə pul vermək istəmədikləri üçün qohum olduqları Çingiz Qənizadənin adını verirlər. Polislər də deyir ki, belə prokuror tanımırıq. Bundan sonra polis qardaşlar hərəsi bir cüt ayaqqabı götürür və maşını buraxırlar. Bu hadisə həftənin 5-ci günü olur. Bazar günü Çingiz müəllim( o vaxt bəy idi) Ağdaşa hansısa mərasimə gəlir. Orda qohumları Çingizə şikayətlənir ki, bəy, sən necə prokurorsan, QAİ səni saymır. Mimino kinosunda olduğu kimi “QAİ tebya ne uvajayet”. Çingiz bəy də birinci gün işə çıxan kimi yol polisinin həmin əməkdaşlarını, soyadları indiki kimi yadımdadı, bacıoğlu Piriyev, o biri isə Xaspoladov idi, Bakı prokurorluğuna kabinetinə gətizdirib, paqonlarını sökür və hər ikisini həbs edir. Mənə olan zəngdən sonra bacıoğlunun valideynləri ilə müqavilə bağlayıb Qənizadənin qəbuluna getdim. Dedim ki, Çingiz bəy, qanunsuz hərəkət etmisiniz, adamları qanunsuz tutmusunuz. Soruşdu ki, niyə? Dedim Bakı şəhər prokurorunun Abşeron rayonu ərazisində baş verən hadisyə görə adam tutması qanuna ziddir. Əvvəl tam ciddi “olmazmı” soruşdu, sonra isə «yaxşı etmişəm» dedi. Mən heç nə demədən sağollaşıb getdim, ertəsi gün Baş prokuror mənim şikayətimlə işi Bakı prokurorluğundan alıb ərazi aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna (prokuror Vahabzadə idi) göndərdi. .. Bir şeyi deməsəm ürəyim partlayar : İndi hər dəfə Qənizadə qanundan, qanunçuluqdan ağızdolusu danışanda üzümdə təbəssüm yaranır və o hadisəni xatırlayıram.