Səni sevmək çətindir, Vətən!

“Çörəyi ver çörəkçiyə.”

Səhnəcik.

Səlahiyyətli şəxs – (əlində  çörək çox ağıllı və qayğılı bir pozada, üzülərək):  – Çörəyi kimə tapşıraq, bu vacib işə kim baxsın!?  (O əlində çörək üzülərkən əlində bir qəşəng çomaq olan ağsaqqal peyda olur. O,  Məsləhətçidir.)

Məsləhətçi: – Başım çıxmır sən niyə üzülürsən? Bu ki, çox sadə məsələdir. Çörəyi ver çörəkçiyə, o əlindəki çörəyi də üstəlik. Vəssalam şüdtəmam. (Ağsaqqal bu sözləri deyib çomağı üç dəfə yerə vurur və bu anda digər tərəfdən Çörəkçi görünür.)

Çörəkçi (Səlahiyyətli adama yaxınlaşıb):-  Mən hər cür çörək bişirə bilirəm. ( başlayır çörək bişirməyə).

Bəli, məsələ sanki həll olunur. Ancaq problem bundan sonra başlayır.

Səlahiyyətli adamla Çörəkçi yola getmir. Çörəkçinin nüfuzu artır. Bu, Səlahiyyətli adamın xoşuna gəlmir. O başlayır çörəkçinin işinə qarışmağa, ona çörəyi bişirməyin qaydalarını öyrətməyə. Xəmir necə olsun, maya necə olsun, duz necə olsun DİKTƏ eləməyə.

Çörəkçi – Mənim peşəkarlığım, ləyaqət və mənliyim sən deyən kimi hərəkət etməyə imkan vermir!

Səlahiyyətli adam: – Sənin peşəkarlığın, ləyaqət və mənliyin boş şeydir!

Bu söhbətdən sonra Çörəkçi  işdən uzaqlaşır. Səlahiyyətli adam çörəkbişirməni öz əlinə alır. Bu işi ala-yarımçıq bacaran,  ancaq ləyaqətsiz və mənliksiz adamları bu işə cəlb edib başlayır çoxlu pul qazanmağa. Bu iş bütün məmləkətdə genişlənir. Səlahiyyətli adam çörəkbişirənlərin başbiləni də seçilir. Demə,  o məmləkətin bütün işlərinin BAŞBİLƏNİ adını almaq üçün sino  gedirmiş.

Ancaq bu məmləkətdə çörəyin dadı olmur. Çörək saman dadı verir. Onu yeyən-yeyən şərəfini, ləyaqətini itirir. Bir gün Səlahiyyətli adam yuxusunda Məsləhətçini görür. Ondan soruşur ki, çörəyimizin dadı niyə yoxdur, sirr nədədir?

Məsləhətçi  – Çox sadədir, diqqətlə qulaq as. Küləklə Ləyaqət söhbət edir. Külək deyir ki, “Mən bütün dünyanı gəzərəm, bir qitədən digərinə  gedərəm, oradan başqa bir yerə. Bəs sən?” Ləyaqət cavab verir: “Mən bir az başqayam. Getdimsə, qayıtmaram”.

Səlahiyyətli adam bir şey anlamır. Onda  Məsləhətçi kədərlə  deyir:

Məsləhətçi – Onu bil ki, ləyaqət, mənlik olmayan yer  ….. xanadır və orda çörəyin dadı olmur.

Bəli, əziz oxucu, bu bir səhnəcik-pritça idi. Ancaq bu pritçada bizim reallıq əks olunub. Yəni səninlə mənim həyatım.

Indiki həyat tərzimizdən az fərqlənən Sovet İttifaqı deyilən bir məkan var idi. Elə hey çalışırdılar ki, yeni bir adam – Sovet adamı formalaşdırsınlar. Guya, bostanda xiyar yetişdirirdilər.  Bostanda deyəndə, istixanada, yəni parnikdə. Bir şey çıxmadı. Parnikdən məhsul ala bilmədilər. Yəni, öz düsturlarına uyğun adam yetişdirə bilmədilər.

Başa düşə bilmirəm, tarixin bu dərsi indiki əldəqayırma ideoloqlara bəs eləmir? Mən onlara sual edirəm:

–       Siz məndən parnik xiyarı yetişdirmək istəyirsiniz? Bəlkə sizin özünüz parnik xiyarısınız, bundan xəbəriniz yoxdur?!

Elə isə qulaq asın!

III

Lakeylərin hökmranlığı.

İnsan təbiəti etibarilə – Yaradıcıdır.  Yaradıcılıq üçün ən əsas şərt – Azadlıqdır. Ancaq azad insan həyata yaradıcı yanaşa bilər. Ancaq azad insan həyatı gözəlləşdirmək, xeyrə yönəltmək, bununla da  insanın mənlik və ləyaqətini ucaltmaq iqtidarındadır.

Azadlıq deyəndə ilk olaraq Vicdan azadlığı başa düşülür. Yalnız vicdan azadlığı olan yerdə başqa azadlıqlar da ola bilər. Vicdansızlıq hökm sürən yerdə heç bir azadlıq ola bilməz. Orda ancaq yalançılıq, saxtakarlıq, qanunsuzluq, zorakılıq inkişaf edə bilər. Vicdan azadlığı, elədiyin hər  iş və əmələ görə məsuliyyətdir, cavabdehlikdir. Birinci növbədə öz vicdanın qarşısında məsuliyyət. Mənlik, ləyaqət hissi də məhz bundan sonra yaranır. Bəziləri yekəbaşlığı, mənəm-mənəmliyi, yekəxanalığı  mənlik və ləyaqətlə qarışdırırlar. Ancaq onlar çox böyük səhv edirlər. Günlərin bir günü onlar bunu dərk etmək məcburiyyətində olacaqlar.

Bəli, vicdansızlıq hökm sürən yerdə çörək, çörəkçidə olmur və ona görə də o məmləkətdə çörəyin dadı da olmur. Özü də o çörəyi yeyən kimi dönüb olursan üç nöqtə. Dərd orasındadır ki, bu saman dadı verən çörəyi, daha doğrusu, süfrə artığını, –  sənə zorla yedirtmək istəyirlər. Sən də müqavimət göstərəndə, səndən inciyirlər, işlər olur fırığ, necə deyərlər xiyar əyri bitir. Deyirlər ki, “yesən də budu, yeməsən də! Takşto gəl sən, ye!”

Ən böyük dərd orasındadır ki, bu yemləmə – yedizdirmə işinə sənət adamları qoşulur. Bu mikrafonugöyçəklər,  ucdantutma müqtədir-korifeylər… Nə isə!

Qətiyyətlə deyə bilərəm ki, bu zorla xiyar yemləmə-yedizdirmə əməliyyatında iştirak edən sənət adamları çoxdan ölüblər heç özlərinin də xəbəri yoxdur. Ölüblər deyəndə ki, xiyarlaşıblar. Onu da deyim ki, istedadsız insan yoxdur, yerində olmayan insan var. Bütün insanlar nədəsə istedadlıdırlar və onlar öz istedadlarına uyğun yerdə olanda həm özləri xoşbəxt olurlar, həm ətrafdakıları xoşbəxt edirlər. Cəmiyyətin quruluşu ədalətli olanda bu cür insanların sayı artır və cəmiyyət də gözəlləşir.

Problem onda başlayır ki, vicdanın, haqqın səsi boğulur. Sənətkar haqqın səsinə xəyanət edə-edə, haqqın səsini çatdıran simasında görünmək istəyir. Bu,  misi qızıl yerinə dürtüşdürmək istəyidir. Yəni, adicə fırıldaqçılıqdır. Və bu andan mənəviyyatda çevrilmə başlayır. Sənət yoluyla avtoritet qazana bilməyən sənətkar  mənsəb, vəzifə, səlahiyyət sahibi olmağa can atır. Özü də vəhşi bir ehtirasla. O hamını və hər şeyi satmağa hazır olur, təki nüfuzu olsun. Bu prosesin çox maraqlı mərhələləri var: mənsəb, vəzifə, səlahiyyət artdıqca, ləyaqət, mənlik azalır, yox olur və bununla da paralel olan-qalan istedad da boğulur, ölür. Əvvəldə qeyd etdiyim kimi xiyarlaşma başlayır.

Artıq xiyarlaşmış sənət adamının geriyə yolu qalmır. Dəhşət bundan sonra başlayır. Bu yaradıcılıqdan qısır qalanlar ilk növbədə istedadlı və azad adamların qəniminə çevrilirlər. Bulqakovun “İt ürəyi” romanında çox dahiyanə bir epizod var :  Tibbi eksperiment  nəticəsində adi itdən insana çevrilmiş Şarikov yerli bolşevik komitəsinin üzvləri ilə ərazini pişiklərdən təmizləmə əməliyyatında iştirak edir. Pişikləri axtarmaq üçün onun göstərdiyi istiqamət komitə üzvlərinin təəccübünə səbəb olur. Ondan soruşurlar ki, haradan bilirsən orda pişik var? O, bir azdan baş verəcək  divantutma aktının ləzzətini yaşaya-yaşaya cavab verir: – Mən onları ürəyimlə duyuram!

Azadlığı yaşadanlara lakeylərin patoloji nifrətini əks etdirən bu dahiyanə təsvir bütün zaman və məkanlara aiddir.

Azərbaycan cəmiyyətində maraqlı bir mənzərə var. İncəsənət aləmində məmurlaşmağa kütləvi bir meyl müşahidə olunur. İncəsənət adamları məmur səlahiyyətləri qazanmağa, hakim dairələrdə təmsil olunmağa can atırlar. Bunun ən əsas səbəbi odur ki,  istənilən sənət əsərinin qiyməti və istənilən sənətkarın nüfuzu hakim dairələrə yaxınlığı ilə ölçülür. Bu, xiyarı zorla yedirtməyin bir metodudur. Bu Motsartların yox, onu zəhərləyib öldürən Salyerilərin təntənəsidir. Bu, lakeylərin hökmranlığıdır.

Ancaq əsl həqiqət dahi Füzuli dediyi kimidir:

“Ol pərivəş kim məlahət mülkünün Sultanıdır,

Hökm onun hökmüdürür, fərman onun fərmanıdır!”