Cəbhəçilər Avropanı niyə sevmirlər?

Avropaya mühacirət etmiş AXCP üzvlərindən biri Avropada olan AXCP üzvlərinin ümumi sayı olaraq 40 nəfərdən bəhs edib. Həmin 40 nəfərin də təqribən yarısına partiya sənədləri təqdim olunmayıb.

AXCP-nin də adını “saxta sənəd” işinə yamamaq cəhdləri var. Əbəs cəhddir alınmaz. İctimaiyyətin diqqətinə rəsmən AXCP adından çatdırıram.
1. 2001 –ci ildən bugünə dək bütövlükdə Avropa üzrə partiya sənədlərini təqdim etməklə cəmi 25 nəfər AXCP üzvü siyasi sığınacaq üçün müraciət edib. Gördüyünüz kimi İlə 1 nəfərdən bir az artıqdır. Hazırda Avropada cəmi 40 AXCP üzvü yaşayır. Dəqiqləşdirim, bu 40 nəfərin xeylisi uzun illərdir Avropada yaşayır. 2001-ci ildən cəmi 40 nəfər partiya üzvü mühacirətə gedib. Bu adamların hamısı Azərbaycanda və uzun müddət partiyanın üzvü olublar. Əksəriyyətini Azərbaycanda apardığı mübarizəsinə görə sosial şəbəkə fəalları tanıyır, siyasi məhbus həyatı yaşayıblar, dəfələrlə inzibati qaydada həbs olunublar. Onlardan cəmi 25 nəfəri (18 ildə) AXCP üzvlük vəsiqəsini və digər təsdiqləyici sənədləri miqrasiya xidmətlərinə təqdim ediblər. Avropaya mühacirət etmiş 7 nəfər AXCP üzvü isə həm də ‘Azadlıq” qəzetinin əməkdaşları olduqlarından, miqrasiya orqanlarına özlərini qəzetin əməkdaşı kimi təqdim ediblər. Daha bir neçə nəfər də sığınacaq almadan oturum izni alıblar.

2. AXCP-yə qəbul yalnız Azərbaycanda mümkündür. Avropaya getdikdən sonra bircə nəfər də AXCP-yə üzv qəbul edilməyib.

3. Artıq 5 ilə yaxındır ki, AXCP-yə üzv olanlara hər ehtimala qarşı heç üzvlük vəsiqəsi də verilmir. 2015-ci ilin əvvəllərində Azərbaycandan Avropaya mühacirətin yeni dalğası başlayanda bu qərarı qəbul etdik ki, gələcəkdə mühacirətə getmək planı olan vətəndaşlarımız AXCP-yə üzvlük üçün müraciət etməsin. Açıq elan edirik, AXCP-ni mübarizə aparmaq üçün seçmək lazımdır, ölkədən getmək üçün yox. Rejimlə mübarizə aparmaq üçün isə üzvlük vəsiqəsinə ehtiyac yoxdur.

4. Partiyamızın adından saxta sənədlər verənlər, həmin sənədləri pul ilə satanlar olub. Ən azı bir nəfər AXCP-yə aidiyyatı olmayan şəxsin bu cinayəti törətdiyinə görə məhkum edildiyini biz də, mövzu ilə maraqlananlar da bilirik. Məhz buna görə AXCP sədrinin imzası və AXCP üzvlük vəsiqəsinin nümunəsi bir çox beynəlxalq təşkilatlara təqdim olunub ki, saxtakarlar partiyamızın adından istifadə edə bilməsin.

5. AXCP-nin reputasiyasını qorumaq bizim üçün olduqca vacibdir. Partiya rəhbərliyinin bu məsələdə olduqca prinspial mövqeyi var. AXCP-dən heç kim saxta arayış və digər sənəd ala bilməz. Eyni zamanda partiya üzvlərimizin də partiya rəhbərliyinə nəzarət imkanı var. Onlar görürlər ki, burada AXCP üzvü olaraq, uzun illər ərzində rejimlə mübarizə aparmamış kimsə, gedib başqa ölkələrdə özünü AXCP üzvü kimi təqdim edə bilməz. Edərsə, bu yalan rəsmən təkzib edilər.

P.S. Müsavat partiyasının daxilində “saxta sənəd”, “saxta üzvlük” müzakirələrini təəssüflə izləyirəm. Müsavat partiyası rəsmən açıqlayıb ki, son 5 ildə (Arif Hacılı başqan seçildikdən sonra) 197 nəfər mühacirliyə partiya sənədləri verilib. Azdır, çoxdur, hansı meyarla, kimə verilib, ona qarışmırıq. Müsavatçıların daxili işi sayırıq. Ancaq Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlının Avropadakı 197 mühacirə partiyasının sənədlər verməsindən yazdığı yazıda “AXCP son 1 ildə 40 belə sənəd verdiyini açıqladı” yazması yumşaq desək, həqiqətə uyğun deyil. Heç bir AXCP funksioneri partiya adından belə bir açıqlama verməyib, verə də bilməzdi. Yuxarıda təfsilatlı şəkildə yazmışam. Araşdırma nəticəsində məlum oldu ki, Avropaya mühacirət etmiş AXCP üzvlərindən biri Avropada olan AXCP üzvlərinin ümumi sayı olaraq 40 nəfərdən bəhs edib. Yuxarıda qeyd etdim ki, həmin 40 nəfərin də təqribən yarısına partiya sənədləri təqdim olunmayıb. Son 18 ildə partiyamızdan cəmi 25 nəfər AXCP üzvü kimi siyasi sığınacaq üçün müraciət edibsə, heç kim bunu “son 1 ildə 40 belə sənəd verilməsi kimi təqdim etməməlidir.
Ümid edirəm ki, bu fikirlərimiz mühacirət məsələsi ilə bağlı bəzi suallara aydınlıq gətirmək üçün yetərli olacaq.