İslahat, yoxsa repressiya?

Və ya son günlər kimlər həbs olunub?

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

Fevralın 21- də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə onun həyat yoldaşı Mehriban Əliyeva 1- ci vitse- president təyin olundu. Təbii ki, müstəqil yerli və beynəlxalq ekspertlərin dediyi kimi bu addım Azərbaycan hakimiyyətində ailənin möhkəmlənməsinə və hakimiyyətin ötürülməsinə hesablanıb.

Ölkə daxilində bəzi qüvvələr Mehriban Əliyevanın vitse- prezident təyin olunmasının islahatlara başlanğıc kimi qiymətləndirməyə və sübut etməyə çalışırlar. Təkcə bir misal kifayət edir ki, bu təyinatın islahatlar deyil, ailə hakimiyyətin güclənməsinə xidmət etdiyi sübut olunsun. Təyinat ərəfəsində ictimai fəallara və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, həbslər ölkədə islahatların deyil, yeni repressiyaların başlandığını göstərir. “Vaşinqton Post” qəzeti (müəllifi Amanda Eriksondur- red.) də yazır ki, hökumətin bu addımı (həbslər) təyinata etiraz etmək cəsarətində olan siyasi opponentləri əngəlləmək məqsədi güdür (https://www.azadliq.info/178900.html).

Apardığımız araşdırmalar göstərir ki, son bir neçə gündə ən azı 40- dan çox  şəxs qısa və uzun müddətli həbsə məruz qalıb. 4 nəfərə cinayət işi açılıb. Qalan şəxslərə isə inzibatı həbs verilib, pul cəriməsi və xəbərdarlıq edilib. Ən səs- küylü həbs Hollandiyada yaşayan siyasi mühacir, bloger Orduxan Teymurxanın bacılarının və digər qohumlarının polisə aparılıb incidilməsi oldu.

Mentalitetə və insanlığa zidd addımlar…

18 fevralda Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən aksiyada Orduxan Teymurxanın tənqidi çıxışından dərhal sonra onun Bakıda yaşayan bütün qohum- əqrəbası kütləvi şəkildə Suraxanı rayon Polis İdarəsinə aparılıb. Orduxanın bacıları ilə yanaşı, hətta 39 dərəcə qızdırma içində olan 2 yaşlı körpə Selcan da “rəislə söhbət” adıyla polisə aparılıb və İdarədə saxlanılıb. Həmin gün bloggerin 12 nəfər qohumu axşamdan səhərə qədər Polis İdarəsində saxlanılıb. Onlara yatacaq, su- şörək belə verilməyib. Onlar bu şəxslər olub:

1. Dadaşov Xanlar
2. Bəbirov Şakir
3. Əliyeva Zəhra
4. Əliyev Möhübbət
5. Əliyev Elnar
6. Zeynalova Rübabə
7. Zeynalov Səbuhi
8. Əliyeva Südabə
9. Ağayeva Sədaqət
10. Nəzərli Xumar
11. Nəzərli Selcan
12. Ağayev İlqar

19 fevralda isə qadınlar sərbəst buraxılıb, qalanlar polisdə saxlanılıb. Onlardan Orduxan Teymurxanın tənqidi çıxışlarını dayandırması tələb olunub. Fevralın 20- də isə siyasi mühacirin qardaşı Şakir Bəbirov daxil olmaqla digərləri buraxılıb. Amma 2 nəfər Orduxan bəyin böyük qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov saxlanılıb. Polisə müqavimətdə ittiham olunaraq onların hər birinə məhkəmə tərəfindən 30 sutka inzibati həbs cəzası verilib. Əslində onlar inzibati hüquq pozmasına görə yox, qohumları O. Teymurxana görə girov saxlanılır. Girovluğun sonunun nə ilə qurtaracağı bəlli deyil.

Kimlərə cinayət işi açılıb?

Qələndərov Mehman Hüseyn oğlu cari ilin 7 fevralında həbs olunub. O müxalif baxışları və Facebook- da fəallığı ilə seçilirdi. Facebook- da “HAMIMIZ QİYAS OLAQ!, Kölə, Qul bədbəxt  olma!!!” “Qiyas ol, dost ol, vətəni XILAS EDƏK!!” və s. kimi şüarlar və tənqidi statuslar paylaşıb. Onu məhz 7 fevral 2017-ci ildə paylaşdığı son statusdan 40 dəqiqə sonra kirayədə yaşadığı Nəsimi rayonu ərazisindəki evindən Nəsimi rayon polis idarəsinin əməkdaşları aparıb. Sonra isə ona saxta narkotika ittihamı ilə cinayət işi açılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Mehman Qələndərov haqqında qısa arayış: Qələndərov Mehman Hüseyn oğlu 23 may 1977-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin Sosial – Psixologiya fakultəsini bitirib. Orta İxtisas təhsili (Kollecdə) sistemində 10 ildən artıq Fəlsəfə, Sosiologiya, Politologiya o, cümlədən Sosial- Psixologiyadan ixtisaslarından dərs deyib. İctimai-siyasi fəal kimi, müstəqil namizəd olaraq 2005 – ci ildə Milli Məclisə keçirilən seçkilərdə 26 saylı Sabunçu Seçki Dairəsindən deputatlığa namizəd olub. Sosial şəbəkədə hakimiyyəti sərt tənqid edən yazıları ilə tanınıb. Kütləvi tədbirlərdə fəallığı ilə seçilib. Mehman Qələndərov Tiflisdə Azərbaycandakı siyasi məhbuslarla bağlı etiraz aksiyasında da iştirak edib.

Jurnalist Elçin İsmayıllı kent.info saytının baş redaktorudur. Fevralın 17-də yaşadığı İsmayıllı rayonunda əvvəlcə müəmmalı şəkildə yoxa çıxır. 2 gün sonra bəlli olur ki, Bakıya gətirilib və haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin vəkili İslam İsmayılov bildirib ki, Elçin İsmayıllı özünü günahkar bilmir. Özünə qarşı irəli sürülən ittihamın qurama və saxta olduğunu bildirir. Elçin İsmayıllı AXCP Ali Məclisinin üzvüdür, O, rayonda baş alıb gedən özbaşınalıqları, yarıtmaz idarəçiliyi, korrupsiya hallarını sərt tənqid edir, köməyə, dəstəyə hetiyacı olanları müdafiəsinə qalxırdı. AXCP və bir sıra müstəqil hüquq müdafiəçiləri onun həbsini jurnalistin fəaliyyəti və müxalif mövqeyi ilə əlaqəli olduğunu bildirir.

Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maide.az” saytının baş redaktoru və Masallı şəhər Cümə imamıdır. O, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun polisə şikayəti əsasında həbs olunub. İcra başçısı Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə Cümə namazı qıldığına görə şikayət edib. Ona Cinayət Məcəlləsinin 168-1.3- ci maddəsi ilə cinayət işi açılıb. Şeyx Sərdar Hacıhəsənlinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 22 fevral 2017- ci il tarixli qərarda deyilir ki, o, Masallı şəhərində cümə məscidinin həyətində rəsmi icazə olmadan xütbə oxumuş və İslam dininə aid olan cümə namazına rəhbərlik etmişdir (!?).

Onun həbsinə etiraz etdiyinə görə 15 dindar da saxlanılıb və onların 4- nə – Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilib. Saxlanılanlardan bir qismi müxtəlif pul cərimələri ilə azadlığa buraxılıb. Sərbəst buraxılan dindarlar bildirir ki, polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalıb.

Gənc fəal Elnur Fərəcov AXCP-nin Neftaçala rayon şöbəsinin üzvüdür. Onun barəsində ənənəvi narkotik ittihamı ilə cinayət işi açılıb və 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin ailəsi müəyyən səbəblərdən onun həbsini ictimailəşdirmək istəməyib və partiya rəhbərliyi bu barədə indi xəbər tutub. E.Fərəcovun bilavasitə siyasi mövqeyi və fəaliyyətinə görə həbs edildiyi şübhə doğurmur. O, fəallığı səbəbindən buna qədər də bir neçə dəfə inzibati həbslə cəzalandırılıb. Beləliklə, AXCP-dən siyasi motivlərlə həbs edilənlərin (və girov saxlanılanların) sayı hazırda 13 nəfərdir. Bunlardan başqa, təkcə bu ilin fevral ayı ərzində partiyanın daha 7 nəfər üzvünə inzibati həbs cəzası verilib.

İnzibati həbs cəzasına məruz qalanlar…

Digər şəxslər yuxarıda deyildiyi kimi inzibati həbs cəzasına, pul cəriməsi və xəbərdarlığa məruz qalıblar. İnzibati həbsə məhkum edilmiş müxalif fəallardan Rahim Şalıyev polisdə işgəncə və alçaldıcı hərəkətlərə məruz qalıb. R. Şalıyev Sumqayıt şəhər Polis İdarəsində onu necə qəddarlıqla döydüklərini və mənəvi-psixoloji basqıya məruz qoyduqlarını təfərrüatı ilə vəkili Yalçın İmanova danışıb və bu, mətbuatda yayılıb. Fevralın 23-də ombudsmanın nümayəndələri R.Şalıyevə baş çəkiblər. Fəalın bədənindəki döyülmə izlərini onlar da görüblər.

Son günlər inzibatı həbs cəzasına məruz qalanların siyahısı;

İslam Həsənov – AXCP Şəki rayon şöbəsinin sədri. 7 fevral, 25 sutka inzibati həbs.

Samir Həsənov – AXCP Şəki rayon şöbəsinin üzvü. 8 fevral, 20 sutka inzibati həbs.

Taleh İsakov – AXCP Sumqayıt şəhər şöbəsinin üzvü. 8 fevral, 15 sutka inzibati həbs.

Amil Məmmədzadə – AXCP Suraxanı rayon şöbəsinin fəalı. 20 fevral, 30 sutka inzibati həbs.

Fərasət Əhmədov – AXCP Masallı rayon şöbəsinin fəalı. 20 fevral, 30 sutka inzibati həbs.

Elvin Bəhramov – AXCP Masallı rayon şöbəsinin fəalı. 20 fevral, 30 sutka inzibati həbs.

Vasif Müzəffərov – AXCP Xətai rayon şöbəsinin gənc fəalı. 23 fevral, 30 sutka inzibati həbs.

Rahim Şalıyev – ReAl hərəkatının fəalı. 20 fevral, 30 sutka inzibati həbs.

Qadir Ağakişiyev – D18 təşkilatının üzvü. 20 fevral, 30 sutka inzibati həbs.

Yusif Qarayev – Müsavat Partiyası Şəki şöbəsinin üzvü. 24 fevral, 25 sutka inzibati həbs.

Xanlar Dadaşov – Orduxan Teymurxanın qardaşı. 20 fevral, 30 sutka inzibati həbs.

Səbuhi Zeynalov – Orduxan Teymurxanın bacısı oğlu. 20 fevral, 30 sutka inzibati həbs.

Məhəmməd Həbibov – Masallıdan dini icma üzvü. 24 feral, 25 sutka inzibati həbs.

Salman Rəhimov – Masallıdan dini icma üzvü. 24 feral, 15 sutka inzibati həbs

Fizuli Şahhüseynov – Masallıdan dini icma üzvü. 24 feral, 15 sutka inzibati həbs.

İmadəddin Məhərrəmov – Masallıdan dini icma üzvü. 24 feral, 10 sutka inzibati həbs və s.

Əldə olan məlumatlara görə hazırda saxlanma yerlərində daha çox fəal var, sadəcə onlar ailələrinin də haqsız həbs və başqa cəza tədbirləri ilə üzləşməməsi naminə susmağa, həbslərini ictimailəşdirməməyə qərar veriblər.

İndi özünüz deyin; bu həbslər islahatdır, yoxsa cəmiyyətin müqavimətini qırmağa, qorxu xofi yaratmağa hesablanmış repressiya?