Üçüncü devalvasiya qapının ağzındadır!

Nemət Əliyev

Dəqiqləşdirdiyimiz məlumata görə Dövlət Neft Fondu ilin ilk yarım ilində dövlət büdcəsinə cəmi 1 milyard 760 milyon manat vəsait köçürüb. Halbuki, dövlət büdcəsi haqqında qanuna görə 3 milyard 800 milyon manat köçürməli idi. Cari ilin “yanvar-iyun” aylarının hesabından 2 milyard ödəməni gecikdirərək 2 dəfədən çox kəsir yaradıb Neft Fondu. “1 dollar =1,55 manat” məzənnə ilə çevirmə etsək, belə çıxır ki, bu müddətdə 1,3 milyard dollarlıq “yığım” həyata keçirilib. Neft Fondu özbaşına bu boyda “səhv” iş görə bilərdimi? Bunun səbəbi nədir, sizcə? Fikrimcə, artıq növbəti devalvasiyaya “start” verilib…

Ölkədə istehsal olunan Ümumi Daxili Məhsulun yarım illik həcmi üzrə 9,7 milyard dollarlıq itki əmələ gəlib. Daha pisi odur ki, bu itkilərin 70%-i qeyri-neft sahələrinin payına düşüb. Belə vəziyyət qeyri-neft sektorunun gələcəyinə bağlanan ümidləri puça çıxarır.

Xatırladaq ki, cari ilin ilk 5 ayında bu göstərici üzrə itkilər 8,3 milyard olmuşdu. Deməli, hər növbəti ayda ümumi itkilərimiz daha da çoxalır. Mərkəzi Bankın yarıtmaz məzənnə siyasətinin bu itkilərin daha da böyüməsinə xüsusi “tövhə” verəcəyini də nəzərə almaq lazımdır.

Daha çox itki vermək sahəsində nəinki region ölkələrini çox geridə qoymuşuq, bu məsələdə hətta Orta Asiyadan hansısa ölkənin bizimlə müqayisəyə gələ biləcəyini təsəvvür etmək indi çox çətindir. Ötən il ÜDM üzrə 22 milyard dollar itki verdiyimizi də unutmamalıyıq. Beləliklə milyardlarla gəlirlərdən məhrum olmuş iqtisadiyyatımızı yaxşı perspektiv gözləmir.