Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri və onlara yaxın sahibkarlar qaçaq yolla, yəni gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən kənar İrandan, Koreyadan və digər ölkələrdən respublikamıza külli miqdarda kustar üsulla hazırlanmış kosmetik vasitələr gətirir və həmin kosmetik vasitələri satmaq üçün ölkədə fəaliyyət göstərən klinikalara və gözəllik salonlarına paylayırlar. Qaçaq yolla gətirilmiş bu kosmetik vasitələrin tərkibində kimyəvi maddələr və ağır metallar var. Təbii ki, bu, insan sağlamlığına, əsasən də dəriyə çox ciddi fəsadlar verir. Qadınlarımızı bundan qorumaq üçün onlara tövsiyyə edirik ki, kosmetoloq və ya dəri həkimindən mütləq qaydada onlara təklif olunan məhsulun gigiyenik sertifikatını tələb etsinlər. Çünki, qaçaq yolla gətirilmiş mallara gigiyenik sertifikat almaq mümkün deyildir.
Düzdür Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində gigiyenik sertifikatın rəsmiləşdirilməsinə rüşvət kimi hər bir ədəd mal üçün 800-1000 manat alırlar. Rüşvətsiz sertifikat almaq mümkün deyil. Amma əsas odur ki, həmin Mərkəz müvafiq invoys və müqaviləsi olmayan mallara sertifikat vermir. Qaçaq yolla gətirilmiş malların isə belə sənədləri yoxdur. Buna görə də Səfər Mehdiyevin qaçaqmalçıları sertifikat rəsmiləşdirə bilmirlər.
Hörmətli xanımlar, üzünüzdə hər hansı bir prossedur aparılmasından əvvəl mütləq kosmetoloq və ya həkiminizdən kosmetik vasitələrin gigiyenik sertifikatını tələb edin. Əks halda üzünüz eybəcər hala düşəcək. Bu əsasən fillerlərə, botekslərə və dəri ücün başqa inyeksiyalara aiddir.
Məhkəmələri necə ələ alıblar ?
Komitə sədri Səfər Mehdiyev və onun cinayətkar qruplaşması bu sahədə fəaliyyət göstərən və şəffaf işləyən sahibkarların mallarını aylar və illərlə karqo anbarlarında saxlayırlar, sərbəst dövriyyəyə buraxmırlar. Bununla da onları daxili bazardan uzaqlaşdırırlar. Sahibkarları vadar edirlər ki, onlar mallarını gömrükdən çıxartmaq üçün müraciət etsinlər məhkəmələrə və bundan sonra da sahibkar məhkəmə süründürməçiliyinə məruz qalır. Yekunda da sahibkarın problemi məhkəmədə də öz həllini tapa bilmir. Çünki, Səfər Mehdiyev Ali Məhkəmənin sədrinin qardaşına Gömrük Komitəsində yüksək vəzifə veribdir. Məhkəmə süründürməçiliyinin nəticəsində sahibkar tam müflis olur, gətirdiyi mallar karqo anbarlarında xarab olur, sahibkara külli miqdarda zərər dəyir. Və bununla da sahibkar daxili bazardan uzaqlaşdırılır. Digər sahibkarlara isə bu dərs olur ki, Dövlət Gömrük Komitəsinin qanunsuz tələblərinə dərhal əməl etmək lazımdır. Gömrükçü rüşvət tələb edirsə dərhal artıqlaması ilə vermək lazımdır. Gömrükçü tələb edirsə ki, malların gömrük dəyəri qanunsuz olaraq artırılsın, dərhal əməl etmək lazımdır. Belə olan halda sahibkar işləyə bilər, əks halda müflis olacaq. Şikayət etməyin də mənası yoxdur. Səfər Mehdiyev qanuni və qanunsuz yolla büdcəni doldurur. Buna görə də onun özünün və onun cinayətkar qruplaşmasının törətdiyi vəzifə cinayətlərinə göz yumulur.
Gömrük generallarının kurasiyası
Səfər Mehdiyevin sərvəti isə günü gündən artır. Əmlakının çoxunu qızının və kürəkəni İbrahimin adına keçirtmişdir. O, həmin qızına Böyük Saray şadlıq sarayında toy etmişdir. Toyda 1 nəfər üçün menyu 600 manat olmuşdur. Spirtli içkilər verilməsə də çox bahalı toy idi.
Ölkənin ən güçlü inhisarçısı Səfər Mehdiyevdir. O, öz generallarının hər birinə müəyyən sahə ayırmış və həmin general ona ayrılmış sahəyə nəzarət edir. Hər hansısa boşluq, hər hansısa səhv bağışlanmır və dərhal cəza mexanizmləri işə düşür. Generalların nəzarətlərindəki şöbələr, onların rəisləri və əməkdaşları özlərinə aid olan monopoliya sistemini zərgər dəqiqliyi ilə qoruyur, böyük qazanc əldə edir. Beləcə, sahələr monopoliyası əldə saxlanır. Səfər Mehdiyevin generallarının qurduğu monopoliya şəbəkəsi saat kimi işlədiyi üçün burda kimsə quş uçura bilmir. Bu gün sıradan bir sahibkar generalların monopoliyasına aid olan məhsulu olkəyə asanlıqla gətirə bilməz. Bilməyib gətirsə belə zülmlə üzləşər və ya dava-dalaşla yalnız bir dəfə sənədləşdirə bilər. Növbəti dəfə isə bu sahibkara dolayısı ilə “bir də belə səhv etmə” sözləri deyirlər. Bu gün komitənin yuxarı eşalonundakı 10 generaldan 9-u Səfər Mehdiyevin ya dostu, ya qohumu, ya da ki, kəndçisidir.
Səfər Mehdiyev ona sadiq olmayan İdarə rəislərinin yerini dərhal dəyişir. Buna görə də, o, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi olan Kənan Məmmədovu vəzifədən kənarlaşdırmış və həmin vəzifəyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin sabiq rəisi Pərviz Kəngərlini təyin etmişdir. Bəli, həmin meteorizm xəstəliyinə dücar olmuş Pərvizi. Pərviz Kəngərlinin fəaliyyətinə baxsaq, onun gömrük işindən daha çox peşəkar güllə atıcısı, idmançı cüssəli olduğunu deyə bilərik.
Mehdiyevin məlum kadr islahatları “gömrükdə hansısa müsbət dəyişiklik, ab-hava yaratdımı” sualını versək cavabın nə olacağı bəllidir – “Heç nə dəyişməyib, qanunsuz fəaliyyət göstərən şirkətlərin adı dəyişir, sayı çoxalır və sairə.
Keçmiş arabaçı Bəhruz Quliyev isə hazırda Gömrük Komitəsində gömrük keçid məntəqələrinə nəzarəti həyata keçirir. Onun adı məmurlara məxsus milliardlarla pulların ölkədən qanunsuz çıxarılmasında hallandığına görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdır. Səfər onu qorumaq üçün Komitənin aparatına keçirtmişdir.
Onun yerinə təyin olunan Mehman Sadıqov isə Səfər Mehdiyevin qanunsuz göstərişlərini layiqincə icra edir. Təyyarə ilə özləri ücün ölkəyə gətirilən malları qaçaq yolla gömrükdən keçirirlər. Bu ilin 29 aprel tarixində 2 ton kosmetik vasitəni Mehman Sadıqovun qohumları aeroport gömrüyündən qaçaq yolla keçirərkən həbs edilmişlər. Bunlar Aeroport gömrüyündə İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov və digər 3 nəfər məmurdur. Müəyyən olunubdur ki, bu cinayətkar qruplaşma Bəhruz Quliyevin rəis olduğu vaxtdan kosmetik vasitələrin qaçaqmalçılığı ilə məşğuldur.
Ölkəyə qanuni mal gətirən sahibkarların mallarını isə aylarla saxlayırlar Cahangirin anbarında.
Səfər Mehdiyevin və onun cinayətkar qruplaşmasının cinayətlərinə qanuni don geyindirən, onları hüquqi cəhətdən qoruyan, 30 ildir ki, Komitənin Hüquq idarəsinin rəisi vəzifəsində işləyən Sənan Muxtarovdur. Sənan Muxtarov əvvəllər, yəni 1976-1992-ci illərdə Bakı Şin Zavodunda təkər yamayıb, həmçinin hazır təkərləri stelajlara yükləyib. Sonradan qohumlarının köməkliyi ilə universitetin hüquq fakültəsini bitirmiş və 1992-ci ilin iyul ayında Dövlət Gömrük Komitəsinin Hüquq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Beləcə təkər yamayan gömrükdə mühüm vəzifə tutmuşdur.
Bir sözlə nəticə olaraq demək olar ki, Azərbaycanın Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev və onun komandası ölkədə qanunsuz şirkətlərin varlığına göz yumur, onların fəaliyyəti üçün öz ətrafında olan şəxslər vasitəsilə geniş çevrə yaradır.
Nəticədə həm Azərbaycanda süni qiymət artımı, ölkənin ticarət bazarına tam nəzarət və monopoliya yaranmış olur, həm də bu şirkətlər vergidən yayınır, büdcənin oğurlanmasında yaxından iştirak edirlər.
Sonda isə hamı üçün daha vacib bir sual ortaya çıxır ki, bunun da cavabını daha yuxarı instansiyalar verməılidir.
Havaya buraxılan «şəffaflıq» tələbi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yüksək postlara səlahiyyətli şəxsləri təyin edərkən onlara “tam şəffaf işləyin, xalq üçün, dövlət üçün işləyin. Korrupsiyaya bulaşan məmur həbs olunacaq” kimi tövsiyyələr verir, xəbərdalıqlar edir.
Görəsən prezident bu sözləri Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevə deməyibmi? Deyibsə bəs, Səfər Mehdiyev niyə prezidentin sözünə əməl etmir? Ümumiyyətlə, İlham Əliyevin bu «şəffaflıq » tələbləri havadan götürülür, havaya buraxılır, yoxsa hava kimi səsləndirilir ?
Ümumdünya Ticarət Təşkilatı və Azərbaycan
Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Ermənistanla Gürcüstan 25 ilə yaxındır ki, bu təşkilatın üzvüdür. Bu təşkilata üzv olmaq ölkələr arasında ticari əlaqələri gücləndirir, ikiqat vergi yükünü aradan qaldırır. Çox təəssüf ki, Azərbaycanın bu təşkilata üzv olmamasının əsas səbəbkarı Dövlət Gömrük Komitəsidir. Çünki təşkilata üzv olan ölkələr müəyyən öhdəliklər götürür.
Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi sahibkarlarda narazılıqlar yaradır. İddialara əsasən, Dövlət Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur.
Gömrükçülər rəsmi invoysdakı qiyməti kənara qoyur, özlərindən kortəbii olaraq yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, Komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir.
Gömrük Komitəsinin əməkdaşları müvafiq qanunlarla və beynəlxalq konvensiyalarla deyil, Səfər Mehdiyevin şəxsi təlimatları ilə “işləyirlər”.
Bu özbaşınalıqlara təcili son qoyulmalıdır. Bundan ötrü isə Dövlət Gömrük Komitəsi ləğv olunmalı və yeni Dövlət Gömrük Xidməti yaradılmalıdır.
azerbaycansaati.tv