BMT İnsan Haqları Şurasında vətəndaşlarının internetə çıxışını əngəlləyən ölkələri pisləyən qətnamə qəbul edilib. Bu qətnaməyə əsasən, insanların şəbəkədə bütün, o cümlədən ifadə hüququ qorunmalıdır.
Qətnamə məcburi deyil, tövsiyyə xarakteri daşıyır. Ancaq o hökumətlərə təzyiq üçün istifadə edilə bilər və bütün dünyada rəqəmsal hüquqların müdafiəçilərinin fəaliyyətinə daha böyük güc verəcək.
Son aylarda bir neçə dövlətin rəhbərliyi vətəndaşlarının internet və telefon rabitəsinə çıxışını məhdudlaşdırıb. Xüsusilə terror hücumları zamanı. Həmçinin etiraz aksiyaları zamanı siyasi məqsədlə əngəllər yaradılıb.
Qətnamə səs çoxluğu ilə qəbul edilib. Əleyhinə yalnız Çin, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Hindistan və Rusiya səs verib. Məlumatı yayan The Verge portalı Cənubi Afrikanı demokratik, Rusiyanı isə avtoritar rejimin mövcud olduğu ölkələr sırasına aid edib.