Səadət Cahangir
Avstraliyanın Melburn şəhər muzeyində bir bayraq sərgilənir. Bayrağın altındakı lövhədə belə bir yazı var:
“Bu alay bayrağı Gelibolu döyüş sahəsindən gətirilmiş, amma ələ keçirilə bilməmişdir. Çünki Türk ordusunun milli ənənələrinə görə bir alayın bayrağı, alayın sonuncu döyüşçüsü ölmədən təslim edilə bilməz. Bu bayraq sonuncu döyüşçünün altında ölü olaraq yatdığı bir ağacın budağına asılı halda tapılmışdır. Qəhrəmanlıq timsalı olaraq qarşınızda duran bu Türk Alay bayrağını salamlamadan keçməyin… ”
Bu, Çanaqqala savaşında Atatürkün “mən sizə ölməyi əmr edirəm” səsləndiyi 57-ci alayın bayrağıdır. Komandanlarının əmri ilə sonuncu əsgərinə kimi şəhid olan həmin məşhur 628 nəfərlik alayın…
Bəli, doğrudur ki, bayraq dirəklə deyil, ürəklə olur. Dirəklə olsaydı, bu ölkədə indiyə qədər çox gözəl şeylər olmalı idi. Amma gəl ki, bunca çirkabın içinə bayrağın adını da bulaşdırdılar və sonda ətək-ətək pul töküb tikdikləri Bayraq meydanının rəisi yeyintidə ittiham olunaraq həbs edildi. Ittihamlara görə, adam bayrağın altında oturub dövlətə 254 min manat ziyan vurub. Hərçənd iki gün əvvəl ona hökm oxunub və cəza olaraq kəsilən 1 il 1 ay 8 günlük müddət bitdiyi üçün azadlığa buraxılıb. Onunla birlikdə həbs olunan başqa şəxslər də azad edilib. Demə 254 min manat yeyintinin mənbəyi də “ölü canlar”a – işə gəlməyən adamlara yazılan maaşlar olub. Bayraq anlayışına baxışdakı fərqi görürsünüzmü? Bir yanda müqəddəs davanı, yolu, ölkəni bayraq edərək şəhid olan 628 nəfər qəhrəman, o biri yanda “ölü canlar” yaradıb, müqəddəs dəyərləri nəfsinə və mədəsinə qurbanı verən bir dəstə…
Deyə bilərsiniz, axı ikicə ay əvvəl “Qarabağ” harayına ayağa qalxan və 100-dən artıq say-seçmə igidini “uf” demədən qurban verən də elə bu millətdir. O gözəl bayrağı Lələtəpəyə sancan, Cəbrayıla gedib çıxan, bu günə kimi hökuməti döyüşləri dayandırmaqda ittiham edən də. Haqlısınız, doğrudur. Bu xalq haqqında bədgüman olmağa, onu ruhsuzluqda, bacarıqsızlıqda, qətiyyətsizlikdə günahlandırmağa nə haqqımız var? Bu xalq son bir əsrdə elə şərəfli tarixlərə imza atıb ki! O tarixlərə ki, böyük bir mərhələsinin içində biz özümüz də yer almışıq. Və sözsüz ki, son on illərdə ölkənin başına gələnlər başda oturanlarla – hökumətlə bağlıdır. Bütün hüquqi mexanizmlərin sıradan çıxarılması və müstəbid bir sistemin yaradılması… Iqtisadi azadlıq üçün zəmin yaradan bütün imkanların məhv edilməsi və onların bir əldə cəmləşməsi. Müharibə məsələsinin açıq şəkildə manipulyasiya vasitəsinə çevrilməsi və bu şəkildə uzana-uzana getməsi… Şübhəsiz, bütün bunlara görə 23 ildir hakimiyyət kürsüsünü beşəlli tutub duran hökumət günahkardır. Amma bizim dediyimiz başqa məsələdir. Sizcə, bir hakimiyyət bu qədər özbaşınalığın, vecsizliyin, qorxusuzluğun, saymazlığın gücünü hardan ala bilər? Bax, bizim xalqı günahlandırmağımızın kilid nöqtəsi burdadır. Dərd odur ki, xalq istəmədən öz laqeydliyi və səssizliyi ilə bugünkü məhdud hakimiyyətə imkan yaradıb və indi də olmazın acısını çəkir…
Bəlkə, insanlarımız çox fərqində deyil ki, bu ölkənin o gözəl bayrağı altında nələr baş verir. Amma orda baş verənlər çox dəhşətli və vahiməlidir, biləsiniz. Illərdir o bayrağı qaldıranları, bayraq edənləri, uğrunda canını verənləri əzib, ölkənin üstündə şəxsi fabriki kimi oturanların nə cinayətlər işlədiyi hələ sonralar üzə çıxacaq. Bu cinayətlərdə ölkənin “siyasətə qarışmayan” bütün susqun insanlarının da məsuliyyəti var, o müqəddəs bayrağa sahib çıxmadıqlarına görə…