Keşikçidağ rüsvayçılığı və Elçin Quliyevə tarixi Kardak dərsi

El arasında “sahibsiz evə oğru girər” deyirlər. Azərbaycan o sahibsiz evin gününə düşüb. Yetən əl uzadıb ordan nəsə qoparmağa çalışır. Keçən həftə Gürcüstanla sərhəddə yaşanan hadisə bunu bir daha sübuta yetirdi. O hadisə Keşikçidağ məbədi ətrafında illərdən bəri davam edən mübahisənin kulminasiya nöqtəsi idi. Bir hissəsi Saqareco, bir hissəsi Ağstafa rayonunda yerləşən bu abidənin alban məbədi olduğuna heç bir şübhə yoxdur. Tarixdə buna dair yetərincə fakt var. Ona gürcü abidəsi kimi iddia etmək gürcülərin qaşınmayan yerdən qan çıxarmaq hikkəsindən başqa bir şey deyil. Amma sərhəd toxunulmazlığı deyilən bir qanun var. Sən işinə baxıb sərhədini yaxşı qoruyacaqsan ki, iddiaçı da işini bilib çəkilib otursun yerində. İşi o yerə gətirib çıxardılar ki, məbədə sahiblik iddiası ilə sərhədi keçən gürcü vətəndaşları əsgərimizin silahını əlindən almağa da cəsarət tapdı. Bu qədər əzikliyi, sınıqlığı, başıqapazlılığı hansı ölkə özünə sığışdırardı görəsən? Hakimiyyətin sözçüsü Əli Həsənov rüsvayçı hadisə ilə bağlı sicilləmə bir müsahibə verib deyir ki, bu, iki ölkə arasında qarşıdurma yaratmaq istəyən xarici qüvvələrin və onların əmrini yerinə yetirənlərin əməlidir. Adam ənənəvi olaraq az qalır baş verənlərdə ölkə müxalifətini ittiham etsin. Bunlar dünyanı üstlərinə güldürdüklərinin fərqində deyillər hələ də. Hələ də ətrafda baş verənləri anlayacaq düşüncədə deyillər. Hələ də anlamırlar ki, hansı ölkənin sərhədində belə rüsvayçı hadisə baş versəydi, o dövlətin sərhəd xidmətinin rəisi adam içinə çıxmaz, səssizcə istefa verib gedərdi. Təbii, bu hakimiyyətdə təmsil olunanlardan istefa mədəniyyəti gözləməyə dəyməz. Amma Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə yaxın tarixdə qardaş Türkiyə sərhədində baş vermiş bənzər bir hadisəni xatırladaq, bəlkə vicdanında tərpəniş oldu elə…

Ölkə sərhədi belə qorunar, cənab general!

Tarix oxuyanlar 1995-ci ildə Türkiyə ilə Yunanıstan arasında yaşanan Kardak böhranını xatırlayar. Böhran kiçik bir mübahisədən yaranmışdı. Bir türk gəmisi Bodrum sahilinin 6 km-də yerləşən Kardak qayalıqlarına çırpılmışdı. Gəminin kapitanı Türkiyədən yardım istəyincə, yunanlar qayalıqların öz suları daxilində olduğunu bildirib etiraz etmişdilər. Bununla, dənizin ortasında duran önəmsiz qaya parçaları böyük bir böhrana yol açmış və iki ölkəni az qala müharibə durumuna gətirmişdi. Sonra Egey dənizindəki qayalıqlar iki ölkənin bölgədəki sərhəd davasına çevrildi. Türkiyə hərbçiləri bildirdi ki, bu məsələdə geri çəkilsək, sabah o biri qayalıqlara da iddia edəcəklər. İlk qızışdırıcı hərəkəti yunanlar başladı, bir qrup vətəndaş qayalığa qalxıb, ora yunan bayrağı taxdı. Buna cavab olaraq türk jurnalistləri helikopterlə qayaya enərək yunan bayrağını çıxarıb, yerinə türk bayrağı asdılar. Yunanlardan sərt reaksiya gəldi, hərbi gəmilərlə qayalıqları mühasirəyə alıb təkrar bayraqlarını taxdılar… 1996-cı ildə türk ordusunun önəmli isimləri Ankarada bir araya gəldi və gözlənən plan cızıldı. Türk əsgərləri qaranlıqda yunan hərbi gəmilərinin mühasirəsini səssizcə keçərək adaya girdilər. Qısa zamanda adada türk bayrağı dalğalanmağa başladı. Artıq edəcək bir şey qalmamışdı. Yunanların atəş açması rəsmi olaraq savaş başlaması və münaqişəyə Amerikanın cəlb olunması demək idi. Bu hadisədən sonra Yunanıstanın Müdafiə naziri istefa verdi. Amerikanın hadisəyə müdaxiləsi nəticəsində hər iki tərəf adadan hərbi qüvvələrini geri çəkdi və böhran bununla sona çatmış oldu.

Bu tarixlə Elçin Quliyevə bir generalın ölkə sərhədini qorumaq üçün nələr etməli olduğunu xatırlatmaq istədik. Xatırlatmaq istədik ki, onun işi sərhəddə müxalifətçiləri güdmək, şərləmək, tutdurmaq üçün iyrənc planlar qurmaq deyil. Onun işi qaçaqmalçıları sərhəddən buraxıb, gündəlik qazanc üçün qonşu ölkələrə gedən insanlarımızın başına sərhəd məntəqəsində müsibət açdırmaq deyil. Onun işi 5 km-lik bayraq düzəldib şou çıxarmaq da deyil. Onun işi, sadəcə, ölkə sərhədini adam kimi, əsl general rütbəsinə yaraşan şəkildə qorumaqdır. Bunu bacarırsa, etsin, bacarmırsa, ölkəni dünyaya rəzil etməsin. Çıxsın getsin bacardığı işlərin arxasınca!