Qorxmaz Əsgərov
Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb Azərbaycana gətirilməsi Azərbaycan üçün yeni mərhələdir. Ən görünən tərəfi odur ki, Əliyev rejimi özünü tam açıb buraxıb, ölkədə Qəddafilik, Səddamlıq edir. Amma işin başqa tərəfi də var. Əliyev hökuməti bunu özünü demokratik, insan haqlarına bağlı elan edən dövlətlərin iştirakı və susqun razılığı ilə edir.
Əliyevlər rejiminə qarşı bu gün Azərbaycanın içində döyüş vermək xeyli çətin olsa da, Əliyevləri Qafqazın İbn Saud ailəsinə çevirən dövlətlərin “qəhrəmanlıqlarını” ifşa etməklə bu repressiyaları yavaşıtmaq, bəlkə də durdurmaq olar. Əliyevlər rejimi öz miqyası və mahiyyəti etibarı ilə kiçik, oyuncaq diktaturadır. Onun sahibləri var. Dur desələr, duracaq. Güman etmirəm ki, Əliyev repressiyalarını açıq dəstəkləmək Gürcüstan, İsrail, ABŞ, Böyük Britaniyada istənilən siyasətçiyə başucalığı gətirsin. Təzyiqlər məhz bu dövlətlərə olmalıdır ki, onlar “dur”desinlər.
Azərbaycanın hələ tam məhv olmamış siyasi partiyaları, mülki təşkilatları təzyiqin istiqamətini uyğun şəkildə dəyişməlidirlər, özü də təcili! Bir az da belə getsə, Azərbaycanda etiraz səsi ucaldacaq nə bir siyasi partiya qalacaq, nə də mülki təşkilat və Azərbaycan doğrudan-doğruya Səudiyyə Ərəbistanının kiçik bir maketinə çevriləcək.
Konkret Əfqan Muxtarlının həbsi ilə bağlı bu addımları elə bu həftə atmaq olar:
1. Azərbaycanın demokratik yönümlü siyasi partiyaları Gürcüstan hökumətinə rəsmi açıq məktubla müraciət edib, Əfqan Muxtarının həbsində bu hökumətin iştirakını birmənalı şəkildə pisləməlidirlər.
2. Gürcüstanın siyasi müxalif partiyalarına da açıq məktubla müraciət edib onları Gürcüstan hökumətinin əməllərinə siyasi-hüquqi qiymət verməyə dəvət etmək lazımdır. Bu məqam çox vacibdir. Mixail Saakaşvili artıq dünya miqyasına çıxmış siyasətçidir və öz ad-sanını demokratik dəyərlərə bağlılığının üstündə qurub. Bu adamı və buna bənzər adamları onlara açıq siyasi müraciət etməklə, seçim qabağında qoymaq lazımdır ki, ya Əliyev rejimini açıq pisləsinlər, ya da neft müqabilində diktatorla çirkli sazişlərə haqq qazandırdıqlarını açıq şəkildə bəyan edib sifətlərini itirsinlər.
3. Bu həftə ABŞ Dövlət Departamentindən Robin Dunnigan Azərbaycana işgüzar səfər edib ABŞ-ı Xəzər Neft və Qaz sərgisində təmsil edəcək. Belə görünür ki, hətta ABŞ konqresindən belə gələnlər olacaq. Yəqin ki, Böyük Britaniya, İsrail və Azərbaycanda neft-qaz biznesində marağı olan digər dövlətlər də sərgiyə adam göndərəcəklər. Həm sərginin qarşısında, həm də üzdə demokratiyadan danışıb, altda Əliyev rejiminə dəstək verən bütün bu ölkələrin səfirlikləri qarşısında etiraz aksiyaları keçirib Azərbaycanda artan repressiyaları diqqətə çəkmək lazımdır. Bu aksiyalara Azərbaycan hökuməti ənənəvi kobud müdaxilələrini edəndə, yuxarıda adı gedən dövlətlər artıq Əliyev rejiminin gizli yox, açıq dəstəkçisi kimi görünəcəklər. Sonuncu məqam, Azərbaycanda baş verənləri həmin ölkələrin media səhifələrinə daşımağa şərait yaradacaq.
Bilirəm ki, məni uzaqda oturub “Bakıda etiraz etmək lazımdır” deməkdə qınayanlar olacaq. Həmin adamları heç nəyə inandırmaq fikrim yoxdur, əksər hallarda belə adamları elə siyasi məqsədlərlə danışdırırlar ki, fəaliyyətə səsləyənləri susdursunlar. Amma yerdə qalanlara deyəcəyim budur ki, Azərbaycanda siyasi dəyişikliklər üçün çalışdığıma görə elə Amerikada da kifayət qədər əziyyət çəkirəm.
Bu gün Əliyevləri ifşa etmək, daha doğrusu təkcə Əliyevləri ifşa etmək demokratik qüvvələr üçün heç bir mübarizə imkanı açmır. Bu rejim öz mahiyyətini gizlətmir. Amma üzdə demokratiyadan danışan dövlətlərin korrupsiyaya bulaşmış siyasətçiləri var ki, demokratların Əliyevlərin caynağında əzilməsindən pul qazanırlar. Həmin ölkələrin ictimaiyyətlərinin diqqətini öz siyasətçilərinin etdikləri hərəkətlərə çəkməklə çox şey etmək olar. Yaddan çıxarmayaq, qondarma yollarla həbs olunan ictimai siyasi fəallar əksər hallarda “xarici qüvvələrdən” pul alıb qeyri-qanuni siyasi fəaliyyət göstərməkdə ittiham olunurlar. Əksər cinayət işlərində açıq-aydın ünvan da göstərirlər – ABŞ təşkilatları və onların verdiyi qrantlar. ABŞ-da güclü mediaya çıxışı olan nəhəng təşkilatlar isə onların Azrbaycandakı mülki tərəfdaşları həbs edilərkən susurlar. Tənqidin fokusunu dəyişməklə bu təşkilarları da öz tısbağa çanaqlarından çıxarmaq olar. Bu yolun alternativi isə ingilislər demiş “slow death” – yavaş, tədrici ölümdür.