Nalbandyandan sonra Zaxarova da Novruz Məmmədovu təkzib etdi
Prezidentlərin Sankt-Peterburq görüşündən sonra qeyri-müəyyən vəziyyət yarandı. Belə ki, PA rəhbərinin müavini Novruz Məmmədov görüşün uğurlu keçdiyini, münaqişənin mərhələli şəkildə həll olunmasında razılıq əldə olunduğunu bildiridi: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər”-deyə Novruz Məmmədov bildirmişdi.
Amma Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dərhal Novruz Məmmədovu təkzib etdi və heç bir razıllğın əldə olunmadığını bildirdi.
Bundan sonra Novruz Məmmədov yenidən dilə gəldi və Nalbandyanı yalan danışmaqda ittiham etdi.
Biz Novruz Məmmədovun dediklərinə inanmaq istəsək də, daha bir təkzib gəldi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələrini ədalətsiz şərh etməkdən çəkinməyə çağırdı “Sankt-Peterburqda iyunun 20-də keçirilən sammitdə hər üç tərəfin adından yayılan bəyanatda prezidentlər ondan əvvəl Vyanada əldə olunan razılığı təsdiqlədiklərini bildiriblər. Görüşdə əldə olunan razılığı heç kim özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməməlidir. Görüşün yekunları ilə bağlı rəsmi sənəd var. Ondan çıxış etmək, ona istinad etmək lazımdır, kiminsə təhrif olunmuş şərhinə yox”-deyə Mariya Zaxarova bildirib.
Göründüyü kimi Novruz Məmmədovun açıqlamasını Nalbandyandan sonra, Rusiya rəsmisi də təkzib edir.
Bu bir daha onu göstərir ki, ölkənin taleyi yalançıların, məsuliyyətsizlərin, qeyri-ciddi adamların əlindədir. Bir yalannın ki, üstü bir neçə saatdan sonra açılacaqsa, bu yalanı danışmağa nə ehtiyac var? Belə mühüm məsələdə xalqı aldatmaq, fantaziya qurmaq ayıb deyilmi?
Novruz Məmmədov yenə də haqlı olduğunu düşünürsə, Rusiya rəsmisinə də kəskin cavab versin. Bəli, Nalbandyanı yalan danışmaqda ittiham edən adam, Rusiyanın da yalan danışdığını israrla bəyan etməlidir.
Yəqin ki, bu baş verməyəcək. Çünki, bizim hökumətimiz Rusiyanı qarşılıqsız sevir və 20 faiz torpağa görə Rusiya hökumətinin xətrinə dəyməz. Lazım gəlsə, Rusiyannı xətrinə Qarabağdan imtina da edərlər.
İstənilən halda İlham Əliyevin “mənasız danışıqlar aparmayacağıq” bəyanatından sonra Novruz Məmmədovun biabırçı açıqlaması daha böyük mənasızlığa start verildiyinin göstəricisidir. Belə çıxır ki, bundan sonra danışıqların mənasızlığını xalqa yalan danışmaqla gizlədəcəklər.
Fakt budur ki, Azərbyacan tərəfinin danışıqların nəticəi barədə səsləndirdiyi fikirləri Rusiya və Ermənistan hökuməti təkzib edir. Bu isə dövlət adına böyük utancdır, xalqın açıq şəkildə aldadılmasıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan hökuməti haqlıdırsa, bunu israrla sübut etməlidir. Əks halda xalqın aldadıldığını etiraf etmiş olacaqlar. Amma iki təkzibdən sonra Novruz Məmmədovun dediklərinə inanmaq da sadəlövhlükdür.
Reallıq budur ki, Vyanada müharibə etməmək öhdəliyi götürülüb, status-kvonun saxlanmasına razılıq verilib və hökumət də vaxtı uzatmaqla Qarabağı birdəfəlik unutdurmağa qərar verib. Bundan sonra məcburən görüşlərin nəticəsi haqqında Rusiya və Ermənistanın bəyanatlarına diqqət etməli olacağıq. Çünki, hökumətimiz müzakirənin nəticəsini yox, istədiyi fikri çatdırır.
Akif