Etiraz üçün neçə səbəbiniz var. İşləyirsiniz, şəxsi mənziliniz var? Aldığınız əməkhaqqı ailənizin dolanışığına çatır? Kirayə haqqını və övladınızın təhsil haqqını verə bilirsiniz? Təqaüdünüz aylıq yeməyinizi və dərman pulunuzu görür? İşiniz yoxdursa, nəylə necə yaşayırsınız? Bütün bu sualların cavabı sənin konstitusiyada təsbit olunmuş etiraz etmək hüququndadır, Azərbaycan insanı! Konstitusiyanın o maddəsində yazılır ki, ölkədə hər kəsin toplaşıb öz etirazını bildirmək azadlığı var. Qanuna görə, bunun üçün sadəcə səlahiyyətli orqanları xəbərdar etməlisən. Yəni bu, heç də onlardan icazə almaq anlamına gəlmir. Qanunla heç bir səlahiyyətli orqanın insanların dinc toplaşmaq azadlığına qadağa qoymaq haqqı yoxdur. Əgər prezident yalan danışırsa və verdiyi vədlərin hamısı boşa çıxırsa… Mandat alveri edən deputatlar parlamentə striptiz-bar əxlaqı gətirib ölkəni rüsvay edirsə… Oğlu 2 milyonluq saat oğurladan dövlət neft şirkətinin prezidenti hesab vermədən ortalıqda əl-qolunu sallayıb gəzirsə… Neft pullarını havaya sovurub, ölkəni 13 milyard borclandıran SOCAR-ın qoçuları özünə kiçik bir daxma tikən Qarabağ qazisini şil-küt edirsə… 17 min gənc təhsil haqqını ödəyə bilmədiyindən, oxuduğu universiteti buraxırsa… Əhalisi yoxsulluq içində boğulan ölkənin milyardları ofşorlara daşınıb 3-5 adamın cibinə axırsa, susmağa haqqın yoxdur!
Bu ölkə, bu sərvət, bu tale sənindir! Yetər səninlə kölə kimi davrandılar, səni əzdilər. Yetər sənin hisslərinlə oynadılar. Həyatını dəyişmək üçün cəsarətli ol, böyük xalq! 8 oktyabr sənin taleyində dönüş nöqtəsi ola bilər. Qanunu əlində bayraq tutaraq haqqını tələb et. Haqqını zorla əlindən alanlardan haqqını geri istə! Sənə çatan neft pullarını oğurlayıb övladına 2 milyonluq saat alanların cəzalandırılmasını tələb etməkdən çəkinmə! Milli Məclisi alver piştaxtasına çevirən möhtəkir parlamentin buraxılmasını tələb et! Övladına uşaqpulu, ödənişsiz təhsil, sığortalı tibbi xidmət, qazilərinə normal təqaüd və ev, gənclərinə iş, yaşlılarına rahat həyat şərtlərinin təminatı sənin iradənə bağlıdır. Bu ölkədə insan kimi yaşamaq sənin haqqındır. Ölkənin hər tərəfində dinc toplaşmaq hüququndan yararlan! İnad göstər, öz haqqını al və öz ölkənə sahib çıx! 8 oktyabr saat 12.00-da BŞİH qarşısında sərbəst toplaşmaq azadlığı tələb edən soydaşlarına dəstək ol ki, azad, insan kimi yaşamaq haqqına qovuşasan!
Rəşad Əliyev