İlham Əliyev atəşkəsə and içib

«Həm Sankt-Peterburqda, həm də Vyanada keçirilən sammitdə müsbət irəliləyişlər əldə olunub. Həll yolunda müsbət addımlar atılıb. Bu da bizim hər birimizin istədiyi bir şeydir».

«Turan»ın xəbərinə görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick Azərbaycan və Ermənistan prezidentlərinin son iki görüşünü şərh edərkən belə deyib:

«Münaqişəni prezidentlərin bir və ya iki görüşü ilə həll etmək mümkün olmayacaq, amma bəzi irəliləyişlər əldə olunur. Bu sammitləri davam etdirmək vacibdir».

J.Warlick qeyd edib ki, prezidentlər danışıqlar prosesinə sadiqdirlər: «Onlar atəşkəsə sadiqdirlər. Çünki sərhəddə sakitlik və sabitliyin olması, bizim irəliləyiş əldə etməyimizə əlverişli mühit yaradır. Mən deyə bilərəm ki, ümumilikdə tərəflər Vyana sammitindən bəri atəşkəsə riayət edib. Prezidentlər danışıqların davam etdirilməsi üçün lazım olan sabitliyin təmin olunması məqsədilə etimadın möhkəmləndirilməsinə sadiqdirlər. Ən əsası isə, hər iki tərəf ATƏT-in missiyasının genişləndirilməsini dəstəkləyir».

Həmsədr bildirib ki, Vyanadakı danışıqlarda dəqiq detallar üzərində razılaşmada ləngimələr olub: «Prezidentlər bəzi mühüm təklifləri müzakirə edirlər. Təbii ki, bu təkliflər üzərində fikir ayrılıqları da olur. Onsuz da biz tam razılıq gözləmirik. Amma hər iki tərəf, hər iki prezident bu təkliflər üzərində birgə işləməyə razılıq verib».

YENİ TƏKLİFLƏR YOXDUR

J.Warlick deyib ki, prezidentlərin razılaşdıqları məqamlar razılaşmadıqlarından daha çoxdur.

«Amma ən sonda hər şey üzərində razılıq əldə olunmalıdır. Müzakirə edilən təkliflər dünən və ya keçən il tərtib edilməyib. Bu təkliflər illərdir müzakirə olunan prinsip və elementlərə əsaslanır. Prezidentlər isə fundamental şəkildə bu prinsiplər üzərində razılaşır. Ancaq biz yenə də bu prinsiplərin tətbiqinin nə demək olduğunu anlamalıyıq. Bu səbəbdən də biz Vyana və Sankt-Peterburqda əldə olunan təşəbbüsləri alqışlayırıq . Bu prosesi davam etdirməyə çalışırıq», – J.Warlick bildirib.

Qarabağ cəbhəsində bu il aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

İyunun 20-də isə Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü olub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.