O pulu nə üçün almağa dəyməz?

Akif Qurbanov

Əvəlla QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılma ideyasını yaranan gündən bəri doğru hesab etmirəm. Bu məsələdə Qərblilərin də az günahı yoxdur. Fikrimcə QHT-lərə dövlət dəstəyinə ehtiyac yoxdur, dövlət əslində donor kimi çıxış etmək istəyən sanballı qurumlara maliyyə ayırmalı idi, onlar da QHT-lərin fəaliyyətini stimulə edən gerçək rəqabətli mühit yaradardı. Hökumətin təyinatıyla donor funksiyasi icra ediləndə, axırı da belə olur. Yəni QHT-lərə dövlət dəstəyi yox, QHT-lərin dövlət adıyla, əslində hakimiyyətə dəstəyi təşkil olunur. Bu məsələnin konseptual tərəfi.

Gələk praktiki tərəfinə. Mənim mövqeyim çox açıqdır: təmsil etdiyim təşkilatın qeydiyyatı olsa belə, yuxarıda qeyd etdiyim səbəbə görə, belə bir qurumla əməkdaşlığı özüm üçün doğru hesab etmirəm. Lakin heç zaman başqaları üçün o Şuradan qrant almağı da qəbahətli hesab etməmişəm. Yəni, donor varsa (özü də şərait elə yaradılıb ki, indiki halda faktiki yeganə maliyyə mənbəyidir), istənilən resipiyent müraciət edib qrant əldə etmək istəyəcək. Və bu büdcənin puludur, kimsənin şəxsi cibinin pulu deyil. Amma və lakin, həm də sadəcə problem ondadır ki, hakimiyyət o puldan faktiki təzyiq aləti kimi və öz siyasi maraqları üçün istifadə edir (Bəzən sual qoyulur ki, bəs başqa donorlar olanda etmirsə, bu niyə edir hesab edilir? Gəlin nəzərə alaq ki, bu donor və onun icraçıları siyasi hakimiyyət təmsilçiləridir. Belə idarəetmə formasını seçməklə də məhz siyasi məqsdələr güddükləri aşikardır. Onlar həm də, təkcə donor menecerləri yox QHT-siyasətinin də icraçılarıdır.). Müraciət edənləri bu və ya digər addımlara, yəni nəyəsə imza atdırmağa, hansısa tədbirə qoşulmağa, onun marağına uyğun mövqedən çıxış etməyə vadar edir. Bu ölkə çox da böyük deyil, hər şeyi gizlətmək çox da uzun çəkmir. Hakimiyyət özü belə, gizlətməkdə maraqlı olmadığını göstərir. Əslində bölücülüyü, ayrımçılığı və bir sözlə səngəri qazan da məhz onun özüdür. İnsanlara, təşkilatlara münasibətini də məhz sistemdaxili və sistemxarici prinsiplərə görə göstərir.

Həmçinin nəyin necə baş verdiyini biz də eşidirik, ya da bizə də gəlib çatır.

Konkret MHŞT ilə bağlı müraciət üçün isə təşkilatçılar bir neçə cür spekulyasiya ediblər:

* Bəzi adamları Azərbaycanın taleyi həll olunur və o sizin imzadan asılıdır deyə duyğu sömürgəsi ediblər. Yəni “vətən, millər, sakariya” hissləri, “ictimai maraq” prinsipləri bunların ancaq marağına uyğun zamanda yada düşür. O da həqiqətən də vətən anlayışına dəyər verən insanları inandırmaq üçün lazım olur. Lakin pulları basıb yeyəndə, adamları həbslə üz-üzə qoyanda millət, vətən anlayışını sanki heç eşitməyiblər kimi yadlarına belə düşmür.
* Bəzi adamların isə heç xəbəri də olmayıb, sadəcə adını yazıblar vəssalam. Onlar da ötən illərdə üzləşdikləri problemlərin yenidən qabarmaması üçün sadəcə imtina etmək gücündə deyillər. İmza yığanlar, onların təkzib etmək durumunda olmadıqlarından istifadə edərək adlarını yazıblar. İmzalamadıqlarını təkzib edənlərin olması, həmçinin dünyasını dəyişənin belə siyahıda adının ortaya çıxması, zatən bu işin qondarma olduğunu açıqca ortaya qoydu.
* Şuraya müraciət edənlərə də çox açıqca mesaj verilib ki, “bilirsiniz də neyləmək lazimdır, əks halda nəticə sizin üçün xoş olmayacq”. Bunu deməklə insanlara alternativ maliyyə mənbələrini istifadəyə imkan verilməməsi, onları belə şərtlərdə işləməyə məcbur edir.
* Təbii ki, içlərində mövqeyini dəyişən və bu dəyişimi haqlı göstərmək üçün hər addımı gözü yumlu olsa belə, müdafiə etmək zorunda olanlar da var. Heç də az sayda deyillər. Burada da abır məsələsi böyük rol oynayır. Abırlı olanları, sadəcə müdafiə etmək üçün ağlabatan arqumentlər tapmağa çalışır, digərləri isə ağına-bozuna baxmadan nə gəldi etməyə hazırdır, təki günlük nəticə əldə etsin.