Yol: Qiyasdan Talehǝ, Talehdǝn Qiyasa

Bu cavan oğlan mǝnim qǝhrǝmanımdır – Qiyas. Yaraşıqlı, intellektual, cǝsur, odbaxışlı, natiq. Qǝhrǝmandır o. İşgǝncǝlǝr vǝ 10 il hǝbs… Ancaq müstǝbidǝ baş ǝymir vǝ cǝlladlarına üz tutub deyir: “Sistemin yazılmamış qanunlarını pozduq biz. Yazılmamış qanunları pozanda cǝzasız qalmaq mümkün deyil…Sizlǝrdǝn ǝfv dilǝmǝyǝcǝyik”. Jacques Roux kimidir, nǝfǝsi onun nǝfǝsidir, “sans culottes”ların sǝsi, “enragés”lǝrin qǝzǝbli öndǝri. Dövlǝtlilǝr qorxur ondan, o isǝ qorxmur. Çünki “dövlǝtlilǝr” öz qanunlarına müvafiq hǝrǝkǝt edirlǝr, Qiyas vǝ Bayram isǝ öz azadlıqlarına uyğun. Qiyasın elǝdiyi azadlığın tǝlǝbidir. Qulaq asın bu cavanın dediklǝrinǝ, bu iki cavan söz vǝ ǝmǝllǝ sizǝ deyir ki, ey camaat, xalq olun, xalq, yoxsa “uçulacaq evlǝriniz, qırılacaq sǝndǝn olanlar”. Bǝzi ziyalılar da guya münasibǝt bildirib bu hökmǝ, bildirmǝsǝydilǝr yaxşı olardı. Biri deyir ki, “gǝrǝk 2-3 il iş verǝydilǝr, cavanlığını nǝzǝrǝ alaydılar; bu uşağı kimlǝrsǝ öyrǝdib, tǝlǝyǝ salıblar”. Bunu yazıçı-ziyalı deyǝ danışdırıblar. Deyir, “bǝs yaxşı bu cavanın heçmi günahı yoxdur? Onun da günahı var axı”. Günahı yoxdur Qiyasın, Bayram da günahsızdır. Öz fikirlǝrilǝ hǝrǝkǝt ediblǝr, yǝni sizdǝn vǝ sizin kölǝ ruhunuzdan, meşşanlığınızdan iyrǝnirlǝr. Cinayǝt dǝ törǝtmǝyiblǝr. Günah heykǝldǝdir. Cinayǝtkar heykǝlin özüdür. Qiyas vǝ Bayram, tǝkcǝ heykǝlin üstünǝ yazmayıb o yazını, alnınıza yazıb. Çünki o yazı, ǝyilib alnınızı qoyduğunuz yerinǝ yazılıb heykǝlin.

Bu yazıçı tayfasının yerdǝ qalanı da susur. Susurlar! Özünǝ şair deyǝnlǝr, yazıçı-ziyalı deyǝnlǝr, dövlǝtin yalı ilǝ ǝdiblǝşǝnlǝr susurlar. Zǝrrǝlǝrilǝ, kütlǝlǝrilǝ, cǝmdǝklǝrilǝ susurlar; hǝr yerlǝri qorxu içindǝdir. Dünǝn dǝ susurdular, bu gün dǝ susurlar. Bir gün bu susqular, bu susduqlarınız ürǝyinizin düz üstündǝ, döşünüzün altında ur olub çıxacaq, çörǝyinizdǝ tikan, tikǝnizdǝ iynǝ olub ağzınıza batacaq, dodaqlarınızda irin-qan olub axacaq. Süfrǝniz qanlanacaq. İndi susduqlarınız oğul-uşağınızın sifǝtindǝ yara, özü dǝ qara yara olub böyüyǝcǝk.

Bu dövlǝtǝ, bu iqtidara deyilǝsidir: ey sǝn – Azǝrbaycan Dövlǝti, ey sǝn – prezident, xalqsız dövlǝtsǝn sǝn, bu yolu seçmisǝn, xalqın yoxdur sǝnin; xalqı olmayan prezidentsǝn sǝn. Xalqsız dövlǝt, xalqsız prezident! Torpaqların, ǝrazilǝrin, neftlǝrin, dağların, qızıl yataqlarının, ticarǝt mǝrkǝzlǝrinin, şirkǝtlǝrin, yolların, sǝkilǝrin, meydanların, daşların prezidenti! Heykǝllǝrin prezidenti! Bu “ziyalı” tayfasına, bu şair-yazar sürüsünǝ deyilǝsidir: xalqı olmayan yazarlarsınız siz, xalqsız “ziyalı”larsınız. Müsahibǝ alırlar bunlardan, aman, unudulmasınlar, yaddan çıxmasınlar, üzlǝri görünsün, lazım olanda iqtidarın sözünü, dövlǝtin horrasını axıtsınlar ağızlarından. Müsahibǝ verirlǝr, “Rusiyada dövlǝt sǝviyyǝsindǝ ‘onlayn qiraǝt” layihǝsi gerçǝklǝşib. Sizcǝ, bǝs bu bizdǝ niyǝ yoxdur? Bunun sǝbǝbi nǝdir?” Bu, o dǝrǝcǝ mühim mǝsǝlǝdir ki… Azǝrbaycanda dövlǝt sǝviyyǝsindǝ iki cavan oğlandan qorxub, heykǝlin üstünǝ kölǝliyinizi üzünüzǝ vuran şüar yazdıqlarına görǝ onları işgǝncǝ ilǝ mǝhv etmǝk istǝyirlǝr, birinǝ 10 il azadlıqdan mǝhrumetmǝ cǝzası verilib. Sizcǝ, bǝs bizdǝ niyǝ ǝdalǝt yoxdur? Qiyasın, Bayramın hǝbsinin sǝbǝbi nǝdir? Bunu soruşun o yazar tayfasından, o ǝdib qırığından, o meşşansifǝtlilǝrdǝn. İştahla danışırlar, bǝh-bǝh, sǝs çıxardırlar. Kölǝ danışır, kölǝdǝn sǝs çıxır. Qǝzǝbimiz boğacaq sizi ya da bir gün bu xalq birdǝfǝlik yoxa çıxacaq, başını götürüb yoxluğa gedǝcǝk. Qışqıracaqsınız, “bu daşların insanları hardadır?”

image

   Vǝ Nardaran mǝhbusları… Qiyasdan Talehǝ, Talehdǝn Qiyasa vǝ Bayrama gedǝn bir yol var: “cinayǝtlǝrimiz”! Bizi çoxdan cǝzalandırıblar. Bu dövlǝt, bu qaniçǝnlǝr bizi başdan cǝzalandırıb. Anadan olan kimi hökm oxunub bizǝ, anadangǝlmǝ cǝzalılarıq. Qalan mǝsǝlǝ cinayǝtimizi tapmaqdır, vǝ tapırlar. Əvvǝl cǝzamız verilir, sonra “cinayǝtimiz”. Taleh Bağırzadǝdǝn Qiyasa, Qiyasdan Talehǝ gedǝn yol budur. Bizi – xalqı cinayǝtlǝrimiz birlǝşdirir, dövlǝtin qondardığı “cinayǝtlǝrimiz”. Elǝ ǝsas mǝsǝlǝ odur ki, bǝlkǝ dǝ hamımız bu cǝlladın qarşısına çıxıb öz “cinayǝtimiz”ǝ çatmalıyıq, qovuşmalıyıq cinayǝtlǝrimizǝ – azadlığımıza. Cinayǝtimiz – azadlığımızdır. Mǝn burada Talehi vǝ onun fikirlǝrini yox, onun bǝdǝnini, onun vǝ dostlarının bǝdǝnini, uşağının gözü qabağında güllǝnǝn bǝdǝnini, döyülǝn, ǝzab verilǝn bǝdǝnini, yaralıykǝn ayaqlar altında ǝzilǝn bǝdǝnini, tapdalanan başını, sındırılan qolunu dǝstǝklǝyirǝm. Fikir müzakirǝsi vaxtı deyil. Taleh fikirlǝrindǝn vǝ mülahizǝlǝrindǝn ötrü qiymǝtli deyil mǝnim üçün. Taleh mǝnim gözümdǝ, durduğu-dayandığı yerdir. O yer ki, qarşısında quldur vǝ quldar bir dövlǝt var. O yer ki, dövlǝtin terrorçuları meyidin üstünǝ çıxıb tapdalayıblar, cǝsǝdi güllǝlǝyiblǝr. Musa Xiyabani kimidir Taleh; nǝfǝsi onun nǝfǝsidir, sǝsi onun sǝsidir. Taleh ǝzilǝn tǝrǝfdir, Taleh ǝzilǝnin yanındadır. O da Qiyas vǝ Bayram kimi, cǝllada boyun ǝymir. Hakimǝ qürurla deyir: “Biz sizin vǝ rǝhbǝrinizin qarşısında ǝyilmirik”. Ona işgǝncǝ verǝn, gözünün qabağında dostlarını döyǝ-döyǝ öldürǝn cǝlladlardan birinǝ, cǝlladın “bǝs sǝnin allahın hardadır, sǝnǝ kömǝk etmir?” istehzasına, “mǝnim arxamda allah var ki, sǝnin kimi qaniçǝnin qarşısında sınmıram” cavabını verir. Qiyasdan Talehǝ, Talehdǝn Qiyasa gedib çıxan yol budur. Mǝsǝlǝ “allah” deyil, mǝsǝlǝ onun inandığı “allah” ilǝ mǝnim inanmadığım “allah” deyil; illǝr öncǝ demişdim: “allahımız çox, hökmdarımız birdir; tǝk sǝbǝbi su deyil(di) palçığımızın…”

image

   Yox, yox, dövlǝtlilǝrin fikrincǝ hamı onlara xidmǝt etmǝlidir, hamı, dindar da o cümlǝdǝn. Din dövlǝtindǝn “ehtiyatlanıb”, dövlǝt dini yaradıblar. Dindar da bunların “dininǝ” inanmalıdır, bunların istǝdiyi kimi inanmalıdır. Mamon yaradıblar, Tanrı-Mamon; gözüdoymaz, var-dövlǝt hǝrisi, acgöz, mal-mülkǝ tapınan, harınlamış… Bu dövlǝtin bu vǝhşiliyi olduqca Taleh vǝ dostları heç vaxt Mamona itaǝt etmǝyǝcǝklǝr, onlar hǝmişǝ allaha inanacaqlar.

Mǝnsǝ hǝmişǝ olduğum yerdǝyǝm, René Char-ın dediyi yerdǝ: “Siz var olan o donuzlarınıza itaǝt edin, mǝn var olmayan tanrılarımın yolundan gedǝcǝyǝm; zülmlǝrǝ qarşı insan qalacağıq biz”.*


* René Char, “Contrevenir” şeiri: “Obéissez à vos porcs qui existent. Je me soumets à mes dieux qui n’existent pas. Nous restons gens d’inclémence.”

Xaqani Hass, 30 Oktyabr, 2016