Manat batır, dostlar!

Nemət Əliyev

Elə Mərkəzi Bank da üzü aşağı gedir…

Rəsmi məzənnəyə görə bu gün 1 dollar 1,5915 manatdır. Bu günkü fəaliyyətinə görə az qala valyuta dəyişmə məntəqələrinə dönən kommersiya banklarında isə dolların alış-satış qiyməti 1.62-1.65 manat aralığında dəyişir. 2 ay 10 gündə manat 7-9% dəyərini itirib.

Manatın “ölməsi” özü ilə növbəti bahalaşma dalğası da gətirir.

Əgər satış nöqtələrində vitrinlərə diqqət edirsinizsə, bir sıra ərzaq mallarının qiymətlərində son günlər bahalaşma yaşanır.

Mərkəzi Bankın yanlış pul-kredit, o cümlədən məzənnə siyasəti daxili bazarlarda böyük çəkiyə malik olan idxal mallarının bahalşması zərurətini yaradıb. İstehsal ehtiyacları xaricdən asılı olan yerli istehsal müəssisələri də belə addım atmaq məcburiyyətindədir. İşığın, suyun qiymətini bahalaşdırmaqla digər yerli malların qiymətlərinin bahalaşmasına rəvac verəın Tarif Şurasının qərarlarını da saya alsaq, o zaman ölkə boyu yaşanacaq bahalaşmanın miqyasını aydın təsəvvür etmək mümkündür.

Bundan sonrakı dövrdə manatın dəyərdən düşməsi prosesinin daha da sürətlənəcəyi çox realdır. Deməli, növbəti bahalaşma da çox realdır. “Proses başlanıb” da demək olar.

Amma bizi gözləyən çətinliklər yalnız bununla bitmir. Milli valyutanın hər gün dəyər verməsi dövriyyədə olan, yəni sahibkarların, fiziki şəxslərin, müəssisə və təşkilatların istifadəsində olan kredit resurslarının alıcılıq qabiliyyətini də hər gün aşağı salır və bu hesaba ölkədə ümumi işgüzarlıq səviyyəsini nəinki olduğu kimi saxlamaq mümkün olmayacaq, əksinə bu səviyyə daha da aşağı düşəcək. Bu proses yerli və xarici investorları da Azərbaycanda fəaliyyət göstərməkdən çəkindirəcək ki, bu da yerli istehsala əlavə zərbə vuracaq. Beynəlxalq reytinq təşkilatlarının son günlər ölkəmizin reytinqini aşağı salması bu xoşagəlməz tendensiyanı daha da sürətləndirəcək. Xarici valyutada kredit borcu olanların borc yükü məzənnə dəyişikliyi səbəbindən daha da artacaq. Bankların milli valyuta ilə kredit verməsi bundan sonra da çətinləşəcək.

Sosial-iqtisadi göstəricilərin kəskin şəkildə pisləşdiyi indiki zamanda hadisə və proseslərin bu istiqamətdə yön alması heç arzu olunan deyil. Belə bir məsuliyyətli dövrdə hava-su kimi gərəkən iqtisadi islahatlar sanki unudulub. Görünür, vəzifə kreslosunu möhkəmləndirmək məqsədinə xidmət edən konstitusiya dəyişikliyi-referendum kimi məsələlər hakimiyyət üçün daha vacib olub.