İlham Əliyevin Mingəçevir təməlqoymasının təməli dağıldı

Toxuculuq fabrikinin təməli qoyulandan sonra bütün işlər dayandırılıb

Bu ayın ya 20- də, ya da 21- də İlham Əliyev Mingəçevirə gedib, orada Sənaye Parkı adlı nəhəng kompleksinin təməlqoyma mərasimi deyilən bir şeyə qatılıb. Rəsmi xəbərlər də bunu təkidlə bildirirdilər. Hətta prezidentin öz saytında da israrla bildirilirdi ki, ,,Azərbaycan Prezidentinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunu Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib,,. Və əlbəttə, sairə. Yəni xəbər gurultulu notlarla davam edir.

Amma bizim xəbərin qabarıq xətti bundan ibarətdir ki, təməlqoyma mərasimi başa çatandan sonra tikinti texnikası tamamilə geri çəkilib, tikinti işləri dayandırılıb. Səbəbini bilən olmayıb. Mingəçevirlilər danışırlar ki, bu sənaye Parkı adlanan yerin əsasında toxuculuq fabrikinin qurulması dayanmalı idi. Amma bu il pambıq sektorunda (!) məhsuldarlıq aşağı olduğuna görə toxuculuq fabriki də tikilməyəcək. Gələn il, Allah kərimdir.Məhsul bol olsa fabrik də tikiləcək.

azerbaycansaati.tv