Dırnağım qopub, dözmüşəm

Saday Şəkərli

Hər qarış torpağın, Allah eşqinə,
başına gül-çiçək səpib dözmüşəm,
bir qarın çörəyi öz vətənimdə,
min bir əziyyətnən tapıb, dözmüşəm.

Titrədim quzutək şirin yanında,
bəs nədən durmadım şərin yanında,
Fərhadam, üzüm ağ Şirin yanında,
dağ yarıb, qayalar çapıb, dözmüşəm…

Min dəfə dağılıb söz xanimanım,
türkəm, dan yeritək təmizdir qanım,
Cavidəm, Sibirdə çürüyüb canım,
Müşviqəm dırnağım qopub, dözmüşəm.

Nəsimi, həqq mənəm, həqq köküm, soyum,
bu nə dərd, dərimdə gizlənib boyum,
bilmədim bu canı nə yerə qoyum,
sanma haqq yolundan sapıb, dözmüşəm.

Niyyətim köhnədir, məqsədim qədim,
bir ruham didərgin, nə yerə gedim,
atamın məzarı Məkkəm, məbədim,
anamın əlindən öpüb, dözmüşəm.

Bitib, göyərmədim sinəndə qəmtək,
quşun dimdiyində qəribəm dəntək,
ümid bağlamadım bəndəyə, mən tək,
Allahım canına hopub, dözmüşəm.