Cadugər

  • Əbil Həsənov

    Əmim oğlu yüksək vəzifəli dövlət məmuru idi..Mən onu tez-tez televiziya ekranlarından görürdüm. Onunla uşaqlığımız bir yerdə keçmişdi.Anam bizə fərq qoymazdı. Amma neynəmək olar ki, illər bizi bir-birimizdən ayırdı. Əmim oğlu ölkədə tanınmış adamlardan oldu. Hər dəfə vəzifəsi yüksəldikcə bizdən uzaqlaşırdı. Demək olar ki, heç görüşmürdük. Bir gün mənə gizli nömrədən zəng gəldi. Tərəddüd içində telefonu açdım. Səs tanış idi, güclə tanıdım – əmim oğlu idi. “Maraqlıdır, görəsən nömrəmi haradan bilir, nə üçün zəng edib” deyə düşündüm bir anlıq. Salamlaşıb harada olduğumu soruşdu. Evdə olduğumu bildirdim:-“Heç yerə getmə dalınca maşıngöndərirəm.Səninlə vacib işim var.”-dedi. Fikir məni götürdü. Görəsən əmim oğlu məni neynir?-deyə fikirləşirdim ki, birdən qapımızın ağzında əmim oğlunun göndərdiyi maşın siqnal verdi. Maşına oturdum və avtomobil sürətlə evdən uzaqlaşdı. Bir neçə dəqiqədən sonra artıq əmim oğlunun yanında idim. O, məni bahalı restoranların birində gözləyirdi. Hiss olunurdu ki vaxtı azdı. Qısa hal-əhvaldan sonar tələm-tələsik dərdini danışmağa başladı:-“Əmioğlu, axır vaxtlar işlərim düz gətirmir. Cənab nazir əvvəllər mənimlə soyuq danışırdı. Soyuq danışdıqca obyektlərimə gələnlərin sayı azalırdı. İndi ümumiyyətlə danışdırmır. Buna görə restoranlarıma gələndə yoxdu, bir neçə şadlıq evlərim var a kişi, orada toy eləmək istəyən tapılmır.Tibb mərkəzim var, xəstə üzünə həsrət qalıb. Təhsil mərkəzlərim bu gün – sabaha bağlanacaq. Kimə deyirəm dərdimə bir çarə tapan yoxdur. Son ümidim sənsən, əmioğlu.”-dedi. Mən heyrətimdən donub qaldım. ABu nə danışır, ə?! Mənim əlimdən nə gəlir axı? Yenicə ağzımı açıb danışmaq istəyirdim ki, dedi:-“Mən bir neçə baxıcıların yanında olmuşam.Hamısı deyir ki evinizdə cadu var. Deyirlər ki, Dilşadı gətir evini cadularıdan təmizləsin. Dilşad da sizin qonşunuzdu.Onu yaxşı tanıyırsan.Onun da hörmətini edəcəm, sənin də.”-dedi. –Əmioğlu, sən bu boyda dövlətin yüksək vəzifəli məmurusan, niyə belə şeylərə inanırsan?-deyə bildirdim. -“Səni bilmirəm.Mən inanıram.Nə olsun vəzifəliyəm? Bizim çoxumuz buna inanırıq.Sən sabah Dilşadı da götür, gəl bizə.”-deyib cibindən bir ovuc pul çıxarıb ovucuma basdı.Tamah mənə güc gəldi. Dilşadı onlara gətirəcəyimə söz verdim. Evə gəlib Dilşadla danışdım. Dilşad təklifimdən sevinərək:-“Sən bircə məni onlarla calaşdır gör sənə necə hörmət edirəm”-dedi.Vədələşdiyimiz vaxtda dünənki maşın bizi əmimoğlugilə apardı. Əmim oğlu və arvadı bizi gülərüzlə qarşıladı.Dilşad xanıma hazırlaşmaq üçün otaq ayırdılar.Çox keçmədi ki,Dilşad xanım əcaib bir körkəmdə otaqdan çıxdı. O, dizinə kimi qara rəngli dar şalvar, qolları dirsəkdən qatlanmış qara köynək geyinmişdi. Saçları dağınıq halda üzünə və çiyninə yayılmışdı. Zahiri görünüşü adamı qorxudurdu.O dodağı altda nəsə deyə-deyə əvvəlcə balıncların, sonra yorğanların içini yerə tökdü.Bir şey tapmayıb döşəkləri sökdürdü. Əlini bir döşəyin içinə salıb tapdım deyə qışqırdı. Sağ əlində göy rəngli parçaya bükülmüş kişik bir bağlama çıxardı. Mən diqqətlə onu izləyirdim. Dilşadın əllərini döşəyin içərisindən çıxaranda sol qolu biləyinə kimi örtülü idi. Beləliklə o, əmim oğlunun evindən caduları “təmizləyib”qurtardı. Pis qazanmadım, həm əmim oğlu, həm də Dilşad mənə yaxşı “hörmət”elədilər. Əmim oğlunun sayəsində sifarişlərimizin sayı artır, artdıqca da qazancımız çoxalırdı. Pul sel kimi gəlirdi. Yığıb-yığışdırmaq olmurdu. İş o yerə çatmışdı ki, müştərilər falçı Dilşadı onlara aparmaq üçün mənə pul əvəzinə obyekt boyun olurdular. Biri maqazin, digəri kafe, bir başqası isə avto-servis bağışlayırdı. Dilşad xanım da (Artıq ona xanım deyirdim) pis hörmət eləmirdi. O, mənsiz bir yerə getmirdi, çünki onun fırıldaqlarından xəbərdar idim – açardım sandığı, tökərdim pambığı. Biz bəzən müştərilərin ölkə xaricində olan evlərində də “təmizlik”işləri aparırdıq.Xülasə, bir gün müştərilərdən biri Dilşad xanımın onun evindən cadu çıxarması müqabilində mənə nazirliklərin birində yağlı bir vəzifə verdi. Mənim obyektlərimin sayı artmışdı. Artıq kənddən şəhərə köçmüşdüm. Nəinki şəhərin görkəmli yerlərində,hətta müxtəlif xarici ölkələrdə də evlərim var idi..İldən ilə vəzifəm yüksəlirdi,mən respublikanın tanınmış bir adamına çevrildim.Televiziya ekranlarından düşmürdüm.Artıq Dilşad xanımı unutmuşdum.işlərim yağ kimi gedirdi. Lakin günlərin bir günü mənim də başımın üstündən qara buludlar keçməyə başladı.Nazir mənimlə soyuq görüşməyə başlamışdı. Sonra heç görüşmədi də.Mən neçə illərdi görüşmədiyim bibim oğlunun telefonunu axtarırdım. Görəsən indi Dilşad xanım sağdırmı ???