Bizə lazım olmayan darbələr

 

Türkiyədəki darbə təşəbbüsü sonrasında asanlıqla müşahidə olunan bir meyl haqda danışmaq yerinə düşür. İnsanlarımız üçün Türkiyənin bu qədər maraq doğurması, bu ölkənin siyasətinə bu qədər emosional diqqət və münasibətin varlığı düşündürücüdür. 

Bizə nə bundan ? 

Yeşilçam filmləri ilə böyümüş, türkçə danışmaq ədasilə uşaqlığımı yaşamış, Türk dilində, türk dostlarla təhsil almış, bu gün də türk mediasını oxumağa davam edən, hətta elmi işini Türkiyə haqqında götürüb, türkləri bu qədər sevən biri olaraq iddia edirəm ki, Türkiyə siyasətinə və mediasına belə yüksək maraq göstərməyimiz doğru deyildir.

Çünki : 

  1. Türkiyədə nə dəyişsə də bunun bizim üzərimizdə effekti olmayacaqdır. Heç vaxt da olmayıbdır. Bizim Türkiyədə heç nəyi, Türkiyənin də, türklərin də bizdə heç nəyi dəyişmək gücü yoxdur. 
  1. Bizim öz dərdimiz çox daha betərdir və Türkiyə haqqında danışmaq nəinki xeyirsizdir, hətta buna enerji və zaman sərf etməyə dəyərmi, deyə düşünmək lazımdır.
  1. Türkiyə siyasət səhnəsi mraqsız görünür. Oradan nəsə öyrənmək, təcrübə qazanmaq, Azərbaycana model kimi götürmək mümkünsüzdür. Kimin nə olduğu bəlli deyildir. AKP-in dayaqları “biz sağcıyız” deyir, amma rəhbərlik Sosialist İnternasionala müraciət edir, CHP blok qoyur. CHP özü İnternasionalın üzvüdür, ancaq sosial-demokratiyanın, bərabərlikçi şüurun damcısı yoxdur. Gedib Əsədlə danışıq edir. Sol-demokrat dəyərlərin onlara sanki dəxli yoxdur. MHP sağçılığı islamçı-türkçülük zənn edib, laik Atatürkü simvol göstərib, Osmanlı ilə fəxr edərkən Cümhuriyyətçi görünən, nə olduğu xüsusilə bilinməyən bir partiyadır. Türk siyasətçilərin bir neçəsi istisna olmaqla çoxluğu savaddan əziyyət çəkir
  1. Bu qədər “Türkiye merakı” özümüzə hörmətsizlikdir. Türkləri və Türkiyəni sevə bilərik, bu fərdi maraq dairəsi ola bilər, ancaq öz ölkəmizi qoyub, qardaş dediyimiz bir ölkənin siyasətinə bu qədər meyl göstərərkən, müşahidə edirik ki, Azərbaycan siyasəti hər hansı bir türkün umurunda bilə” deyildir. Halbuki, Türk siyasətində bir dənə də olsun Əli Kərimli kimi lider yoxdur. Bilən bir tək türk varmı ki, Azərbaycanın ana müxalifət lideri kimdir ? Yox, çünki onların çoxusunun gözündə biz “bir kiçik qardaş” yox, “kiçik bir qardaş”ıq. Halbuki, biz Türkiyənin tək sadiq və səmimi müttəfiqiyik.  Amma özümüzü qoyub, müttəfiqin “öz”ü kimi davranıb, buna qarşılıq görmədikdə bu hörmətsizlik olur.
  1. Türk mediasına boşuna zaman xərcləyirik. Fransada yaşayan, azad mətbuatın beşiklərindən birində olan biri kimi, Türk mediası ilə böyümüş bir gənc olaraq iddia edirəm, nə maqazinləri, nə siyasi köşələri, nə də digər yazıları bizdəkindən çox daha zəngin deyildir. Bu gün bizim Azərbaycan Saatı, Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV kimi çox uğurlu, insanların entuziazmına söykənən media proyektlərimiz var. Bunlar var ikən niyə CNN Türk, Habertürk, Milliyet, Hürriyət kimi qəzetlərə məhsul” olmalıyıq (bəli, onların oxucu sayını artırmaqla, reklam gəlirlərini artırır, onların məhsulu oluruq) ?
  1. Türk mediası bizim bu qədər diqqətimizə layiqdirmi, deyə düşünürəm. Bu qədər azərbaycanlı oxucuya rəğmən, bir dəfə də olsun Azərbaycandakı kritik məsələlərə maraq göstərmir, işıq tutmur. Azərbaycana yer ayırıb, oxucusu olaraq da olsa bizə sayğı göstərməyə meyl etmir. Bizim mətbuat Türkiyədən bu qədər çox bəhs edir, türk mediasından sitat gətirir, bizim oxucumuz Türkiyədəki hadisələrə türklərdən daha çox diqqət göstərir, amma türk mediası bu diqqətin haqqını vermir. “Sizin fərqinizdəyik, oxucu statistikasmıza düşünürsünüz, sizi görürük və bir mövzu da sizə həsr olunsun” demirlər. 
  1. Türk siyasətçiləri belə bizim siyasi liderlərimizə, fəallarımıza mənasız və yuxarıdan baxırlar. Azərbaycanla bağlı bildikləri tək şey, siyasi cəhətdən savadsız “bir millət, iki dövlət” deyimidir. İnsan haqları, siyasi və sosial hüquqlar, bəzən qəzalar, yanğınlar, soyğunlar, qırğınlar… Çox cüzi, istisna və elementar reaksiyalar verilir. Bu qədər. Maraq sıfırdır. Bir deputat, ya da bir partiya sözcüsü düşünün ki, “Azərbaycanlı kardeşlerimizin haksız yere hapse atılmasından kaygı duyuyoruz” desin. Ya da “Kardeşlerimizin ifade özgürlüğüne saygıya davet ediyoruz” deyən bir cəmiyyət adamı təsəvvür edin. 

Yoxdur, əfəndim, yoxdur. 

Mən bir turan düşüncəli insan olaraq Avropada milliyətçi çevrələrə təsadüf etdiyim hər dəfə də bunu dilə gətirirəm : Abi, Azərbaycan siyasətinin ən güclü adamı kimdir bilir misin ?  Haqqında sadəcə ağızdan duyduğun Elçibeyin varisi kim, biliyor musun” deyirəm, cavabında ya, şimdi abi o kadarına zaman yetiştiremiyoruz” deyirlər. Cavabında “senin zamanın benimkimdən daha mı az ? “ deməklə ağzının payını versəm də, bir həqiqəti anlayır, biz Romalı Papadan daha çox katoliklik” deyirəm… 

Nəyisə çox bilməyə görə utanacaq deyilik, ancaq, onlara sərf etdiyimiz vaxtı da özümüzə sərf etsək nəticə daha fərqli olmazdımı ? Olardı. 

Azərbaycan hökuməti zülm rüzgarına dönüb fırtına əsdirir, bunu cəsur mətbuatımız yazır, oxumağasa  cəsarətimiz, həvəsimiz, bacarığımız çatmır. Oxunmadıqca, yazanlar həvəsdən düşür. Bu düşüş, qəzetlərin keyfiyyətinə təsir edir. Sonra oxucu “bizdə yaxşı yazan yoxdur” deyir, yenə yönəlir türk, rus ya da tamamən ingilisdilli informasiyanın arxasınca… Beləcə tilsim dairəsi yaranır. Oxunmadıqca yazılmır, yazılmadıqca da oxucular başqa mənbələrə yönəlirlər. Başqa ölkələrə maraq göstərib, öz ölkəmizə daha az diqqət edir, öz ölkəmiz də beləcə daha az “öz” ölkəmiz olur. 

Yəni, insanlarımız öz dərdini buraxıb başqalarına ağlamaqdansa, Türkiyə daxil olmaqla başqalarının gündəmini buraxıb, öz gündəmimizə yönəlməlidirlər. Türk mətbuatının bizə olan saymazlığı, onlara olan boykotla, bizə qarşı diqqətsizliyi də oxucu kütləsini itirməklə cəzalandırılmalıdır. Türk qardaşlarımızın bizim siyasətə olan saymazlığı da, onların siyasətinə olan maraqsızlıqla cavablanmalıdır. 

Yenə qardaş olaq, sevək-sevişək, dar gündə dəstək olaq, Eurovison-da səs verək, ucuz qaz verək, türk investorlara imtiyazlar verək və s. Fəqət qardaşa dəxi bu qədər diqqətli olmaq, hələ-hələ bu özümüzə qarşı diqqətsizliklə müşayiət olunursa, buna artıq son verməliyik.

Qərib Azad