Zümrüd Yağmur
Keçən gün bir kitabın sürətini çıxarmaq üçün kompüter xidmətləri göstərilən yerdə xanıma nələr edəcəyini anlatdığım ərəfədə qulağımı bir şöz cırmaqladı sanki…
“Azərbaycan səhiyyəsindəki nailiyyətlər… ” Döndüm, yaşlı bir kişi yaxındakı xanıma mətn diktə edirdi. Özü də səhiyyədəki uğurlar barədə…
Təsəvvür edirsinizmi?! O yaşlı adamın yaxasından tutub “bu gün hansı nailiyyətdən yazırsan?!” demək gəlirdi adamın içindən… Amma susub, adama başımı bulayıb kinayə ilə gülməklə kifayətləndim və oranı tərk etdim.
Təbii ki, adam indiki halda səhiyyənin “qara günlərindən” yararlanıb özünə “ağ gün” yaratmaq istəyir. Görünür, molla yasdan xeyir götürdüyü kimi, yaltaqlıq potensiyalını belə günlərdə daha çox istifadə edib nəsə əldə etməyə çalışanlar üçün də son vaxtlar yaxşı şərait yaranıb.
Yaxşı bəs necə oldu ki, son vaxtlar həkim səhlənkarlığı və ya savadsızlığı ucbatından bu qədər insan dünyasını dəyişməyə başladı? Əslində, bütün bu hallar hər zaman olub, rejimin yaratdığı eybəcərliklər səhiyyə sistemini digər sahələr kimi, elə hala salıb ki, ölkədə normal tibbi xidmət yox səviyyəsindədir. Sadəcə, bu ölüm faktları son vaxtlar daha çox mətbuata sızmağa başlayır. Məgər tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı ucbatından dünyasını dəyişəndə bu tək və ya nadir fakt idi?
Bir müddət əvvəl, xatırlayırsınızsa, orduda baş verən ölüm halları az qala hər gün mətbuatda dəhşət saçırdı. İndi o xəbərlər əvvəlki qədər çox deyil. Sizcə, bu ordudakı intihar və ya ölüm hallarının azalması ilə bağlıdır? İnanmıram, sadəcə, indi bunu mətbuatdan gizlətməyin yollarını daha yaxşı tapıblar.
Baş verən neqativ hadisələrdən çıxarılan nəticə o olmadı ki, nizam yaradılsın, sadəcə, daha yaxşı ört-basdır etməyin təcrübəsini qazanırlar.
O üzdən az sonra xəstə ölümləri ilə faktlar da mətbuatda az görünəcək. Niyə, ona görə ki, sistem yaxşı işləyəcək, az müddət ərzində həkimlər savadlanacaq, ya da səhlənkarlıqları aradan qalxacaq? Bəlkə nazir Oktay Şirəliyevi işdən çıxarmaq işə yarayacaq?
Təəssüf ki, belə sadəlövh olmaq kimi bir lüksümüz yoxdur. Çünki necə deyərlər, yeni təhsil nazirindən “ağzımız yanıb”. Mikayıl Cabbarov gəldikdən sonra təhsilin olan qalan evi də yıxıldı, indi daşı-daş üstə belə qalmayıb, xarabalıqları üzərində indi elə savadsız həkimlər at oynadır.
O üzdən də, nazirin dəyişməsi, yeni təyin olunanın fərdi əxlaqı və ya keyfiyyəti ilə nəsə edəcəyini düşünmək yumşaq desək, səbatsızlıq olardı. Çünki bəlalar bütünlükdə sistemdən qaynaqlanır.
Səhiyyənin ölüm düşərgəsinə çevrilməsinə gəlincə… Təkçə bu sahə ilə məhdudlaşmır naqisliklər, sadəcə indiki halda ölkədəki eybəcərliklərin bir ünvanda partlayışı baş verməkdədir. Təhsil məhv olubsa, rüşvət geninə-boluna işləyirsə, bu, ilk növbədə səhiyyəyə təsir edəcək. Çünki ölkədə normal təhsil olmayacaqsa, yaxşı həkim-mütəxəssislərin də yetişməsi mümkün deyil.
Tibb Universitetində “həkim olmaq” üçün yaxşı pul xərcləmək lazımdır və nə yazıq ki, daha mentalitetimizə çevrilmiş rüşvətlə təhsil alma anlayışı rejimin eybəcərliyini bəsləyir.
Amma rüşvətin fəsadları bununla bitmir.
Rüşvətlə təhsil alan həkim elə eyni şəkildə də hər hansı bir xəstəxanada işə düzəlir.
Bitdimi? Yox!
Sonra eyni şəkildə, rüşvətlə də telekanallara yol tapıb proqramlara çıxıb danışır və reklamını qurub yaxşı “müştəri” yığır. Bəli, bəli, müştəri, çünki Azərbaycanda həkimlərin çoxu xəstəyə xəstə kimi yox, məhz müştəri kimi baxır.
Amma inanın ki, bəla bununla da qurtarmır…
Hələ qabaqda xalqımızın ətinə-qanına işləmiş qohumbazlıq var axı… Qohumun nazir, deputat, bir sözlə, əli yuxarıların ətəyindədirsə, onda heç problem olmur.
Məsələn, Fərəc Quliyevin qohumu oldunsa, düz 80 yaşına qədər həkim işləyə bilərsən. Əlində biri öləcəksə, eybi yoxdur, “ömrü Allah verir” deib üstündən keçəcəklər. 4 yaşlı bir körpənin boğazı yerinə ömrünü yarımçıq kəsib öldürəcəklərsə, çıxıb deyəcəksən ki, ürəyi narkoza dözmədi. Halbuki, belə bir şey yoxdur, narkozu düzgün təyin etməmək deyə bir şey var.
Söhbəti uzatmaq olar, amma ehtiyac yoxdur. Bütün bu olanların ən qısa izahını üç sözlə vermək olar – rejim, rüşvət və ölüm!