ABŞ və Türkiyə üçün yeni dövr dünyaya nə vəd edir?

Seymur Həzi

Britaniya NATO-dan da çıxacaq

Britaniya Avropa Birliyindən çıxır. Dünyanın sonu haqda yazan Frensis Fukuyama bu barədə bir cümlə də yazmamışdı. Qərbin böyük siyasi-iqtisadi hörgüsünün bu cür, ən iri ilməsinin qaçması heç kimin ağlına da gəlməzdi. Bəli, bu, sadə corab söküyü deyil. Böyük Britaniyada referendum öncəsi bütün proqnozlar dollar və avro qarşısında ingilis funtunun kəskin zəifləyəcəyi barədə idi. Bu həm də o demək idi ki, Britaniya birlikdən çıxacaq. Yəni funtu dollara və avroya dəyişən hər bir ingilis əlindəki pulun və ya atdığı addımın xətrinə Avropa Birliyindən çıxmaq üçün səs verməli idi. Verdi də…

Hər halda, bu da balaca qazanc yaratmadı. Ingiltərə Avropa Birliyindən gedir. Kimlərsə qazandı. Bəs itirənlər? Bunun cavabı heç o çoxmilyonlu referendumdan belə çıxmadı. Amma…

ABŞ üçün bəlli nəticələr

Birləşmiş Ştatlar Türkiyəni də qoşmaqla, Avropa Birliyini gücləndirmək, daha doğrusu, Avropa Birliyində mövqelərini gücləndirmək istədiyi halda, birlikdəki ən böyük dayağı sayılan Britaniya da buranı tərk edir. Bu, əvvəlcədən bəlli olan nəticələr deməkdir.

  1. ABŞ üçün Avropa Birliyi artıq risk bölgəsidir.
  2. Rusiya üçün Avropa Birliyi artıq zəifləmiş rəqibdir.
  3. Türkiyə üçün Avropa Birliyi artıq daha cəlbedicidir.
  4. Çin üçün artıq ən böyük rəqib zəifləyir.

Bütün yuxarıda sadaladıqlarımız Vaşinqton üçün yeni məsuliyyət bölgəsi yaratmaqla, həm də daha çevik strategiya qurmaq zərurəti yaradır. Avropa Birliyini əvvəlcə Britaniya vasitəsilə istiqamətləndirməyə çalışan ABŞ indi daha açıq oynamaq məcburiyyətində qalacaq. Əks təqdirdə, separat müqavilələr birliyi sürətlə dağıtmağa apara bilər. Bu gün Avropa Birliyi daxilində ABŞ-ın ən mühüm müttəfiqləri Şərqi Avropa ölkələri – Polşa, Rumıniya sayıla bilər ki, bu da nəticədə birliyin yönləndirilməsində ciddi rıçaqlar demək deyil. Türkiyə bu birliyə daxil olarsa, Çin və Rusiyanın hərbi iqtisadi təhdidləri azala bilər. Amma hər şeyi həll etməz.

NATO yaşayacaqmı?

Bəzilər elə düşünə bilər ki, Avropa Birliyindən çıxan Britaniya NATO üzvü kimi qalmaqdadır. Bu isə nəticədə ciddi problem yaratmır, yəni Böyük dost bir blokdan çıxsa da, digərində qalır. Amma bir məsələni gözardı etmək olmaz ki, əgər Britaniya xalqı miqrant məsuliyyətini bölüşmək fikrində deyilsə, Britaniyanın hansısa müharibədə iştirakını da dəstəkləməyəcək. Bu sonuncu qərarı biz qədim dünya nəhənginin pasifist siyasətə çəkilməsi kimi qiymətləndirməliyik. Yəni bu gün iki əsas sualdan biri kimi qarşıda dayanan məsələ – “NATO yaşayacaqmı?”dır. Britaniyanın tərk etdiyi Avropa Birliyinə üzv olmaq həvəsi olan ölkələri Rusiyanın pəncəsindən kim qoruyacaq? Bu hər halda, ciddi sualdır. Hərçənd, Avropa Birliyi hələ də Rusiya qarşısında ən ciddi gücdür. Amma vəziyyətin bu nöqtədən hansı istiqamətə yön alacağı Avropa Birliyi-ABŞ və Avropa Birliyi-Türkiyə məsələsinin necə həll olunacağından çox asılıdır. Amma bir məsələ var ki, Britaniya Avropa Birliyi məsələsində parçalansa, NATO-dakı üzvlüyü necə olacaq? Avropa Birliyi NATO-nu tərkmi edir?

Putinin etirafı

Putin açıq etiraf etdi ki, ABŞ dünya nəhəngi və super-gücdür. Bu bir tərəfdən ona görə yaxşıdır ki, Rusiya liderinin reallıq hissi özünə qayıdır. Amma bu müalicənin rus xalqına neçəyə başa gəldiyini dilə gətirmək belə istəmirəm. Bu etirafın Rusiyada necə qarşılandığını biz görə bilməyəcəyik. Demokratiyanın olmadığı hər ölkə kimi, Rusiyada da tərəfdarlar bunu iyrənc yaltaqlıqla, əleyhdarlar isə “vodka” içəndə donquldanmaqla qeyd və ifadə edəcəklər. Daimi etirazçılara gəlincə, onlar onsuz da Volodyanı sevmirlər.

Ərdoğanın hüzuru və üzrü

Anlaşılmayan odur ki, Putin ABŞ-ın nəhəngliyini etiraf etdiyi halda, Birləşmiş Ştatların müttəfiqi Türkiyə Rusiyadan üzr istədi. Həmin məktubda “üzr istəmək” ifadəsi yer almasa da, Ərdoğanın təəssüfü ondan nəsə gözləyənlərin hamısında təəssüf yaratdı. Görünən odur ki, hər şey addım-addım oldu. Əvvəlcə Davudoğlunu qurban verdi, sonra Rusiya ilə yaxşı əlaqələri olan Binəli Yıldırımı hökumətə gətirdi və o hüzrdən sonra üzr baş tutdu.

Ərdoğanın bu addımını anlamaq olar. Bir halda ki, Rusiyanı yumşaltmaq üçün ABŞ istəsin… Amma Avropa Birliyi ilə miqrant anlaşmazlığı onu deməyə əsas verir ki, bu addım əslində, Almaniya parlamentində qəbul olunan genosid qərarından sonra sürətlənən, əvvəlcədən mövcud olan plan idi.

İsrailin jesti

Aviqdor Libermansız bir xarici siyasət Təl-Əvivi Ankara ilə dil tapmağa sövq etməli idi. Ərəb dünyasında qəzəbin bu cür püskürdüyü zamanda müsəlman Türkiyə ilə düşmənçilik Israilə çox şey qazandıra bilməzdi. Əksinə, Iranla ABŞ arasında düşmənçilik öldüyü bir zamanda Israil bölgədə yeganə “xortdan” kimi qala bilməz. Bu həm də güclənən erməni lobbisi qarşısında Qərb dövlətlərinə təsir üçün Türkiyəyə də lazım olan barışıq sayıla bilər.

Yaxın Şərq “memarlığı”

Bjezinski məqaləsində Çini “Yaxın Şərqdə sabitlik” prosesinə cəlb etməkdən yazmışdı. Çin Yaxın Şərqə gəlsə, görəsən, bundan ən çox kim ziyan çəkəcək? Yaxud da Çin elə Liviyada var idi, orada hər şey qaydasında idimi? Çin Iranın ən böyük enerji istehlakçısı – onu embarqolardan sağ çıxaran ölkə deyilmi? Məncə, Orta Şərq çoxdan şahmat taxtası deyil. 5-ci təlim çalışmasının poliqonudur. Yəni hər şey hərfi ad oyunu…

Qafqaz-sülhü müharibədə…

Avropa Birliyinin genişlənmə siyasətində böyük yer tutan Qafqaz yarısı tapılmış tapmaca kimi gözləyir. Cənubi Qafqazın 3 ölkəsi fiziki olaraq Avropa Birliyinin ərazisi sayılır. Şimali Qafqaz isə Rusiyanın tərkibində öz taleyini yaşayır. “Qarabağ” adlanan – Azərbaycanın məruz qaldığı işğal, Gürcüstanın məruz qaldığı işğal və nəhayət, qalib kimi Rusiya və Ermənistan, itirmiş kimi Azərbaycan və Gürcüstan. Müharibə olacaqmı? Bu ölkələrin hər birinin evində bu sual aktualdır. Müharibə dayanıbmı? Bu suala birmənalı olaraq “yox” demək alınmır. Bəs sülh? Rusiya onu müharibənin altında dondurub. Sülh üçün müharibə daha ağrılı və fəsadlıdır. Indilikdə isə xalqlar “sülh” adlı müharibə yaşayırlar. Görünür, əsas məsələ bu formuladadır. Rusiya Qarabağ və Osetiya münaqişələrini Cənubi Qafqaza təsir rıçaqlarını əldə saxlamaq üçün, Əliyevlər və Sərkisyan, Köçəryan hakimiyyətlərini isə bu münaqişələri canlı və dondurulmuş saxlamaq üçün təşkil edib.

Məncə, ABŞ nə bu təsirin davamlı qalmasını, nə də münaqişənin Rusiyaya sərfəli həllini (Ermənistanın böyüməsini) istəmir. Bəs biz nə istəyirik?