“Siyasi mühacirin qətlinə görə sanksiyalar tətbiq edilə bilər”

Fransanın Myuluz şəhərində sentyabrın 29-da silahlı hücuma məruz qalan, oktyabrın 1- də isə elə həmin şəhərin hospitalda vəfat edən siyasi mühacir Vidadi İsgəndərlinin ölümü ilə bağlı istintaq işi hələ də davam etdirilir. Istintaq işini isə Fransa hüquq mühafizə orqanları həyata keçirir.

Vidadi İsgəndərli ölümündən hələ iki il öncə, 2022-ci il iyunun 16-da da Fransada həmin şəhərdə fiziki hücuma məruz qalıb. Siyasi mühacir qəfildən 10-12 nəfər silahlanmış şəxsin onu öldürməyə cəhd etdiyini bildirirdi. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli isə sifarişin Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirildiyini iddia edirdi. Çünki Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınırdı.

Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli isə “Azərbaycan saatı” na bildirib ki, qardaşının qətli ilə bağlı aparılan istintaq işi intensiv şəkildə davam etdirilir.


Oqtay İsgəndərli

“Lakin mən də daxil olmaqla istintaqın gedişatı haqqında heç kimə məlumat verilmir. Çünki istintaq hələ başa çatmayıb və istintaq sirri gizli saxlanılır. Qətillə bağlı beynəlxalq təşkilatlar bəyanat verdikdən və Fransa mətbuatı bu qətli geniş şəkildə işıqlandırdıqdan sonra istintaqa çox peşəkar insanlar cəlb olundu və istintaq gücləndirilmiş şəkildə davam etdirilir.

O. İsgəndərli hadisəni yenidən xatırladaraq qeyd edib ki, qətl sentyabrın 29-da səhər saat 6 radələrində baş verib.

“Elə bir gün olmurdu ki, mən qardaşımla telefon əlaqəsi saxlamayım. Biz hər gün telefonla danışırdıq. Çünki o sağlamlığını itirmişdi və fiziki gücünü bərpa etmək üçün hər gün səhər saatlarında hovuza gedirdi. Hər gün mənə məlumat verirdi ki, bu gün saat 6-da hovuzdan çıxdım, hovuzu 10 dəfə dövrə vurmuşam. Hər gün də deyirdim ki, gəl bizə yemək ye, get. Deyirdi ki, yolum uzaqdır, evə gedirəm. Mənə deyirdi ki, axşam 7 və 8-də mənə zəng eləmə, yorğun oluram və yatıram. Hadisə baş verməmişdən bir gün öncə də görüşmüşdük. Qardaşım görüşümüz zamanı mənə dedi ki, gizli nömrədən gələn zənglərin sayı artıb. Zəng edən şəxslər qardaşıma deyirmişlər ki, sənin başını yatdığın yerdə kəsəcəyik. Qardaşım çox məsələləri mənə demirdi, çünki görürdü ki, çox əsəb və stress keçirirəm. Hər zaman ona təklif edirdim ki, gəlim səninlə birgə qalım. O, buna da razılaşmırdı ki, heç olmasa birimizi öldürsünlər. Həmişə deyirdi ki, heç kimdən qorxmuram və evimə bir neçə dənə bıçaq alıb saxlamışam. Evin hər yerinə bıçaq qoymuşdu ki, özünü müdafiə edəcək. Amma kimin ağlına gələ bilərdi ki, onu yatdığı yerdə öldürəcəklər”.

Onun sözlərinə görə, V. İsgəndərliyə edilən gizli zənglər Fransaya gələn vaxtdan başlayıb.

“Onlar ilk olaraq telefonda qardaşıma deyirdilər ki, sizinlə fəxr edirik, siz vətənimizin mərd oğullarındansınız, sonra isə gəlib səni öldürəcəyik deyərək telefonu söndürürmüşlər. Telefonda qohumlarımızın şəkillərini göstərərək “bunları öldürəcəyik” deyib təhdidlər yağdırırdılar. Qardaşım sosial şəbəkələrdə çıxış edərkən videonun altına söyüşlər, nalayiq sözlər yazırdılar. 16 sentyabrda “Azərbaycan saatı”nın efirində Əfqan Muxtarlı ilə Qənimət Zahidin müzakirəsi baş tutdu. Həmin müzakirənin 25-ci dəqiqəsində deyilir ki, Azərbaycan hökuməti Avropada, xaricdə yaşayan müttəfiqləri ilə birgə terror dəstəsi yaradıb. Həmin müzakirədə həm də qeyd edildi ki, onlar kimlərisə öldürməyə gələcəklər, amma bilmirik ki, ilk olaraq kimi öldürəcəklər. Görünür ki, siyahıda ilk Vidadi İsgəndərli imiş. Həmin müzakirəni dinlədikdən sonra sentyabrın 17-də qardaşımla görüşdüm və dedim ki, efirdə belə bir məlumatlar səsləndirildi, ehtiyatlı ol. Qardaşımın mənə cavabı o oldu ki, “sumkamda bir alma və böyük bir bıçaq var. Fransada insanın üzərində böyük bıçaq gəzdirməsi qadağandır. Əgər polis bıçaqla bağlı sorğu etsə, deyəcəm ki, bıçaqla alma soyuram”. O zaman dedim ki, onlar tapança ilə də səni öldürə bilərlər. Qardaşım dedi ki, şəhərdə hər yerdə kamera var, inanmıram ki, onlar məni kameralar olan yerdə öldürsünlər. Mən ona dəfələrlə bizim evdə qalmasını təklif etdim, amma o razılaşmadı ki, heç olmasa hamımızı öldürməsinlər”.

“Qardaşım bir neçə cəbhədə mübarizə aparırdı. Vidadi həm Azərbaycan oliqarxlarına, həm ölkəni idarə edənlərə, həm də Rusiya tərəfdarlarına qarşı mübarizədə idi. O Ukraynalıların təşkil etdikləri mitinqlərdə də iştirak edirdi. Amma o Azərbaycan hakimiyyətindən başqa heç kimi özünə təhlükə hesab etmirdi. O,.deyirdi ki, Azərbaycan hakimiyyətinin Fransada olan bloggerlərlə o qədər işi olmayacaq, amma mən keçmiş prokuror işçisi olmuşam, mənim titullarım var, bir çox korrupsiya və cinayət əməllərindən xəbərdaram. Ziya Bünyadov, Elmar Hüseynov, Mehman Qələndərov kimilərinin qətilləri barədə məlumatlara sahibəm. O, hər zaman Azərbaycana qayıdıb Neft Fondunda baş verən özbaşınalıqlar və korrupsiyanı, məmurların rüşvət almalarını ifşa etməyi, Azərbaycanda Baş Prokuror olaraq təmsil olunacağını qarşısına məqsəd olaraq qoymuşdu.

Bloggerlerin isə həmin vəzifəyə keçmək imkanı yoxdur. Vidadi Azərbaycan hakimiyyəti üçün təhlükə idi ki, vəziyyət dəyişər və Vidadi qarşısına qoyduğu məqsədlərə çatar, buna doğru isə gedirdi. Rusiya Ukrayna müharibəsində Rusiyanın geriləməsi, Ukraynanın qələbə qazanmaq şansının artması vəziyyətin dəyişməsinə gətirib çıxaracaqdı. Çünki Azərbaycan kimi dövlətlər Rusiya tərəfindən idarə olunur, Rusiyada vəziyyət bir qədər dəyişən kimi Azərbaycanda da vəziyyətin dəyişməsi ehtimalı böyükdür. Amerika və Qərbin təzyiqi və Vidadinin ifşaları ilə birgə Azərbaycandakı 30 illik hakimiyyətin bütün cinayətinin üstü açılacaqdı. Azərbaycan hakimiyyəti məhz buna görə də Vidadini özünə təhlükə olaraq görürdü”, – deyə O. İsgəndərli sonda vurğulayıb.

Bütün bu nüanslar ortaya bir neçə sual çıxarır. Həqiqətənmi Vidadi İsgəndərlinin qətlində Azərbaycan hakimiyyətinin əlinə işləyən qüvvələrin izi var? Əgər bu ittihamlar sübuta yetirilərsə, Azərbaycan hökumətini qanun qarşısında hansı məsuliyyət gözləyir?

Suallarımızı cavablayan, Hollandiyada yaşayan hüquqşünas Ataxan Əbilov “Azərbaycan saatı”na şərhində xatırladıb ki, Vidadi İsgəndərlinin həyatına edilən sui-qəsdlə bağlı Fransa hüquq mühafizə orqanları istintaqı davam etdirir.

“V. İsgəndərlinin həyatına edilən sui-qəsd, sonradan onun həyatını itirməsi və qətlin hansı maddə ilə tövsif edilməsi Fransa hüquq mühafizə orqanlarının inhisarındadır. Vidadi İsgəndərli ictimai fəaliyyətlə məşğul idi. Onun siyasi iddiaları var idi. Fransada siyasi qaçqın statusun altında yaşayırdı. Şübhəniz ki, bütün bunlar istintaqın diqqət mərkəzində olacaq. Əgər bu sui-qəsdin arxasında ideoloji siyasi motivlər dayanırsa, o zaman burada terrorizm, terrorçuluq məsələsi meydana çıxa bilər.

Hüquqşünas onu da diqqətə çatdırıb ki, bütün hallarda cinayət əməli ilə bağlı subyektlər fiziki şəxslərdir.

“Əgər burda terrorçuluqdan söhbət gedirsə, hansısa dairələrin, konkret təşkilatların terrorçuluğu maliyyələşdirmək, dəstək vermək, təşviq etməklə bağlı iddialar irəli sürülə bilər. Bu cür iddialar cinayət hüquqi xarakterdən daha çox siyasi xarakter daşıyır. Qeyd etdiyim kimi cinayət əməlinin subyekti hər bir halda fiziki şəxsdir. Bu qəsdin arxasında kimlərin durması, icraçıların kimlər olması, təşkilatçının kim olması, cinayətin hansı formada həyata keçirilməsi, cinayətin əhatə dairəsinə kimlərin daxil olması və s kimi məsələləri müəyyən etmək hər bir halda istintaq orqanlarının işidir. Sonda istintaq orqanları bu cür əməlin törədilməsində hansı dairələrin maraqlı olması, bunun hansı dairələr tərəfindən sifariş edilməsi, maliyyələşdirilməsi məsələləri üzərində də qala bilərlər. Hər bir halda məsuliyyət fiziki şəxslərin üzərində olduğu üçün hakimiyyət və dövlət orqanlarının, konkret təşkilatların üzərinə cinayət hüquqi məsuliyyət məsələsi qoyulmur”, -deyə A. Əbilov vurğulayıb.

Hüquqşünas onu da əlavə edib ki, ayrı – ayrı səviyyələrdə sırf siyasi baxımdan konkret təşkilata demək olar ki, o,terrorçuluğa dəstək verən təşkilat və ya dairədir.

“Hər hansı cinayət hadisəsində bu cür qeyd edilirsə,bu, qiymətləndirmənin ünvanı olan obyektlə bağlı münasibətlərdə sonradan nəzərə alınır. Bu isə müəyyən sanksiyaların tətbiqi ilə əlaqədar ola bilər. Sanksiyaların tətbiqi cinayət hüquqi aksiya deyil, siyasi aksiyadır”.

Qətillə bağlı isə nə Fransa mühafizə orqanları, nə də Azərbaycan tərəfi hələ ki, heç bir açıqlama verməyib.

Vidadi İsgəndərli 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və onu siyasi sifariş hesab edib.

V. İsgəndərli 2015-ci ildə Fransaya sığınaraq Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulmasına qarşı təbliğatını davam etdirib.

Ülviyyə Şahin