18 oktyabrda “qafqazinfo.az” saytında vətəndaş Günay Muradəliyeva haqqında Sail Ağasəlimin müəllifliyi ilə “Mərkəzi Univermaqda qızıl satmaq istəyənlərin başına iş gəldi” başlıqlı xəbər dərc olunub.
Xəbərdə istintaq materiallarının məlumatları əsas götürülərək belə qeyd olunub:
“Mərkəzi Univermaqda qadın satıcı müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətin üstü aldadılan şəxslərin polisə müraciətindən sonra açılıb.
İstintaq materiallarında yazılıb ki, Mərkəzi Univermaqda satıcı işləyən 31 yaşlı Günay Muradəliyeva üç nəfərdən satış üçün götürdüyü qızılları “Yetər” MMC adı ilə fəaliyyət göstərən lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. Həmin pulları öz şəxsi məqsədləri üçün sərf edib.
Üç zərərçəkmişin Günaya etibar etdikləri qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində Günay Muradəliyeva dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İstintaq müddətində zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çoxu ödətdirilib. Bu səbəbdən onun həbsinə ehtiyac görülməyib.
Sonradan G.Muradəliyevanın əməli dələduzluqdan mənimsəmə cinayətinə tövsif edilib. İşin istintaqının davamı Səbail Rayon Prokurorluğuna həvalə edilib.
Təqsirləndirilən şəxsə yekun ittiham edilərək toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim xanım müttəhimin sərbəst mühakimə edilməsinə qərar verib”.
“qafqazinfo.az”-da xəbər dərc olunduqdan sonra bir neçə xəbər saytları da Günay Muradəliyeva şəxsi feysbuk sosial şəbəkə profilində və “HÜQUQŞÜNASLAR” qrupunda “qafqazinfo.az” saytından şikayətlənərək, xəbərdə yazılanların bütövlükdə, saxta və yalan olduğunu bildirib, həm Daxili İşlər Nazirliyinin, həm də prezident ailəsinin rəsmi sosial şəbəkə hesablarını qeyd edərək, narazılığını dilə gətirirdi. Bundan başqa, qadın həm də intihar edəcəyini də vurğulamışdı. Günay Muradəliyevanın yazdıqlarına görə, saxta xəbərə görə sayta həmin xəbərin silinməsi üçün müraciət etsə də, “qafqazinfo.az”-dan: “Yaxşı eləmişik, əcəb eləmişik, bu, istintaq materialıdır, silmirik, istədiyiniz kimi hərəkət edin, hara istəyirsiniz, müraciət edin!”deyilib. Hazırda Günay Muradəliyevanın feysbuk səhifəsində yuxarıda qeyd edilənlər barədə paylaşımları qalır.
Məsələnin əslinin necə olduğunu bilmək üçün “azerbaycansaati.tv” “qafqazinfo.az”-ın təsisçisi və baş direktoru Elbrus Ərudla əlaqə saxlayıb. Elbrus Əruda zəng etməkdə məqsədimizi demişdik ki, o, qışqıraraq, həm jurnalistika, həm də əxlaq, mədəniyyət qaydalarını, etik kodekslərini pozaraq: “bura bax, əgər qadın narazıdırsa, getsin versin, məhkəməyə, bildin?! Bizdən də heç kim ona “yaxşı edirik, əcəb edirik, silmirik, istədiyiniz yerə şikayət edin!” deyilməyib, deyilə də bilməz”-bildirdi. Onu nə qədər etikaya dəvət etsək də, Elbrus Ərud təhqirlərini dayandırmadı. Ona “xəbərdə istintaq materiallarından istifadə etmisiniz, bu, nə dərəcədə qanuna uyğundur, və saxta məlumatların yazılması KİV haqqında qanunu pozduğunuza dəlalət edə bilərmi?” sualımıza “Ağzının danışığını bil” deyib dəstəyi asdı.
Bundan sonra saytın baş redaktoru Günel Əbilovayla əlaqə saxladıq. Günel Əbilova bizimlə danışmağa başlayanda bizi xəbəri yazan jurnalistlər əlaqələndirəcəyini desə də, sonradan fikrindən döndü. Günel Əbilovayla söhbətləşəndə məlum oldu ki, hər cümləsində “mən baş redaktoram” deyib fəxr edən baş redaktorun məsələdən xəbəri yoxdur. Əməkdaşımız onu dolaşdırmaq üçün “sizdə qadının qızıl oğruladığıyla bağlı kamera görüntüləri var?” sualına” mən bu suala cavab verməyəcəyəm, bu, bizim redaksiyadazili sirrimizdir”-dedi. Biz də cavabımızda: “Deməli, yoxdur?!”-dedikdə: “Mən görüntülərin olub-olmadığını dəqiq demirəm, yəni ola da bilər, olmaya da”.
“Amma görüntülər olsaydı, siz onu saytınızda yerləşdirərdiniz, siz özünüz kamera görüntülərinə baxmısınızmı?” sualını verdikdə: “mən baş redaktoram, saytda gedən bütün məlumatların kamera görüntülərinə baxsam, işim-gücüm belə keçər”-dedi.
Günel Əbilovanın xəbəri yoxdur ki, saytlarında gedən sözügedən xəbərlə bağlı kamera görüntüləri ola bilməz. Çünki qadın qızılı oğurlamayıb, saytda yazılanları nəzərə alsaq, hesab edək ki, mənimsəyib, pulları şəxsi məqsədləri üçün istifadə edib. Belə halda, kamera görüntüləri necə ola bilərdi? Günel Əbilova fikirlərinin sonunda: “Xəbər yalan deyil, qadın çox şey yaza, deyə bilər, bizim əməkdaşlardan da ona “əcəb edirik, yaxşı edirik” deməyib” bildirdi. Ona: “Ola bilərmi ki, xəbərin müəllifi olan əməkdaşınız səhvə yol versin?” sualını verdikdə: “Mən öz əməkdaşıma güvənirəm, o, heç vaxt saxta xəbər yazmaz. Xəbərin ilk cümləsindən bilirəm ki, əməkdaşım ağzına gələni yazmayıb. Mənim əməkdaşlarım heç vaxt səhv etməz, biz o qadına haqqında yayılan xəbərə cavab verməsi üçün də müraciət etmişik, amma o qadın istəyi xəbərin silinməsidir, biz onu da başa düşürük, vətəndaşdır, barəsində xəbər yayılmasını istəmir. Amma haqlıdırsa, onun da mövqeyini dərc edə bilərik”- deyərək dəstəyi asdı.
Xəbərin müəllifi Sail Ağasəlimlə Günel Əbilovanın vasitəçiliyi olmadan əlaqə saxladıq. Suallarımızı göndərmək də, cavablamayan müxbirə zəng etmək məcburiyyətində qaldıq.
Sahil Ağasəlim əvvəlcə münasibət bildirmək istəməsə də, Günel Əbilovanın bizə xəbəri yazan müxbirlə əlaqələndirə biləcəyini deməsini nəzərinə çatdırandan sonra fikirlərini söyləməyə başladı: “Günay Muradəliyeva ittiham edildiyi iş keçən il baş verib. Bütün hüquqi proseslərdən keçdikdən sonra toplanmış materiallar Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. Hakim Günay Muradəliyevanın həbs olunmadan mühakimə edilməsinə qərar verib”-bildirdi.
Sahil Ağasəlimə məhkəmənin hökmünün fakt olaraq onlarda olub-olmamasını soruşduq. Sualımıza birmənalı cavab verməyən müxbir: “Mən özüm məhkəmə prosesində iştirak etmişəm, qalanını da başqalarından dəqiqləşdirib yazmışam” dedi. Məhkəmə prosesində birbaşa özü iştirak edən müxbirə niyə başqalarından xəbər dəqiqləşdirməsini soruşanda: “Qərar çıxanda bəzi sözləri başa düşməyəndə dəqiqləşdirəm”-dedi. O, həmçinin, istintaq materiallarını yaşadığına belə əsas gətirdi: “Xəbərdə yazılan “istintaq materiallarında yazılır ki” ifadəsi ibtidai istintaq dövrünün bitib ondan sonra davam edən istintaq müddətinin materiallarıdır”. Maraqlıdır ki, jurnalist xəbərində məhkəmə hökmünü oxunduğunu yazsa belə, hələ də məlumata “istintaq materialları” deyirdi.
Günay Muradəliyeva şikayətində bildirirdi ki, xəbərə qoyulan şəkil vatsapda status bölümünə qoyulan şəkillərdəndir. Onu da kimsə sayta ötürüb. Maraqlıdır, məhkəmə prosesində iştirak etdiyini deyən Sahil Ağasəlim xəbərə niyə qadının vatsap statusunda qoyduğu şəkili əlavə edib? Bu sualımızı da müxbirə verəndə o, şəkilin vatsapda deyil, qadının feysbuk status bölümündən götürdüyünü dedi. Hətta belə olsa belə, “məhkəmədə birbaşa iştirak edən jurnalistin feysbuk statusundan şəkil götürməyə nə ehtiyacı var, və niyə məhkəmə prosesindən şəkillər xəbərə verilməyib?”, bu sualımızı da müxbir cavablandıra bilmədi. Bundan əlavə, qadının feysbukda yazdığı narazılıq statuslarında onun haqqında saytda saxta xəbər yerləşdirilməsinə görə xəbərin silinməsi ilə bağlı müraciət etsə də, “əcəb etmişik, silmirik, hara istəyirsiniz müraciət edin” dediklərinin səs yazılarını qurumlar araşdırma predmeti edə biləcəklərini qeyd etmişdi. Bununla bağlı Sahil Ağasəlimə sual ünvanladıqda: “Bizim əməkdaşlar ona belə bir şey deyə bilməz”-dedi, “Qadın profilində səs yazılarının araşdırıla biləcəyini də qeyd edib” bildirdikdə isə: “ola bilər, o bizimlə çox hay-küylü, əmr formasında danışıb, ona görə də əməkdaş elə deyib. Məni qadınla əlaqələndirin, narazıdırsa, yazını bilərik” deyib fikrini tamamladı.
azerbaycansaati.tv” Günay Muradəliyevayla əlaqə saxlayıb:
“Sayta yazılanlar yalandır, mən onlara haqqımda yalan, saxta xəbər dərc etdiklərinə görə silinməsi üçün müraciət etsəm də, “yaxşı etmişik, hara istəyirsən müraciət et” deyirlər. Başqa iri, hegemon saytlar da ona istinad edib, haqqımda yayılan yalan,saxta xəbəri tirajlamaqda davam edirlər. Günü-gündən bu cür saytların sayları çoxalır. Mən artıq yorulmuşam, intihar həddindəyım. Bu işi qanuni yolla həll edəcəyəm. “qafqazinfo.az” haqqında heç yaxşı fikirlər səslənilmir, saytın rəhbəri Elbrus Ərud da o səslənən mənfi fikirlərin mərkəzində yer alır. Mən bildiyim qədərilə “qafqazinfo.az”-ı başqa şəxslər də məhkəməyə verib”.
Günay Muradəliyeva başına gələn bu olayı onun pisliyini istəyən insanlar etdiklərini deyib: “Mən səkkiz ildir, qızıl alveriylə məşğulam. İndiyə qədər də bu qızıl işiylə bağlı heç kimlə münaqişələrinəm olmayıb. Düzdür, qızıl alış-verişi proseslərini rəsmi şəkildə həyata keçirməmişik, yəni bununla əlaqəli hər hansı rəsmi sənədimiz olmayıb, amma heç bir müştəriyə indiyə qədər mübahisələrimiz, məhkəmə işlərimiz olmayıb. Saytda gedən xəbərdə yazılır ki, guya mən 103 min manat mənimsəmişəm. 103 min bir qızıl dolu cərgə deməkdir. Bu, başdan ayağa yalandır. Mənim belə şərəf, ləyaqətin, işgüzar nüfuzunun zədələnməsiylə nəticələnən ictimailəşməyimi məni gözü götürməyən, pisliyini düşünən bir-iki nəfər edib, onlar mənə tez-tez hədə-qorxu gələrək: “Səni biabr edəcəyik, haqqında saxta, yalan xəbərlər yayacağıq” deyirdilər, və etdilər”.
Günay Muradəliyeva “qafqazinfo.az”-ın bu cür onun haqqında yaydığı əsassız, əsilsiz, faktsız xəbərinə görə məhkəməyə müraciət edəcəyini və məsələnin əslində, necə olduğunu bütün hüquqi prosedurlar bitdikdən sonra ictimaiyyətə açıqlama verəcəyini bildirərək, fikirlərini yekunlaşdırdı.
İmamət İsmayıl Ədil Bəyli