Yəqin ki, bu il may ayında ölkə gündəmini zəbt edən “tiktok” profilinin adı “Miray 444” olan qadının Azərbaycan polisinin ona qarşı göstərdiyi davranış və kobud rəftarlara etiraz əlaməti olaraq saçlarını kəsməsini xatırlayırsınız. “azerbaycansaati.tv” olaraq, bir qədər jurnalist araşdırması etmişdik. Qadının əsil adının Aysel və dediklərinin gerçək olduğu aydın olmuşdu. Sosial şəbəkələrdə həmin qadının “TikTok” səhifəsində “canlı”-da səsləndirdiyi fikirlər və davranışları əks etdirən bir neçə video həm yutubda, həm “TikTok”-da, həm də feysbukda geniş yayılmışdı.
Videoların birində qadın polis onun telefonunu neçə müddətdir, alıb vermədiyini bildirirdi. Bu çıxışından əvvəl bir neçə gün əvvəl də, bu haqda polis onun telefonunu alıb, profillərini silib, telefonu hansı səbəbdən dolayı, almasıyla bağlı ona heç bir izahat verməməsi, və bu məsələni protokollaşdırmamalarıyla bağlı çıxışı olmuşdu. Daha sonra öz səhifəsində də polislərə etiraz edərək, göstərdiyi davranış həmin qadının davranışı və fikirləri çox adamın narahatlığına səbəb olmuşdu. Şərhlərdə izləyicilərin çoxu onu bu hərəkəti etməyə vadar edən polisləri qınamışdılar. Bəs, görəsən, vətəndaşın telefonunu alıb bir neçə gün özündə saxlamaq və bunun səbəbini vətəndaşa izah etməməklə bağlı polisin “Nizamnamə”-sində qeyd olunan hansı qayda bunu imkan verir?
Bundan başqa, qadın həmin görüntüdə Sumqayıt Polis İdarəsinin əməkdaşlarının və Sumqayıt şəhərindəki 4-cü bölmənin Kamran adlı əməkdaşının adını çəkərək onların özünə qarşı davranışlarını qəbul etməyib “canlı”-da saçlarını kəsərək, Azərbaycan qadını olmaqdan imtina etdiyini bildirmişdi. İkinci videoda isə kəsdiyi saçını nümayiş etdirib və polislərin də adlarını çəkərək: “Məni bununla qorxudurdunuz?-“Saçlarını kəsərik, uşağına psixoloji təsir olar”-söyləyirdi. Qadının çıxışlarından polisin ona bu cür sözlər dediyi qənətinə gəlmək olurdu. Əgər belədirsə, bu halı polisin etik-davranış qaydalarını çox sərt şəkildə pozduğuyla əsaslandıra bilərik?
May ayından sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq istək də, bu, mümkün olmamışdı. Dünən isə “azerbaycansaati.tv” yenidən bu məsələylə əlaqədar DİN-ə müraciət etdi. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Qafarov bu məsələdə başqa nüanslar olduğunu əsas gətirib, işıqlandırmamağımızı dedi. Biz də nazirliyin mətbuat xidmətinin digər əməkdaşı Nurlan Əliyevlə əlaqə saxladıq. O da bu hadisəylə bağlı “Dəyməyin, burada başqa nüanslar var” deyərək, ümumiyyətlə, bu məsələyə toxunmamağımızı tələb etdi. Biz isə hansı dedikləri nüansların hansılar olduğunu soruşsaq da, bizə cavab verilmədi.
İmamət İsmayıl Ədil Bəyli