“Belə gəlir gətirən biznes qaçaqmalçılıq yoluyla necə həyata keçirilə bilər?!”-Vəkil narkotiklərdən DANIŞDI

Son günlərdə, əsasən, “TikTok” və feysbuk sosial şəbəkə platformalarında narkotikin təsiri altında gərgin və ya halsız insanların videoları paylaşılır. Ağıllardakı çoxsaylı suallardan biri də odur ki, sadə vətəndaşları bu cür şəxsləri aşkarladığı vaxt polis bölmələrinə, yoxsa, təcili tibbi yardım briqadasınamı müraciət etməlidirlər?

“azerbaycansaati.tv” bu mövzuda ictimai vəkil Samir Zeynalovla söhbətləşib:



-Samir bəy, sosial şəbəkələrdə videoları paylaşılaraq “Allah kömək olsun” yazılan bu şəxsləri sadə vətəndaşlar aşkar etdikdə, dərhal hansı quruma müraciət etməlidirlər?

-Bu cür şəxsləri gördükdə, təcili yardıma müraciət olunması daha məqsədəuyğun olar. Çünki həmin şəxsin yalnız həkim müayinəsi altında anlaqsız vəziyyətinə hansı səbəbdən düşdüyünü müəyyən etmək mümkündür. Yəni, bunu həkim müəyyən edə bilər. Amma bu da var ki, həkimlər o cür insanlara yaxın durmurlar. Onları müayinə, müalicə etməyi özlərinə sığışdırmırlar. Lakin müəyyən bir ictimai qınaq və ya KİV çəkilişləri olanda təcili yardımın kömək etdiyi faktdır. Belə insanların sayı yetəri qədərdir. Bunu Bakının bir çox yerlərində görə bilərik. Belə insanlar əsasən, dar məhlələrdə olur. Həmişə də qarşımıza çıxır.

-Onların ictimai yerdə video çəkilişlərə məruz qalmasını şəxsi həyata müdaxilə kimi qiymətləndirə bilərik?

-Bəli, əlbəttə. Kiminsə ictimai yerdə belə, video çəkilişə məruz qalması şəxsi həyatın toxunulmazlığının pozulması deməkdir. Bununla bağlı həm polis orqanlarına, həm də mülki qaydada məhkəməyə müraciət edərək təzminat almaq olar. Sualınız cavab işin hallarına görə məsələ dəyişməsindən asılıdır. Amma hesab edək ki, həmin şəxslər bir müddətdən sonra anlaqsız vəziyyətdən çıxdı, sosial şəbəkələrdə yayılan video və fotoçəkilişləri üçün kimlərisə məhkəməyə vermələrini istisna edirəm. Çünki məhkəmə və hüququn nə olduğunu bilən şəxs bu cür vəziyyətə düşmür.

-Belə şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət etdikdə onların narkotikdən istifadəsinə görə cəza tədbiri nəzərdə tutulub?

-Şəxsi istehlak miqdarını aşmamaqla şəxs narkotikdən istifadə edə bilər. Bir çox narkotik istifadəçilərinin onlar hazırda azadlıqda olduğunu hamılıqla müşahidə edirik. Yəni, onlar üçün hər hansı bir cinayət tətbiq olunmur. Amma kifayət qədər narkotik tərkibli maddələr var. Onların istifadə miqdarına görə bu dəyişir. Yəni, istifadəylə hansı hallarda cinayət tərkibi hansılarda isə İnzibati Xətalar Məcəlləsiylə məuliyyət olduğu müəyyənləşər İstehlak miqdarı dedikdə onun konkret olaraq hansısa bir miqdar var. Başqa sözlə, bu hal narkotikin növüylə birbaşa əlaqəlidir. Bu, hər narkotik vasitəsyə görə ayrıdır. “Marixuana”-ya görə isə belə bir miqdar yoxdur. O konkret olaraq Cinayət Məcəlləsi ilə tənzimlənir. “Metanfetamin” (“patı”) “metadon”, “tramadol”, “dimedrol” və digərləri var. Bunların siyahıları da kifayət qədər genişdir. İstifadədə bunların hər birinin miqdarı nəzərdə tutulur. Milli Məclisdə bununla bağlı narkotik istifadəsinə görə cinayət məsuliyyəti aradan qaldırılmasıyla əlaqədar müzakirələr getdi. Bununla bağlı qanun qəbul olunarsa, narkotik dövriyyəsiylə məşğul olma, alıb satmaqla, bu cinayət məsuliyyətinin aradan qaldırılmasını istisna edir. Yəni bu məsələylə bağlı qanuni məsuliyyət aradan qalxmayacaq.

-Narkoloji dərmanların istifadəsiylə bağlı fikirlərinizi bölüşərdiniz…

-Tibbdə istifadəsinə icazə verilən narkotik tipli vasitələr var. Bunlar bədənə ineksiya (iynə) yoluyla yeridilir. Apteklərdə qeyri-qanuni satılan tərkibində narkotik vasitələr olan dərmanlar da var. “Lirika”, (“preqabalin”), “tramadol” kimi qeyri-qanuni satılan bu vasitələrdən alıb zəhərlənənlər olub. Bunlardan başqa, xərçəng xəstələri üçün “morfin” də narkotik tərkibli vasitə, həm də güclü ağrıkəsicilərdən biridir. Bunları çıxmaq şərtilə, bir neçə həm həb şəklində həm də iynə şəklində güclü ağrıkəsicilər gizli satılır.

-İnsanlar arasında gəzən söz söhbətlərə görə narkoloji xəstə olanların Narkoloji Dispanserlərə yerləşdirilməsi üçün pul istənilir. Bu proses dövlətin büdcəsiyləmi həyata keçirilməlidir?

-Ümumiyyətlə, Respublika Narkoloji Dispenseri Azərbaycanda müalicə ximətləriylə, əsasən də, dövlət-səhiyyə məsələləriylə bağlı problemlərin olduğunu görürük. Əslində, bu xidmətlərin ödənişsiz olmadığını çox yaxşı bilirik. Bu, hamıya məlumdur. Bunun da sübuta ehtiyacı olmayan faktlardır. Bu gün narkomanların müalicəsi və müayinəsiylə bağlı bir çox özəl müəssisələr fəaliyyət göstərir. Onların da aylıq xidməti 1500-3000 manat arası dəyişir. Bir şəxsin müayinə-müalicəsi, sağlam şəraitdə qalması ötrü belə mərkəzlər fəaliyyət göstərir. Pulu olan həmin mərkəzlərə müraciət edir. Pulu olmayanlar isə bu imkandan məhrum olur.

-Polis narkomanı aşkarlayarsa, ilk onun nəzarətində olmaqla, xəstəxanaya yerləşdirildikdən sonrakı ilk pillə onun müalicə olunmasıdır, daha sonra onun barəsində məsuliyyət tədbirləri görülür?

-Burada hər şey işin hallarına görə dəyişir. Narkomanların hamısı konkret olaraq, bu gün ki gündə həbsxanalarda deyillər. Son vaxtlar da dövlət özü də bunda maraqlı görünmür. Nəzərə alsaq ki, həbsdə yatanların 7 nəfərdən biri narkomandır. Bütün narkotik istifadəçilərini həbsxanalara doldursalar həsbxanalarda yer qalmaz. Sualınıza gəldikdə isə, bu barədə mən şəxsən şahidi olmamışam. Yəni, polisin hansısa bir narkomanı dərhal təcili təxirəsalınmaz şəkildə xəstəxanaya yartırılmasında maraqlı olması halına rast gəlməmişəm. Əgər olsaydı, həmin şəxslər qınaqlarla əhatə olunan videoçəkilişlərə məruz qalmazdılar. Əslində, mən bu videoçəkilişlərin olmasında da bir problem görmürəm Bu şəxsi həyatın toxunulmazlığından daha çox, mən insanların, xüsusilə də gənclərin bu bəlanın nəticəsindən agah olunması üçün bir siqnal olduğunu düşünürəm. Nə qədər belə çəkib göstərsələr də, çox təəssüflər olsun ki, dinamika dəyişilməz olaraq qalaraq artan istiqamətdə də gedir.

-Polis həmin vətəndaşı xəstəxanaya aparmadan birbaşa məsuliyyətə cəlb edə bilər?

-Bəli. Amma bir neçə polis bölmələrinə baş çəkmək üçün real imkanlarımız olsa, müvəqqətin saxlama yerlərində hər iki şəxsdən birinin narkoman olduğunu görərik. Polis onu xəstəxanaya aparmaqda yox, bölməyə gətirməkdə maraqlıdır. Narkotik istifadəçisi tutulub, müvəqqəti saxlanma təcrdixanasında tamamilə anlaqsız vəziyyətdə olan narkotik istifadəçiləri tutulub müvəqqəti saxlanma təcridxanasında saxlanılıblar.

-Polis şəxsin anlaqsız, şüursuz vəziyyətdə olmasından dolayı onun barəsində necə tədbir görür?
Belə hallar olur. Bu vəziyyətdə şəxs ölə də bilər. Həkimlər də heç elə insanlara yaxın durmurlar.

-Polis əməkdaşlarının adətən. bu şəxslərin dispanserlərə yatırılmasında maraqlı olmadığını dediniz. Şahidi olduğunuz belə halların sonrakı nəticəsi necə olub?

-Sonrası necə olub bilmirəm. Bunların içərisində narkolojin dispanserə yatırılanlar olur. Ora həbsxana kimi bir yerdir. Orada insanlarla olan rəftarı da nəzərə alsaq, vəziyyət ürəkaçıcı deyil. Dispanserlər həbsxana kimi bir yerdir. Konkret olaraq, dövlətin bu işdə ortaya qoyduğu mövqe səmərəli deyil. Narkomanın vəziyyətini KİV nümayəndələri ictimailəşdirirsə, bu məsələ ya dövlət tərəfindən bu məsələ həyata keçirilir, ya da ki, özəl bir müəssiənin nəzarətinə götürülür. Bəzən bu məsələ dövlətin nəzarətində həyata keçirilsə, belə, yenə də orada verilən dərmanların nə qədər keyfiyyətli, effektli olduğunu belə, bilmirik. Bunlar pulsuz başa gəlmir. Yəni bunun dövlət xəttiylə ərsəyə gəlməsi o qədər də mümkün deyil. İstisnalar isə hər bir sahədə ola bilər. Amma biz bütövlükdə dövlətin bu məsələnin yerli-dibli həll olunmasında maraqlı olduğunu deyə bilmərik. Sadəcə olaraq, formal xarakter daşıyır. Bir tərəfdən maarifləndirici bir aksiya aparılır, digər tərəfdən də DİN “narkotik ağ ölüm, ağ bəladır” kimi fikirlər də ortalığa atır. Bunları həqiqətə uyğun olan şayiələr kimi də bunları qəbul etmək olar ki, hər bir ərazidə polisin nəzarət etdiyi etdiyi narkotik satıcıları var. O ərazidə “patı”nın kimlər alıb satdığı polisə bəllidir. Bunlar nə qədər ifşa olunub həbs olunsalar da, sayları azalmır və görülən tədbirlər də əlverişli deyil. Nümayiş xatirinə atılan addımlardır. Bir tərəfdən də narkotik qeyri-leqal olaraq ölkəyə gətirilir. Bu halla bağlı Narkotik vasitələrin Qanunsuz Dövriyyəsiylə qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Narkotiklə mübarizə üçün hər yerdə afişalar, reklamlar vurulur. Bunu edən “QHT” qrant almaq məqsədilə edir. Müəyyən bir dövrdə narkotikə qarşı sərt təbliğat gedir, bütün KİV-lərdə, cəmiyyət içində küçələrdə, ayrı-ayrı yerlərdə narkotikə qarşı sərt təbliğat gedir. Nəticə isə müsbət deyil, heç vaxt da olmayacaq.

-DİN narkotiklərin ölkəyə ancaq və ancaq qaçaqmalçılıq yolu ilə keçdiyini deyir. Bu fikirlər doğrudurmu?

-Söhbət külli miqdarda narkotikdən gedir gedir. Qaçaqmalçılıq yoluyla bu qədər narkotik keçirsə, bu, Dövlət Sərhəd Xidmətinin (DSX)-nın yaxşı fəaliyyət göstərmədiyi, işlərində səhkənkar olması deməkdir. – -Onların bu fikirlərində səmimi olduqlarını düşünmədiyinizi sezdim…

-Bəli. Bu məsələ təkcə, Azərbaycanı əhatə eləmir. Səmimiyyətə qalsa, narkotik bütün dünya üzrə qlobal qara biznesdir. Ən böyük gəlir gətirən bizneslərdən biridir. Belə bir gəlir gətirən biznes qaçaqmalçılıq yoluyla necə həyata keçirilə bilər?!”


İmamət İsmayıl Ədil Bəyli