Polis Rafiqin qohumu tələbə Yunisin yol polisinin qarşısından “miqalka”-lı maşınla keçməsi gündəm OLUB-(VİDEO )

İyun ayının 14-ü, 2024-cü ildə “azerbaycansaati.tv”-yə adının çəkilməsini istəməyən daimi oxucularından biri sükan arxasında olan şəxsin yol-patrul xidməti əməkdaşlarının qarşısından sayrışan işıqlar quraşdırılmış avtomobiliylə keçməsi barədə video göndərib. Həmin videoda polisin sürücüyə heç bir müdaxilə etməməsi də yer alırdı. Etibarlı mənbəmiz videodakı şəxsin Masallı rayonu sakini, hazırda Bakıda müvəqqəti yaşayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs tələbəsi Yunis Məmmədov olduğunu bildirirdi.

Yunis Məmmədov

Mənbənin dediyinə görə, şəxs həmin videonu dostları üçün paylaşıb. Bu cür görüntü də qanun və qaydaları ali tutan etibarlı mənbəmizin gözündən yayınmayıb.

Məsələ ilə bağlı elə həmin gün Baş Dövlət Yol Polisi İdarəsinin bu məsələylə bağlı məsul əməkdaşlarıyla mütəmadi əlaqələr saxlasaq da, qurumun rəsmi səhifəsi və email ünvanlarına videonu da daxil, yazılı sorğu müraciətləri göndərsək də, heç bir cavab ala bilmirdik. Cavab ala bilmədiyimizdən, məsələni hələlik ictimailəşdirməməyə, cavabla birgə dərc etməyə üstünlük verdik. Buna görə də, həmin məlumatla bağlı saytımızda yazı yayımlanmayıb. “azerbaycansaati.tv” olaraq, 14 iyundan müraciətimizin son tarixi olan 4 iyula qədər Baş Dövlət Yol Polisi İdarəsinə yenidən mütəmadi müraciətlər etməyə davam etdik.

4 iyul, saat 17:32-də isə “avtosfer.az” saytı Nərmin adlı əməkdaşın “müəllif”-liyi ilə Daxili İşlər Nazirliyinin mənbəyi saytımız olan sayrışan işıqlar quraşdırılan avtomobillə yol polisinin qarşısında manevr edən sürücünün videosu barədə açıqlamanı qurumun göndərdiyi məlumata heç bir düzəliş etmədən, onlara ötürüldüyü kimi yaydı. Yuxarıda qeyd etdiyimiz kimi, bu videonu “azerbaycansaati.tv”-nin daimi oxucuların biri redaksiyamıza göndərmiş, və iyun ayının 14-ü, 2024-cü il tarixindən Baş Dövlət Yol Polisi İdarəsinə, qurumun mətbuat şöbəsinin əməkdaşı Elvin Hacıyevə, Firudin Firudinzadəyə, Mübariz Ağayevə, qurumun şəhər nömrələrinə dəfələrlə zəng edib müxtəlif əməkdaşlarıyla, o cümlədən, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Qafarova dəfələrlə müraciətlər edildiyi hallarda, Daxili İşlər Nazirliyi bizim materialımız barədə məlumatı qəsdli şəkildə “avtosfer.az” saytına ötürdüyünün şahidi olduq.

“azerbaycansaati.tv” olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin yuxarıda adı çəkilən məsul əməkdaşlarına, əsasən də, qurumun inspektoru Elvin Hacıyevə mənbənin yalnız bizə güvənərək göndərdiyi videoyla bağlı açıqlamanın keyfiyyətli olmasını xahiş etmişdik. Yəni Baş Dövlət Yol Polisi İdarəsinin “azerbaycansaati.tv” olaraq, bu şəxslə bağlı qurumun əlaqə vasitələrinə, mətbuat şöbəsinin əməkdaşlarına, o cümlədən, Elvin Hacıyevin şəxsinə göndərdiyimiz görüntüdəki şəxsin adının, soyadının açıqlanmasını, bu şəxslə bağlı bizim onlara məlumatı göndərdiyimizdən sonra hər hansı cəza tədbiri görülüb-görülməməsiylə əlaqəli yalnız “araşdırılır” kəlməsiylə deyil, dolğun, tam ətraflı məlumat verilməsini bir neçə dəfə rica etmişdik.

Adının açıqlanmasını istəməyən mənbə yalnız bizə güvənərək göndərdiyi görüntünün DİN-in qəsdli şəkildə bizim saytımıza deyil, “avtosfer”.az-a göndərdiyi videoyla birgə açıqlamasındakı bəzi məsələlərin yalan olduğunu deyib.

Onun sözlərinə görə, yazıda avtomobilin sürücüsünün İldırım Məmmədov olduğu qeyd olunsa da, etibarlı mənbə avtomobilin sürücüsünün Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs tələbəsi Yunis Məmmədov olduğunu, videoda da avtomobili idarə edənin məhz, Yunis Məmmədovun olduğunu əminliklə bildirib. Mənbəmiz həmçinin, Yunis Məmmədovun əvvəllər Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili olmuş, hazırda isə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində rəis Tərxan Qafar oğlu Əhmədovun müavini olan Rafiq Məmmədovun yaxın qohumu olduğunu da söyləyib.

Polis Rafiq Məmmədov

O, həmçinin, açıqlamada olan Ələt-Astara tərəfdə avtomobil qəzasının çoxdankı hadisə olduğunu vurğulayıb, və açıqlamada sorğu edilən məsələləri gözdən yayındırmaq üçün ötəri məlumatlar qeyd edildiyini, buna görə də, yazının qeyri-obyektiv fikirlərdən ibarət olduğunu dedi. Qurumun “avtosfer.az” saytına ötürdüyü məlumatda sayrışan işıqlardan istifadə edilmədiyini bildirdiklərini qeyd etsələr də, görüntünün yazıda qeyd edilənlərə tamamilə əks olduğunu da söylədi.

Bundan bir neçə müddət öncə də, həmin polisin 16 yaşlı qohumu, Əkbər Bağırlının avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən görüntüsünü, DİN-in isə bununla bağlı heç bir cəza tədbirləri görülməməsi barədə məlumat dərc etmişdik.

Mənbənin bizə eksklüziv olaraq göndərdiyi, DİN-in isə “azerbaycansaati.tv”-dən sorğu şəklində götürdüyü videonu “avtosfer.az”-a həmin saytın öz materialı imiş kimi ötürdüyü eyni videonu və açıqlamanın linkini təqdim edirik:

https://avtosfer.az/az/qaydalar/sayrisan-isiqla-surulen-masin-saxlanildi-ve-44-bf-001-vi%CC%87deo-247409

İmamət İsmayıl Ədil Bəyli