Azərbaycanda nurçular: Gömrük Komitəsi Nur mərkəzidirmi?

Azərbaycanda nurçuluq mövzusu hələ də aktualdırmı?

Nurçuluq mövzusu özünə xas, təhlükəli, ictimai diqqətə səbəb olan bir mövzudur. Həm də bu mövzu ətrafında bir aralar sakitlik var idi…

Fətullah Gülən

Öz fəlsəfi baxışlarını Səid Nursidən alan nurçuluq islam dininə görə təhlükəli cərəyan hesab edilə bilər. Çünki Səid Nursi hakimiyyəti zəbt etmək üçün, öz tələbələrini hakimiyyətə gətirmək üçün Qurani Kərimi yeni formada öz dövrünə təqdim etməyə başladı. Belə ki, Səid Nursi Quranı əsas qaynaqlardan təfsir etmək əvəzinə öz ağlı ilə təfsir etməyə yönəldi. Quranı müasirləşdirmək və araya öz fikirlərini əlavə etmək qərarına gəldi.

Səid Nursinin əsərlərindən təsirlənən bir çox şəxsiyətlər çıxdı ki, bunların da başında bu gün hamımızın tanıdığımız Fətüllah Gülən durur.

Fətüllah Gülən isə bu gün başqa bir idelogiyaya sahib oldu. Öz sələfindən fərqli olaraq bu gün nurçuların başında dayanan Fətülllah Gülən əsasən öz tələbələrini daha böyük dövlət vəzifələrinə gətirməyə nail ola bildi.

İzmirdə nurçuların hərbi litsey telebelerini döyməsindən sonra ABŞ-a qaçan və geri qayıtmayan Fətullah Gülən gizli olaraq lentə alınmış çıxışında öz tərəfdarlarına aşağıdakı məsləhətləri verirdi:

Birincisi: Nurçuların mülki və hüquq-mühafizə strukturlarında, silahlı qüvvələrdə möhkəmlənməsinə və şəbəkə qurmasına çağırışla bağlıdır. Gülənin fikrincə, dünyəvi dövlət quruluşu tam kamil quruluş olmadığına görə, bu sistem daxilində boşluqlar mövcuddur və nurçular bu boşluqları kəşf edərək, orada möhkəmlənməyə çalışmalıdır.

İkincisi: Lazım olan güc toplamayana kimi açıq fəaliyyətə başlamağın yolverilməz olmasıdır. “Qüvvət sahibi olmadığınız halda güc sahiblərinə qarşı çıxmayın. Ola bilər ki, xaricdəkilər bizi qorxaqlıqda ittiham etsinlər. Eybi yoxdur, biz yolumuza davam etməli və dövlət strukturlarına yol taparaq möhkəmlənməliyik. Bizə qarşı çıxanların qarşısında özümüzü qorxaq kimi göstərərək, daha irəli getməyi bacarmaq lazımdır”.

Nurçular şəbəkələşmə edirlər. Belə ki, hansısa dövlət postu tutaraq ancaq nurçuları önə çıxarırlar. Bütün məsələlərdə ancaq özləri kimi düşünənləri müəyyən işlərə cəlb edirlər. Digər şəxsləri isə kənara qoyurlar. Onlarda vətəndaş əsas amil kimi dayanmır, inanmaq və eyni məzhəbdə olmaq ön planda dayanır.

Yuxarıda göstərilənləri və Fətullah Gülənin tapşırığı ilə onun adamlarının Azərbaycanda da fəallaşmasını nəzərə alaraq, biz bəzi dövlət qurumlarında araşdırma aparmağa çalışdıq və müəyyən etdik ki, Azərbaycan Respublikasının bəzi dövlət qurumlarının rəhbərləri və əməkdaşları nurçularla əlaqədə olmuş, onlar tərəfindən təlimatlandırılmış, pul və digər mükafatlar almışlar.

Xatırladaq ki, Türkiyədə 2014-cü ildə də nurçulara qarşı irimiqyaslı əməliyyatlar keçirilmişdi. O zaman qonşu ölkədə baş verən bu proseslər Azərbaycana da öz təsirini göstərmişdi. Belə ki, həmin vaxt Azərbaycanda nurçularla sıx əlaqələri olan müəyyən vəzifəli şəxslərin işdən çıxarılması, nurçulara məxsus olan media qurumları və təhsil ocaqlarından bəzilərinin bağlanması baş verdi. Türkiyədə okeanın o tayından dövlət çevrilişi etməyə cəhd göstərmiş Fətullah Gülənin ardıcılları hazırda Azərbaycanda da müxtəlif qurumlara yerləşərək öz təbliğatlarını aktiv şəkildə davam etdiməkdədirlər. O cümlədən, Azərbaycanda nurçuların daha çox hədəfə aldıqları sahələrdən biri kimi də məhz ölkənin təhsil və gömrük sistemlərini göstərmək olar. Təhsildəki nurçuluq problemləri barədə KİV-də məlumatlar çox olmuşdur.

Lakin bizim apardığımız araşdırma zamanı hazırda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan Səfər Mehdiyevin də nurçu olması müəyyən olunmuşdur.

Belə ki, 1973-cü ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuş Səfər Mehdiyev orta məktəbi bitirdikdən sonra 1990-cı illərdə kolxozda adi kolxozçu işləyirdi. Onun sosial mənsubiyyəti və savadı Naxçıvanda və ya Bakıda ali təhsil almağa imkan vermirdi. Cox savadsız və bacarıqsız olmuşdur. Lakin 1993-cü ildə, o, nurçuların təhsiri altına düşmüş və onların təklifi və maliyyə dəstəyi ilə Türkiyənin İzmir şəhərindəki Egey Universitetinə qəbul olunmuşdur.

Gülənçilər həmin Universitet tələbələri üçün “nur evləri” adlanan ucuz yaşayış evləri də təşkil etmişdilər və Səfər Mehdiyev həmin evlərdən birində qalırdı. Gülənçilər orada Səfər Mehdiyevin hətta şəxsi həyatına da nəzarət edirdilər. Səfər Mehdiyevin Türkiyədə təhsil haqqı və yaşaması üçün xərcləri də Gülənçilər tərəfindən ödənilirdi. 1998-ci ildə həmin Universiteti bitirib Azərbaycana qayıdan kimi, Səfər Mehdiyev nurçuların dəstəyi ilə Dövlət Gömrük Komitəsində inspektor vəzifəsinə təyin edildi. Sonradan isə təhsil sistemində yer alan nurçuların köməkliyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin maqistr, 2010-cu ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bakalavr diplomunu almışdır. Araşdırmalar göstərdi ki, Səfər Mehdiyev Bakı Dövlət Universitetində heç dərslərə getməmiş, imtahanlarda iştrak etməmişdir. Diplom işinin adını belə bilmir. Onun adından yazılıb və təhvil verilib. Sonradan nurçuların dəstəyi ilə Dövlət Gömrük Komitəsinin sədr müavini, sonradan isə sədri vəzifəsinə gətirilmişdir.

Səfər Mehdiyev hələ Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə, nurçuların məsləhəti ilə əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını işlə təmin etmişdir. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Həmin vaxtlar Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edirdi. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər.

Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti də yaratmışdır ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız…

Səfər Mehdiyev ölkədə monopoliyalarla bağlı əsas sorumlulardan biri hesab olunur. DGK-dakı bütün bölgüləri və alış-verişi də o özü aparır. Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları da Səfərin monopoliyasındadır. Hazırda bazarda Hindistandan və digər ölkələrdən mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan və digər ölkələrdən ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Adı çəkilən Gündüz həm də S.Mehdiyevin doğma bacanağıdır. Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur.

S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük nəqliyyat şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. «Yaşıl dəhliz» adlanan Səfər dəhlizindən isə yalnız Səfər Mehdiyevin yaxın adamları öz mallarını keçirdə bilər. Görünən odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya fəaliyyətləri hələ uzun illər də davam edəcək. Onun ölkəyə gətirilən viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsi barədə də məlumatlar var.

Səfər Mehdiyevin sərvətinin bəzilərini diqqətinizə təqdim edirik:

Qusarda, Şamaxıda, Mərdəkanda villalar; Onkologiyanın yanında supermarket; Mərasim zalları; Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası – bacanağının oğlu işlədir;  Badamdarda villası; Almaniyada və Çexiyada mülkləri….Və daha nələr, daha nələr…

Nurçuların maliyyə dəstəyi ilə təhsil almış, vəzifəyə gətirilmiş Səfər Mehdiyev bu gün də onların tapşırığı ilə Azərbaycan iqtisadiyyatını dağıdır, bərbad hala salır. Dolların kursunun qalxmadığı, həmçinin xarici ölkələrdə ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin qalxmadığı halda Azərbaycanda günü-gündən qiymətlərin qalxması, ölkə əhalisinin yoxsul vəziyyətə düşməsinin əsas səbəbkarı Səfər Mehdiyev və onun cinayətkar komandasıdır.

Ölkəyə idxal edilən malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərini süni şəkildə dəfələrlə artırılmasını tələb edən gömrükçülər bununla gömrük rüsum və yığımların artmasına nail olur və həmçinin guya gömrük rüsum yığımlarının proqnozlaşdırılandan da artıq toplanılmasına nail olmalarını göstərərək, bununla Gömrük Komitəsinin əməkdaşlarının əmək haqlarına əlavələrin artmasına da nail olurlar. Əhalinin yoxsullaşması nəticəsində gömrükçülərin əmək haqqı kartlarına yüklənən məbləğlərin artması bunun əyani sübutudur. 

Səfər Mehdiyevin gömrük fırıldaqlarını bütün dünyanın sahibkarları bilir. O, öz fırıldaqlarına digər orqanların da rəhbərlərini cəlb etmişdir. Onun «AZAL»ın prezidenti Cahangir Əsgərovla birgə törətdiyi anbar cinayətləri barədə biz dəfələrlə məlumat vermişik.

Səfər Mehdiyevin tapşırığı ilə ölkə ərazisinə təyyarə ilə idxal edilən mallar sahibkara məlumat verilmədən dərhal aeroportun yaxınlığındakı Cahangir Əsgərovun «ASG Business Aviation» MMC-nin «GHC» filialının anbarına yerləşdirilir. Bundan sonra gömrükçülər sahibkardan bəyannamədə göstərilən gömrük dəyərinin 5-10 dəfə artırılmasını  tələb edirlər. Bundan imtina edən sahibkarın malları aylarla saxlanılır həmin anbarda. Malların sahibkarın öz anbarına saxlanca verilməsi müraciətləri də təmin edilmir. Sahibkarın prezidentə və hökümətə şikayət etməsinin də heç bir mənası və nəticəsi olmur. Sahibkar məhkəməyə də müraciət edə bilmir, çünki, məhkəmə prosesləri də uzun müddət çəkir, həmçinin Ali Məhkəmənin sədrinin qardaşı Gömrük Komitəsində yüksək vəzifə tutduğuna görə sahibkarın iddiasının təmin edilməsi perspektivi ümumiyyətlə yoxdur. Hətda məhkəmə sahibkarın xeyrinə qərar qəbul etsə belə həmin qərar gömrük orqanı tərəfindən qərəzli olaraq icra olunmur. Bu yolla sahibkar gömrükçülər tərəfindən «sındırılır», gömrük dəyərini artırmağa məcbur olur və sonra da malları anbardan çıxarmaq üçün Cahangir Əsgərovun «ASG Business Aviation» MMC-nin «GHC» filialının anbarına külli miqdarda nəğd pul ödəyib mallarını çıxardır. Buna görə də Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə əqidəsi, şərəfi və ləyaqəti olmayan şəxsləri təyin edir. Onlardan biri də həmin İdarənin sabiq rəisi Bəyhruz Quliyevdir. İllər öncə Paşayevlərin bağında bağban işləyən yaxın qohumunun vasitəsi ilə gömrük orqanında işlə təmin edilən keçmiş arabaçı sahibkarlara qan utdururdu. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində işləyən zaman Bəhruz Quliyevin ölkədən külli miqdarda valyutanın qanunsuz çıxarılmasında əlinin olması müəyyən olunduğu, həmçinin sahibkarların ölkə rəhbərliyinə və mətbuata çoxsaylı şikayətlərini nəzərə alaraq, Səfər Mehdiyev onu qorumaq məqsədi ilə xidmət yerini dəyişmiş, onu tutduğu vəzifəsindən azad edərək, Komitənin mühüm bir İdarəsinə rəis vəzifəsinə təyin etmişdir. Maraqlısı odur ki, Komitədə həmin İdarənin əvvəlki rəisi Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri Fuad Ələsgərovun yaxın qohumu Şahin Ələsgərov olmuşdur.

Səfər Mehdiyevin qəribə əmri ilə Şahin Ələsgərov Gömrük Sərhəd buraxılış məntəqələrinin işinin təşkili baş idarəsinin baş idarə rəisi vəzifəsindən azad olunaraq həmin idarənin rəisinin müavini vəzifəsinə keçirilmiş, İdarənin rəisi vəzifəsinə isə Bəhruz Quliyev gətirilmişdir. Bundan narazı qalan Şahin Ələsgərov dərhal raportunu yazaraq gömrük orqanlarından işdən öz arzusu ilə çıxmışdır- istehfa vermişdir. Demək, Səfər Mehdiyev nə dərəcədə özünü arxayın və cəzasız hiss edir ki, Fuad Ələsgərovun ən yaxın qohumunu belə işdən kənarlaşdırmışdır.

Ölkə iqtisadiyyatını çökdürmək fəaliyyəti ilə davamlı məşğul olması Səfər Mehdiyevin xaricdən dəstək və əmrlər almasını göstərir.

Hesab edirik ki, Səfər Mehdiyevin nurçular və digər xarici qüvvələrlə əlaqələri müvafiq orqanlar tərəfindən tam araşdırılmalıdır. Gömrük Komitəsinin saytına da baxış keçirtdikdə görünür ki, Səfər Mehdiyevin Komitə sədri kimi Türkiyəyə səfərləri, əsasəndə İzmir şəhərindəki görüşlərinə həsr olunmuş məqalələr artıq silinmiş və ya açılmır. Bu bir daha sübut edir ki, Səfər Mehdiyev nurçularla olduğu əlaqələrini gizlətməyə çalışır. Amma ölkənin xüsusi xidmət orqanlarında Səfər Mehdiyevin Fətullah Gülənlə sıx əlaqələrinin olması barədə kifayət qədər məlumatlar var.

Göründüyü kimi, Fətullah Gülənin ardıcılları Azərbaycanda da “dinc durmurlar”. Bu isə, müvafiq qurumlar tərəfindən təcili tədbirlərin görülməsi zərurətini ortaya qoyur. Əks halda, bir neçə müddətdən sonra bu ekstremizmə meyilli təriqətin hansı fəsadlara yol aça biləcəyi barədə həyəcansız düşünmək belə olmur.

Hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini Mehman Sadıqov daşıyır. O, əvvəllər həmin İdarənin rəisinin müavini vəzifəsində çalışırdı. Lakin hazırda o da Səfər Mehdiyevin yaratdığı sxemlə işləyir və sahibkarları soymaqla məşğuldur. Cahangir Əsgərovla birgə anbar fırıldaqları da çiçəklənir. Hazırda Mehman Sadıqovun da qanunsuz fəaliyyəti, gömrük və anbar fırıldaqları tərəfimizdən araşdırılır. Cahangir Əsgərovun «ASG Business Aviation» MMC-nin «GHC» filialının anbarında qanunsuz saxlanılan mallar sahiblərinə verilməyənədək və qanunsuz əməllərə son qoyulmayanadək həmin İdarənin və MMC-in fəaliyyəti daima bizim nəzarətimizdə saxlanılacaqdır.

Bildirmək istəyirik ki, digər gömrük orqanları da anoloji sxemlə sahibkarları soyurlar. Ölkəyə daxil olan yüklər uzun müddət ərzində terminallarda maşınların, vaqonların üzərində saxlanılır və ya qanunsuz olaraq bahalı qiymətlərlə Karqo anbarlarına yerləşdirilir. Bütün bunlar sahibkara qanunsuz təhsir etmək üçün yaradılmış cinayət sxemləridir.

Buna görə də Dövlət Gömrük Komitəsi təcili olaraq ləğv olunmalı və onun bazasında Dövlət Gömrük Xidməti yaradılmalıdır. Səfər Mehdiyev və onun cinayətkar komandası isə həbs olunmalı, onun nurçular və digər xarici qurumlarla qanunsuz əlaqələri araşdırılmalıdır.

Eyni zamanda Səfər Mehdiyevin ölkədən çıxartığı sərvətlərin də ölkəyə qaytarılması istiqamətində tədbirlər görülməlidir. Hazırda Londonda və ya digər Avropa ölkələrində Azərbaycandan olan deputat və məmurlara məxsus üzərinə həbs qoyulmuş pullar ölkədən məhz Səfər Mehdiyevin və onun rəhbərlik etdiyi gömrükçülərdən ibarət cinayətkar qruplaşma tərəfindən həyata keçirilmişdir.

Hüseyn Əliyev