Azərbaycanda örnək insanların qıtlığı var. Bu, əlbəttə, belədir. Örnək həyat qırıqları var, bioqrafiya parçaları var, amma örnək insan qıtlığı var. Örnək insan həyat epizodları ilə deyil, sonuna qədər saxlaya bildiyi həyat prinsipləri ilə örnək olur.
Ad çəkmək istəmirəm, çünki bir neçə nəfərə aid ediləcək fenomen deyil. Kütləvi bəladır. «Xalq» artisti, yazıçısı, rəssamı,.. kimi titullar keçmiş Kommunist bloku ölkələrində təsis edilən fəxri adlardır. Dövlətin öz himayəsi altına aldığı, almaq istədiyi ədəbiyyat və incəsənət adamlarına verilərdi. Bunlarla işim yoxdur. «Xalq» filosofu, tarixçisi, kimyaçısı kimi adlar olmadı. Onu düşünüb- daşınıb bir yana çıxıara bilmədilər. Elm fundamental baza prinsipləri üzərində inkişaf edən sahədir, zövq məsələsi deyil. Ədəbiyyat və incəsənət isə zövq məsələsidir. Kommunist blokunda diktaturalar insanların zövqünü öz standartlarının içinə pərçimləməli idilər, buna görə də mükafatlandırmalar, təltiflər, şirnikləndirmələr diktatorluğun standartları daxilində zövq yaratmaq üçün gərək idi.
Müasir ideologiyasız diktaturaların işi bir qədər ağırdır. Standartlar ideologiya üzərində deyil. Elə- belə, «başqa cür düşünməmək» öhdəliyini yükləmək üçün fərqləndirmələr lazımdır. Burda ideyaya deyil, diktatora sədaqətin ölçüləri müəyyən edilir. İdeya təqib edilir, fərqli ideya daşıyıcı olmaq cəzalandırılır.
Azərbaycan kimi ölkələr həmin kommunist çağlarının standartlarından imtina edə bilməyib. İmkan verilməyib. İdeyalı bütlərin yerini məsləksiz və ideyasız diktatorlar tutub. İdeyalı diktatorlara sədaqət ideyasız diktatorlara sədaqətlə əvəz olunub və bu proses o qədər də çətin olmayıb. Bizim cəmiyyətimizdə postsovet zamanında cəmi bir neçə il fərqli düşüncə azadlığı ya təqib edilməyib, ya tanınıb, ya da tanıtdırılıb. Həmin illərdə cəmiyyət əsasını sovet tirajından almayan nüfuzlu şəxs obrazı yarada bildi. Bir çoxları da həmin obrazı taxmağa imkan tapdı. Qısa müddət sonra ideyalı diktatura ilə ideyasız diktatura arasındakı körpü bərpa edildi, azadlıq dövründə tiraj qazanmış tanınmışların əksəriyyəti Sovet standartlarının komfortunu xatırlayıb həmin körpü ilə addımlamağa başladı. Bəziləri isə bunu tərəddüdlə etdi. Sovet hakimiyyətinin mənəvi, siyasi, inzibati süqutundan sonrakı qısa müddət ərzində öz eqosunu yaratmış bir neçə nəfəri çıxmaq şərtilə onların hamısı o körpüdən keçərək keçmiş sahilə doğru axışdı. Körpünün bu tayında örnək insanların sayı azaldı. Yox deyilə biləcək qədər azaldı.
İndi ölkənin siyasi müstəvisində örnək insanların sayı ədəbiyyat və incəsənət sektorunda olanlardan, əlbəttə, çoxdur. Amma burası da qorxuludur və ya cəsarət tələb edən sahədir. Diktaturalarda istədiyin kimi olmaq cəsarət tələb edir. Diktaturalar yalnız «fərdi komfort uğrunda» da deyil, «fərdi komfort üçün» yolları tanıyır. «Uğrunda» və «üçün» sözlərinin məna yükü də çox fərqlidir. Birisi haqq etdiyini almaq, digəri isə haqq etdiyini və ya etmədiyini dilənmək kimi qəbul edilir.
Azərbaycanda müdrik insanların qıtlığı var. «Güzəran müdrikliyi»ni boş verin. Bəzən dələduzluğu da mühitə adaptasiya naminə güzəran müdrikliyi kimi yozmaq mümkündür. İnsanların müdrikləşməsi üçün zəruri olan olan yolların üzərinə keçid məntəqələri qurublar və bu keçid məntəqələrində məşəqqətli suallar var. O suallara cavab üçün də deyil, o sualların özü ilə üzləşməmək üçün əksəriyyət yolunu başqa səmtdən salır.
Ölkə əlbəttə, dəyişməlidir. İndi Azərbaycanda yaşanan həyat normal insan həyatı üçün tələb edilən standartların çox aşağısındadır. Sifət qorumaq üçün deyil, sağ qalmaq üçün şərtlər daha aktualdır. Dövlət insanların fərdi keyfiyyətlərinin necə formalaşacığını da sərt qəliblərin içinə soxub. İnsanların ölkədən qaçışı da insan həyatı yaşamaq üçün axtarışdır. İnsan həyatınnın buxovlanmadığı, boyunduruqlara salınmadığı ölkələrə qaçıb getmək istəyir hamı.
Vətən təəssübü var, amma dövlət təəssübü yoxdur. Çünki, «Vətən» və «dövlət» anlayışları haçalanıb. Vətən torpaqdır, dövlət isə mücərrəddir. Vətən bizimdir, dövlət isə onlarındır. Yəni, «bizim deyil» kimi bir yanaşma. Vətən üçün ölmək olar, amma dövlət üçün çarpışmağa dəyməz. Vətən müqəddəsdir, amma siyasət çirkindir. Müdriklik yoxdur, axı. Siyasətin çirkin olduğu yerdə nə dövlətin müqəddəsliyi var, nə də Vətənin.
Müxalifət olmaq cəsarət tələb edir. «Bizdə müxalifət yoxdur» sözünü demək üçün tələb olunan arxayınlıq qədər təhlükəli və zərərli ovqat yoxdur. İstər bunu prezident desin, istərsə də sıradan bir virtual aktivist. «Bizdə müxalifət yoxdur» sözünü demək üçün ya aşırı gəvəzəlik, aşırı qudurğanlıq, aşırı yekəxanalıq tələb olunur, ya da aşırı məyusluq, aşırı müştəbehlik, aşırı biveclik.
Ölkə, əlbəttə, dəyişməlidir. Amma bunun üçün müdriklik qatqısı yuxarı olan cəmiyyət lazımdır. «Müstəqil» siyasətçilərin, ictimai fəalların, «tanınmış»…- ların pərakəndə durumu pərakəndə ticarət şəbəkəsi kimi xırda bazar nırxlarından başqa heç nəyi dəyişə bilmir. «Müstəqil siyasətçi» necə ola bilirsə, «xalq» artisti, yazıçısı, rəssamı,.. da eləcə olur. Başqalarının etiraz şəklinə etiraz pərsəngləri tullamaq da bir rahatlıqdır. İctimai məsuliyyətin daşıyıcısı olmaq üçün ictimai tiraj daşıyıcısı olmaq kifayət etmir. Adamların sayı qədər etiraz motivləri var. Amma onların ən ümumi niyyətlər üçün gərək olan ən ümumi çalarlarının birləşdirilməsi prosesində olmayan, bunda maraqlı olmayan «bizdə müxalifət yoxdur»çuların fərdi həzzi birisinin «xalq artisti » və ya «xalq yazıçısı »… titulu almaq, Fəxri Xiyabanda veyillənmək həzzindən o qədər də fərqlənməz.
Azərbaycanda sahman dəyişməlidir. Örnək və müdrik insanların toplam səyi ilə dəyişməlidir. Bunlar yoxdursa, o zaman dəyişim də olmayacaq. Bəlkə, elə çoxları üçün belə yaxşıdır: boz sayılan kütlənin içində itib-batmamaq üçün babat tirajla fərdi eqonu təmin edəcək məchul fərq? Amma axı, heç bu da «eqo» deyil, aldadıcı bir komfortdur. Diktatura insanların öz cıkkılı dünyalarında veyillənməyinə mane olmur.
«Azərbaycanda müxalifət yoxdur»! Ura! Nə gözəl səslənir, elə deyilmi?.. Sosial məsuliyyətsizliyin bundan daha cəlbedici təntənəsi ola bilməz!