Qafqaz müharibəsi : bu dini savaş deyil, demokratiya ilə diktaturanın qarşıdurması da deyil

 

Azərbaycan ərazisində böyük müharibə başladı. 1994- cü ilin may ayında Bişkekdə imzalanan atəşkəs ümqaviləsindən sonra bu böyük müharibənin bağlanacağını hamı gözləyirdi. Sülh yoxdursa, ərazi mübahisələri varsa, demək müharibə qaçılmazdır.

(Yazının fransızca orijinalı burada)

Sülhü yaratmaq üçün beynəlxalq səylər 1992- ci ilin dekabrından başlayıb. 1997- ci ildən başlayaraq bu prosesə ATƏT Minsk qrupu deyilən Həmsədrlik İnstitutu nəzarət edir, amma səmərəsiz. Minsk Qrupuna həmsədrlik edən 3 ölkənin- ABŞ, Fransa və Rusiyanın diplomatları Qafqazdakı bu münqaişə ilə bağlı yalnız onu düşünüblər ki, indi müharibə gərək deyil, müəyyən olmayan uzaq gələcəkdə bu məsələyə baxarıq. Həmin «uzaq gələcək » isə heç zaman gəlməyib.

Bunun bir neçə səbəbi var. Səbəblərdən biri budur ki, münaqişənin mahiyyəti ilə bağlı doğru təsəvvürlər olmayıb.

1. Bir çoxları belə hesab ediblər ki, müsəlmanların əksəriyyət təşkil etdiyi Azərbaycan və xristianların məskunlaşdığı Ermənistan arasında münaqişə dini toqquşmadır. Əslində isə belə deyil. Şiə müsəlmanlarla ziddiyətdə olan xristian Ermənistanın ən ciddi və sabit müttəfiqi bilirsizmi kimdir ? Dünyada radikal şiə inqilabının eksportunu dövlət doktrinası kimi qəbul edən İrandır. Eləcə də, müsəlman ərəb ölkələrinin mütləq çoxluğu Ermənistanla ən yüksək səviyyədə ticarət və diplomatiya əlaqələrinə malikdir.

2. Bəziləri belə hesab ediblər ki, korrupsioner və diktator Əliyevin rəhbərlik etdiyi Azərbaycanla Ermənistan arasında ziddiyət demokratiya ilə diktatura arasında münaqişədir. Amma belədirmi. Ermənistanın regionda ən böyük dostu və rəsmən, dövlət səviyyəsində imzalanmış strateji sazişlər üzrə strateji ortağı dünyada diktatorların və avtoritar rejimlərin bir nömrəli hamisi olan Rusiyadır. Rusiya nın Ermənistan ərazisində hərbi bazası da var.

3. Bəziləri belə hesab ediblər ki, münaqişənin mərkəzində dayanan Dağlıq Qarabağ vilayəti etnik ermənilərə məxsus olan tarixi torpaqlardır və ermənilərin də orda özləri üçün dövlət yaratmaq hüququ var. Bu da tarixi – bilinən bir zaman kəsiyindən sonra təhrif edilmiş xətt üzrə qəbul etməkdən doğur. Dağlıq Qarabağda yaşayan ermənilərin sayından iki dəfə artıq azərbaycanlılar 1989- cu ilə qədər Ermənistan ərazisində yaşayırdı və ümumiyyətlə, Qafqaz bu cür qarışıq etnik xəritəsi olan bir coğrafiyadır. Əgər sabah Rusiya süqut etsə, dünyanın siyasi mərkəzi Qafqazda müstəqil dövlətlərin yaranması üçün vasitəçilik etməyə girişsələr, orda hər kənddə bir dövlət yaratmalı olacaqlar, amma heç zaman ortaq məxrəcə gələ bilməyəcəklər ; bu cür yanaşmaya görə ortaq məxrəclər isə qan gölündə qərq olduğu üçün onlar heç zaman tapılmayacaq.

Dağlıq Qarabağ ermənilərin olduğu qədər də azərbaycanlılarındır, ümumiyyətlə Qarabağın «dağlıq» və «düzənlik» hissələrinə ayrılması çox şərti yanaşmadır, bu şərti yanaşma həmin ərazilərin etnik kimliyini dəqiq müəyyən edə bilməz. Sovet hakimiyyətindən əvvəl Dağlıq və düzənlik Qarabağ anlayışı yox idi, bütöv Qarabağ vardı. Azərbaycan ərazilərinin bu tarixi- coğrafi- iqlim bölgüləri isə heç vaxt etnik bölgünü nəzərdə tutmayıb. Orda Qarabağla yanaşı Şirvan, Muğan, Mil, Qaradağ (Qarabağ deyil, Qaradağ və «Qarabağ- «böyük bağ» demək olduğu kimi «Qaradağ» da «böyük dağ » deməkdir), Abşeron və indi qonşu dövlətlərin ərazisində olan olan başqa belə toponimlər var.

Sovet hakimiyyəti zamanı Qarabağda yaşayan ermənilərin tələbləri nəzərə alınaraq onlara muxtariyyat verilmişdi. Amma bu muxtariyyat bütün Qarabağa verilə bilməzdi, çünki bütün Qarabağ ərazisində ermənilərin say nisbəti 10-15 faiz ola bilərdi, buna görə də «Dağlıq Qarabağ » siyasi terminini düşünüb elə bu adla da muxtariyyat verdilər.

Doğrudur, bunlar keçmiş tarixlərdir, amma keçmişin pozitiv presedentlərini nəzərə almaq gərəkdir.

Bütün bunları kimin haqlı, kimin haqsız olduğunu sübut etmək üçün yazmıram, bu sübutlar indi kimsəyə gərək deyil. Kimsəyə gərək olsa, müharibə də olmazdı.

Amma niyə məhz, indi başlayır bu böyük müharibə ?

Nikol Paşinyan hakimiyyətə gələnə qədər Ermənistan və Azərbaycan arasında müharibənin başlanmaması üçün susqun bir «razılaşma» vardı. Hər iki ölkədə hakimiyyətlər eyni saplarla Moskvaya bağlı idilər. Vladimir Putin onlara eyni qədər kontrol edə bilirdi; hər iki ölkənin rəhbərlərinin Moskvaya bağlı korrupsiya layihələri vardı. Əliyevlə bağlı məsələ aydındır, onun dünyanın hər yerində iri korrupsiya layihələri var, amma Koçaryan (Ermənistanın sabiq prezidenti) da Rusiya ilə şübhəli biznes layihələri ilə bağlıdır, həm də yalnız biznes layihələri deyil. Maraqlıdır ki, 2019-cu ilin oktyabr ayında Yerevana səfər edən prezident Putin həbsdə olan Robert Koçaryanın həyat yoldaşı ilə görüşmüşdü. Putin şəxsən Nikol Paşinyandan Koçaryanın azad edilməsini istəsə də onun sözünü yerə salmışdılar və yalnız 4 milyon dollar girov köçürdükdən sonra azadlığa buraxılmışdı.

Amma ədalət üçün demək lazımdır ki, Ermənistan neft ölkəsi olmadığına görə orda korrupsiyanın həcmi Azərbaycan elitasının korrupsiyasından qat-qat azdır.

Hakimiyyətə alternativ Qərbpərəst elitanın təmsilçisi kimi gələn Nikol Paşinyanın qarşısında çox mühüm bir vəzifə dayanırdı. Ermənistana 1998- ci ildən rəhbərlik edən «Qarabağ klanının» arqumentlərini və revanş cəhdlərini neytrallaşdırmaq üçün daha çox «Qarabağçı» olmaq ! Buna görə də Ermənistanın yeni baş naziri Ermənistanın işlərindən daha çox Dağlıq Qarabağın daxili sayılan layihələrinə qarışırdı, öüznü «daha çox Qarabağlı » kimi təqdim etməyə üstünlük verirdi. Bu zəruri idi, çünki, Ermənistandakı qarabağ klanı həm hərbi, həm siyasi, həm də biznes elitasında mühüm mövqeləri tuturlar, Rusiya ilə xüsusi əlqələr də onlara məxsusdur.

Buna görə də Paşinyan Dağlıq Qarabağda və onun ətrafındakı işğal rayonlarında böyük investisiya layihələrinə girişdi. Dağlıq Qarabağın paytaxtının azərbaycanlılar üşün həssas şəhərlərdən biri olan Şuşaya köçürüləcəyi ilə bağlı qərarını elan etdi. Yəni, faktiki olaraq Paşinyan özünü həm Ermənistanın, həm də Dağlıq Qarabağın prezidenti kimi aparmağa başladı. Bütün bunlar Azərbaycanda qıcıq yaratmalı idi əlbəttə.

Başqa tərəfdən, Rusiya üçün də Qərbpərəst Paşinyan arzuolunmaz şəxsdir. Amma Rusiya Ermənistandan imtina edəcək qədər sadəlövh deyil. Onun yaxın siyasi layihələrində Paşinyanın Ermənistan rəhbərliyindən kənarlaşdırılması əsas məqsədlərdən biridir. Ümumiyyətlə, Ermənistanda istər Azərbaycanla kompromissə hazır olan, istərsə də Qərbpərəst bir liderin olması Rusiyanın planlarına daxil deyil. İndiki halda Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatları «etinasız həyəcanla» izləyən təqib edən Rusiya düşünür ki, hərbi əməliyyatlar Paşinyanı cəzalandırmaq üçün gərək olan mərhələyə qədər davam etməlidir, amma Dağlıq Qarabağ münaqişəsinin də tamamilə həll edilməsinə yol verməmək lazımdır. Bu, Rusiyanın mövqeyidir və əgər münaqişə başlayandan indiyə qədər regionda həlledici təsirləri olan Rusiya prosesə fəal şəkildə müdaxilə etməyibsə, bu da həmin mövqenin dəyişmədiyini sübut edir. Üstəlik, nəzərə almaq lazıdmır ki, Rusiyanın bir npmrəli diplomatı Sergey Lavrov da etnik ermənidir və o, ermənilərin indiki məğlubiyyətlərinə xüsusi həssaslıqla yanaşmalı idi.

Nəhayət, «Dağlıq Qarabağ» münaqişəsi hərbin alternativi olaraq hansı model əsasında həll edilməli idi?

Qərbdə bir qayda olaraq «millətlərin öz müqəddəratını təyin etmək hüququndan» bəhs edirlər, ermənilər də bu prinsipin üzərində dayanırlar. Azərbaycanın arqumenti isə sərhədlərin toxunulmazlığı prinsipidir və belə hesab edir ki, ermənilər Qafqazda öz müqəddəratını təyin etmiş xalqdır, bunun nəticəsində də Ermənistan dövləti var. Əgər millətlərin müqəddəratı prinsipinindən bəhs etsək, o zaman gərək Gürcüstandakı azərbaycanlılar (400 min nəfərə yaxın) və ermənilər (150 min nəfər) də öz dövlətlərini yaratmaq haqqından istifadə etsinlər. Görünür elə buna görədir ki, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili də lap bu günlərdə açıqlama verərək «dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir » deyir.

Əslində, bu problemi birdəfəlik həll etmək mümkündürmü ? Yəni, onu nəzərə alaraq ki, indi ermənilər və azərbaycanlılar arasında söhbət məhz, etnik nifrətdən gedir ? Əlbəttə, mümkündür və Qərbdə bu varianta heç zaman prinsipal baxmayıblar.

Məsələ belədir ki, Azərbaycanı gözümçıxdıya salıb Qarabağı onun əlindən almaq olar. Ya da Ermənistanı cəzalandırıb Qarabağ məsələsindən tamamilə kənarlaşdırmaq olar. Bu variantlar isə problemin həlli deyil. Məcburi razılaşdırma baş tuta bilərdi, amma bir müddət sonra bu münaqişə mütləq yenidən alovlanmalıydı.

Dağlıq Qarabağa geniş muxtariyyat statusunun tanınması isə sınaqdan çıxarılmış metoddur və bu yolla bu münaqişəni bir dəfəlik həll etmək olardı…

Qərb isə bölgədə demokratik institutların möhkəmləndirilməsi üçün «marşal planı » ilə sülhü və ictimai birgəyaşayış şərtlərini möhkəmləndirə bilər.

Qənimət Zahid