Tovuz döyüşü: suallar və yenə də suallar

Fuad Qəhrəmanlı

siyasətçi

Tovuz istiqamətində Ermənistanla sərhəddə dünən baş verən hərbi toqquşma bir anda ölkə  gündəmini dəyişdi. İnsanlar nə qədər ağır sosial uqtisadi durumda olsalar da, kovid üzündən kütləvi narahatlıq hökm sürsə də, sərhəddəki münaqişə əsas diqqət mərkəzində oldu. Ancaq ictimai narahatlığı artıran səbəblərdən biri də baş vermiş hadisə ilə bağlı, bəzi suallar və qeyri müəyyən məqamların olması idi.
1. Münaqişəni kim başladıb? Əsas cavabsız suallardan biri də budur. Aydındır ki, biz Ermənistanı, ermənilər də bizi ilk olaraq atəş açmaqda iittiham edirlər. O halda ən azı MN düşmən ölkə ilə sərhəd xəttinin əks tərəfində, bizim orduya məxsus UAZ markalı maşının niyə olduğuna aydınlıq gətirməlidir. Təbii ki, döyüş gedə- gedə bu maşın ora gedə bilməzdi. Belə bir maşından kəşfiyyat məqsədi ilə istifadə olunduğunu da idda etmək gülünc olardı. O zaman nə baş verib, hansı səbəbdən bu maşın sərhəddin əks tərəfinə keçib.
2. 10-15 gün olardı ki, Tovuz və Goranboy istiqamətində hərbi toqquşma olacağı ilə bağlı məlumatlar dolaşırdı. Əgər ilkin vaxtlar şayiə kimi görünən, sonradan gerçək çıxan bu məlumatlar var idisə, demək baş verən toqquşma heç də təsadüfü deyil. Əgər belədirsə, o zaman işğal olunmuş ərazilərimiz durduğu halda, bu qarşıdurma niyə Ermənistanla sərhəddə baş verib ? Hətta deyək ki, düşmən ordumuzun qabağından qaçdı, bəs sonra, biz neyləyəcəkdik? Gedib Ermənistan ərazisinə girib özümüzü təcavüzkar, işğalçı dövlət kimi Ermənistanla eyni mövqeyəmi qoyacaqdıq? Bu ki, öz əlimizlə özümüzə vurduğumuz zərbə olardı və siyasi-diplomatik sahədə haqlı ikən, haqsız duruma düşməyimizə səbəb olardı.
Əgər belə deyildisə, o zaman bu hərbi əməliyyatın məqsədi nə olub?
3. Azərbaycan dövləti işğala məruz qalan tərəf kimi, öz ərazilərində antiterror əməliyyatları həyata keçrib torpaqlarını azad etmək haqqına sahibdir. Əgər, hərbi əməliyyat planı hazırlanımışdısa, onda niyə bu əməlliyyat işğal olunmuş ərazilərimizdə keçirilməyib. Yox, bu əməliyyat əvvəlcədən nəzərdə tutulmamışdırsa, bəs onda döyüşlərin başlanacağı ilə bağlı məlumatlar hardan meydana çıxmışdı?
4. Müdafiə Nazirliyində anlayırlarmı ki, müasur savaşlarda informasiya hərbi əməliyyatların tərkib hissəsi hesab olunur? Əgər verilən məlumat doğru deyilsə və ya sən özünü məlumat mənbəyi kimi etibardan salmısansa, o zaman şaiyələr və düşmənin yaydığı məlumatlar yaranmış boşluğu doldurur. Ermənistan tərəfinin itkisi ilə bağlı bizim MN-nin məlumatı ümumi xarakterlidir və konkret say göstərilmir. Ermənilər isə bizim itkilərimizlə bağlı dəqiq məlumat yayıblar. Digər tərəfdən isə, erməni tərəfi itkiləri ilə bağlı Azərbaycan tərəfin idda etdiyi məlumatları təsdiq etmir. Bizdən fərqli olaraq müstəqil mediası, vətəndaş cəmiyyəti olan Ermənistanda itkilərlə bağlı məlumatları gizlətmək faktiki mümkün deyil. O zaman, hərbi rəhbərlik , niyə düşmənin deyil, bizim ağır itki verdiymizə aydınlıq gətirməlidir. Necə ola bilər ki, artilleriya qurğularından idtifadə edib o qədər hərbi sursat sərf edəsən, saatlarla atəş açasan ancaq bir düşmən əsgəri də məhv edə bilməyəsən? Bunun adı nədir, təxribat, yoxsa tamaşa? Belə bir hərbi uğursuzluğun insanlarda hansı əhval ruhiyyə yaratdığını təsəvvür etmək heç də çətin deyil.
5. Bu hərbi toqquşma nəyə görə məhz hər iki ölkədə kovidlə bağlı vəziyyətin günbəgün ağırlaşdığı, iqtidara qarşı sosial narazılığın kəskinləşdiyi bir dönəmdə baş verir. Axı cəmiyyətin maddi psixoloji durumunun kəskinləşdiyi, ölkə iqtisadiyyatının tənəzzül etdiyi bir vaxt hərbi əməliyyatlar üçün ən əlverisiz məqam hesab olunur. O fikirlər də var ki, burada əsas məqsəd elə diqqəti mövcud problemlərdən yayındırmaqdır. Odur ki, qarşıdakı günlərdə bu məsələyə də aydınlıq gətirilməlidir.