Azadlıq

Səday Şəkərli 

Ətirli nəfəsdir, havadır, sudur,
Azadlıq cam dolu qırmızı meydir,
Əsarət nə boyda can qorxusudur,
Azadlıq o boyda candan gileydir!

Qan boğub min illər azadlığı, qan,
Qoz sınıb başında susan yoxsulun,
Bircə gün məst olsa azadlığından,
Gül açar çöhrəsi qırx illik qulun.

Azadlıq səndəlin, azadlıq çuxan,
Azadlıq köksündə çırpan ürəkdir,
Daşların içindən fınxırıb çxan,
Könüllər güldürən güldür, çiçəkdir.

Küləklər azaddır mənsəbdən, dindən,
Var tufan, var yağış, qar azadlığı.
Əbədi qurtular köləliyindən,
Kimin bu dünyada var azadlığı.

Aləmin seyrində göz xumar-xumar,
Sinələr güllədən dəlik-dəlikdir,
Harda azadlıq var, məhəbbət də var,
Azadlıq eşqdir, eşq-divanəlikdir!