Sınmır?

Rüfət Səfərov

Yəqin bu dəqiqələrdə Niyaməddinin əllərini və qollarını bağlayıb, dəyənəklə dabanlarına və yumşaq ətinə vəhşicəsinə zərbələr endirirlər.

Sınmır!

Arada “tok” a verirlər.

Sınmır!

Ayaqlarından asıb, başına, üzünə zərbələr endirirlər.

Sınmır!

Başını içi su ilə dolu iri vedrəyə soxub, son nəfəsinədək orada saxlayırlar.

Sınmır!

Yəqin mənim kimi lüt soyundurub, tualetdə elədən-elə, belədən-belə sürüyürlər…bəlkə də bu saniyələrdə üstü-başı tam nəcisə və sidiyə bulaşıb…

Sınmır!

Yəqin mənim kimi “butulka” ya otuzduracaqları ilə hədələyib, şampan şüşəsini göstərirlər.

Sınmır!

Niyaməddin, bu an otağın bir küncündə oturmuşam.

Açığı, bu sətirləri yazarkən ağladım da… Amma əminəm ki, sənin gözlərindən bir damcı belə düşməyib. Vəhşətin qarşısında…

İçimdə bir özümlə, bir də Allahla danışıram. Ulu Tanrıya deyirəm ki, möcüzə yaratsın ki, elə bu saniyə bu sözlərimdən hali olasan:

Niyaməddin, bilirəm, son dərəcə möhkəmsən, olduqca cəsursan. Hətta o həddə ki, bu qədər işgəncə və olmazın qeyri-insani rəftarın qarşısında səsini belə çıxartmırsan, eləcə dişlərini qıcayırsan.

Amma qardaş, yazmışdım, sən də oxumuşdun.

Qətiyyən səssiz qalma, “Ay ana! Ay ana! Ay ana!”, yalnız “Ay ana!!!” bağır, hayqır!

Səssiz qalma, qardaş.

Elə et ki, bağıranda ağzını betona dirəyəsən… Belədə “Ay ana!”, – deyə fəryad etməyin kəskin bir nida şəklində betonu deşib, rahatlıqla torpağa yeriyəcək, anında səcdədə olan ananın ağzından çıxan dualarla toqquşub, yenidən sənə dönəcək…

Dediyim və yazdığım kimi, axı torpağın da nəbzi var…

Anan mütləq xəbərdar olacaq…

Bütün müsbət yüklü enerjisini sənə göndərəcək.

İnan ki, qardaş, belə etsən, ətini də doğrasalar, heç nə vecinə olmayacaq.

Amma nə etməli ki, bütün baş verənlərin qarşısında cəmiyyət süstdür.

Fəqət belə getməyəcək.

Əmin ol.

Elə belə də möhkəm ol.